393
11:17
06 Noyabr 2019

“Şamaxinka”dakı yerüstü piyada keçidi nə vaxt hazır olacaq? - VİDEO

Paytaxtın şimal qapısı - “Şamaxinka” adlanan ərazidə yeni yerüstü piyada keçidi inşa edilir.

APA TV-nin məlumatına görə, inşaat işlərini İtaliya şirkətlərindən biri aparır.

Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində inşa edilən, hündürlüyü 5 metrdən artıq olan piyada keçidinin uzunluğu 130, eni 3 metrdir. Keçidin 3 giriş-çıxışı var.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, bu keçidin asma tipli piyada keçidi kimi inşa olunması nəzərdə tutulub: “Piyada keçidinin tikintisi agentlik tərəfindən həyata keçirilir. Lakin asma keçidi saxlamaq üçün nəzərdə tutulan troslar ilin sonuna kimi xaricdən gətiriləcək. Bundan sonra keçidin hərəkət hissəsində müəyyən işlər görüləcək. Eyni zamanda keçidin ətrafında betonlanma və interyer işlərinin aparılması nəzərdə tutulur. İnşaatın ərazidə olan yeraltı tunelə hər hansı zərər yetirməməsi üçün dayaqlar asma troslarla əvəzlənib. Yəni piyada keçidinə orta dayaqlar quraşdırılmayacaq”.

Yeni piyada keçidi paytaxtdakı digər keçidlərdən fərqlənəcək: “Uşaq arabaları ilə hərəkət edənlərin, yaşlı insanların rahatlığı naminə keçiddə hər iki tərəfdən liftlər quraşdırılacaq. Keçidin giriş-çıxış hissəsinin bir tərəfində pilləkənlər dönmə bucağı ilə inşa ediləcək. Digər tərəfdə isə bu mümkün deyil. Buna səbəb ərazidə olan obyektlərdir”.

Qurum rəsmisi deyir ki, vətəndaşların avtomobil yolunu daha rahat və təhlükəsiz keçə bilməsi, eyni zamanda ərazidə tıxacın aradan qaldırılması üçün salınan yeni piyada keçidinin 2020-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda paytaxtın müxtəlif ərazilərində yerüstü və yeraltı 7 piyada keçidi inşa edilir. Bunların ikisində tikinti işləri artıq yekunlaşıb, 5 keçiddə işlər davam etdirilir.