4129
18:02
07 Noyabr 2019

Xəzərdə “buz müharibəsi”, 13 metrə qalxan dalğa, qeyb olmuş 21 bakılı – BİR «MÖCÜZƏ"NİN TARİXİ

Ora “Möcüzələr adası” da deyirlər, “7 gəmi adası” da. Bəzən “Dünyanın səkkizinci möcüzəsi” də adlandırırlar. Amma bütün dünya onu “Neft Daşları” kimi tanıyır. Bakıdan 110 kilometr aralıda yerləşən dənizin bu yerində qara qayalıqlar olduğu üçün “Qara daşlar”ın “Möcüzələr adası”, “Dünyanın 8-ci möcüzəsi” adını qazanmasından isə 70 il ötür.

Hə, məhz bu gün, 1949-cu il noyabrın 7-də “Qara daşlar”da yatağın 942 metr dərinliyindən neft fəvvarə vurur və bununla da dənizdə neftçıxarmanın əsası qoyulur.

Bir il əvvəl gəlmişdilər əslində bakılı neftçilər oralara. Məşhur geoloq, sonradan SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucov 1948-ci il noyabrın 14-də yağışlı, tufanlı bir gündə “Pobeda” gəmisində 23 nəfərdən ibarət qrupla gəlir, ora. Onlar burda ilk qazma qurğusu qazıb və sadəcə daldalanmaq üçün kiçik ev tikirlər. Sabit Orucov, Ağaqurban Əliyev və qazmaçı Yusif Səfərovun təklifi ilə əlavə xərclərə və iş qüvvəsinə yol vermədən Bakı Gəmi Təmiri Zavodundan istifadədən silinmiş daha 7 gəmi buraya gətirilərək qrunta batırıldı. Bu səbəbdən də həmin illərdə burada “Yeddi gəmi adası” ifadəsi işlədilir.

1949-cu il iyunun 24-də “Neft Daşları” rayonunda birinci kəşfiyyat quyusunun qazılmasına başlandı. Quyu istismar müddəti keçmiş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 942 metr dərinlikdə qazılır. Noyabr ayının 7-də quyu gündəlik 100 ton olmaqla neft fontanı vurur.

İkinci quyunun qazılmasına isə 1949-cu il dekabrın 19-da başlanıldı və 1950-ci ilin birinci yarısında bu quyudan da neft fontan vurdu. Və bununla da “Neft Daşları”ın nəhəng neft ehtiyatlarının mövcudluğu sübuta yetirdi. 1951-ci il fevralın 18-də neftlə dolu ilk tanker “Neft Daşları”ndan yola salındı.

“Neft Daşları” fəaliyyətə başladığı gündən ötən 70 ildə “Neft Daşları”, “Palçıq Pilpiləsi” yataqlarından 186 milyon tona yaxın neft və 15 milyard kubmetrə yaxın qaz hasil olunub. Ümumilikdə, 2286-ya qədər quyu qazılıb, 180 kilometrdən artıq estakada salınıb, 333 istehsal meydançası quraşdırılıb, yüz kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib.

“Neft Daşları” öz tarixi boyunca uğurlar, qələbələr, sevinclərlə bərabər faciəli hadisələr, fırtınalar, qəzalar da görüb. 1953-cü ilin qışında Xəzərdə təbiətin nadir, faciəli hadisəsi yaşandı. Dənizin şimal hissəsində havanın gözlənilmədən istiləşməsi nəticəsində nəhəng buz sahələri əsas hissədən qoparaq küləyin təsirilə cənuba tərəf yönəldi. Əvvəlcə buzların Abşeron yataqlarına çatacağına heç kəs inanmayıb. Çünki arada 100 kilometr məsafə vardı. Lakin alınan məlumatlar göstərdi ki, buzlar Artyoma (Pirallahıya) yaxınlaşır. Çox keçmədi ki, bu rayonlarda əsl “buz müharibəsi” başladı və iki həftəyə qədər davam etdi. Estakadalar uçmağa başladı. Dəvət olunmuş hərbiçilər dinamitlərlə iri sahələri partladır, kiçik hissələri dayaqlar arasından keçirirdilər. Lakin buzun hücumu ara vermirdi. 300–400 metr estakadalar, üzərində boru kəmərləri və kabel güc xətləri, işıqlandırma dayaqlar və fəaliyyətdəki quyuları olan meydançalar dənizin dibinə qərq olurdu. Lakin neftçilər qabaqcadan quyuları bağlayıb, dənizə neft axmasının qarşısını ala bilmişdilər.

4 il sonra -1957-ci ilin noyabr ayının 20-dən 21-nə keçən gecə “Neft Daşları” tarixində ən faciəli gün kimi yaddaşlara həkk olur. Həmin fırtınalı gündə küləyin sürəti 44 m/san, dalğanın hündürlüyü 13 metrə çatır. Bir sıra qurğular, kommunikasiya xətləri, estakada və estakadayanı meydançalar dağılır. Fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Mixail Kaveroçkini və onun briqadasını - Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevi və başqalarını dənizdə batırır. “Neft Daşları”nda hər il noyabr ayının 21-də həlak olmuş 21 nəfər neftçinin xatirəsini yad etmək məqsədilə 21 ədəd gül dəstəsi dənizə buraxılır.

“Neft Daşları” indi də neft sənayesində önəmli mövqe tutur. Və Azərbaycanın qürur yerlərindən biridir.

Mütəxəssislərin fikrincə, hələ bir neçə onillik buradan neft çıxarıla bilər. Amma bu möcüzəli adanın infrastrukturunu təzələmək üçün külli miqdarda vəsait və vaxt lazımdır.

Vaxt isə gözləmir, “Dünyanın 8-ci möcüzəsi”ni – “Neft Daşları”nı...