3419
20:15
01 Noyabr 2019

Kommunist liderə yox deyən, sevgilisini itirən nakam Azərbaycan gözəli - HƏYAT HEKAYƏTİ

Dörd ay vardı, ananın gözləri yol çəkirdi

Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi...

Hələ başqa dərdimizin olmadığı – yalnız İkinci dünya müharibəsini kinolardan, kitablardan bildiyimiz və onu ağır dərd hesab etdiyimiz illərdə bu şeiri bir aktrisanın ifasında çox sevərdik. O qədər sevərdik ki, o qadın bizim üçün “Ana və poçtalyon”un obrazı deyildi, özü idi...

***

1980-90-cı illərdə Azərbaycan televiziyasında bir yaşlı aktrisa çıxış edərdi. Yaxşı qiraətçi idi, ən çox sevilən də onun ifasında Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri olardı. Aktrisa da bunu bilirdi deyəsən, o şeiri tez-tez deyərdi. Qaltanlı, məlahətli səsi üçün yazılmışdı elə bil o şeir.

Vera Karlovna Şirye. Səməd Vurğun adına Rus Dram Teatrının aktrisası, Azərbaycanın xalq artisti.

Vera Şirye 1915-ci ildə yanvarın 31-də Bakıda dünyaya gəlib. Tale elə gətirib ki, Vera milliyyətcə latış olan atası Karl Petroviç Şiryeni heç görməyib. Atası Birinci Dünya müharibəsində həlak olandan sonra anası azərbaycanlı ilə ailə qurub.

Atalığı Səttarov Mirzə Səttar oğlu Veranı doğma qızı kimi tərbiyə edib. Onda yalnız Azərbaycan mədəniyyətinə, teatrına deyil, Azərbaycan dilinə də sevgi aşılayıb. Sonra Veranın bir bacısı da olub. Adını Leyla qoyublar. Qızlar çox mehriban olublar, bir-birilərini çox seviblər. Leyla ixtisasca həkim idi, həm də əməkdar həkim. Azərbaycan Ali Sovetinin ilk qadın deputatı olub.

Veranın atalığının yaxşı səsi varmış. Özfəaliyyət dərnəyinin üzvü imiş. Veranı da özü ilə həmin dərnəyin məşqlərinə aparırmış. Bülbüllə dostluğu olduğundan qızı ilə tez-tez Opera teatrına onun tamaşalarına gedərmişlər. Bu gedişlə Vera hələ uşaq yaşlarından indiki Rus Dram, o vaxtkı Bakı Fəhlə Teatrında işləməyə başlayıb.

Gəncliyi müharibə illərinə düşən aktrisa hərbi hissələrdə, sənaye obyektlərindəki çıxışları ilə püxtələşmişdi. Həmyaşıdlarının hekayətlərindən bəlli olur ki, Vera Şirye çox yumşaq, kövrək insan olub. Hamıya gücü çatdığı qədər yardım edər, köməyə gələrmiş.

Yaradıcılığının qaynar illərində qaynar nöqtələrdə çıxışlar edib. Bəlkə ona görədir ki, “Ana və pçtalyon” şeiri onun dilindən bu qədər təsirli alınırdı. Şeirdə nəql edilən hekayət onun ətrafında baş verənlər, yaşantlarıdır.

Veranın oxuduğu şeirlər onun dilindən o qədər həlim, məlhəm, inandırıcı olurdu ki, döyüşə gedən əsgərlərdə qələbəyə böyük inam, ümid yaranırdı.

Təkcə cəbhə bölgələrində çıxışlarla kifayətlənməzmiş aktrisa əsgərlərin yazıb evlərinə çatdırmaq üçün ona verdikləri məktubları əlbəəl evlərinə, sahibinə çatdırarmış. Xüsusən də Bakılıların məktublarını.

Bir dəfə əfsanəvi İosip Broz Tito (Yuqoslaviyann prezidenti) onu müharibə vaxtı əsgərlər qarşısında çıxış edərkən görüb və bəyənir. Aktrisaya Yuqoslaviyada qalıb “Zabitlər evi”nə rəhbərlik etməyi təklif edir. Belqraddakı “Zabitlər evi”ndə. Aktrisa Bakıdan ayrı qala bilmədiyini deyib, təklifi qəbul etmir.

Vera Karlovna Moskvada qələbə bayramında çıxış etmək xoşbəxtliyini də görüb. Amma o çıxış vaxtı, göz yaşları ilə sevinc onun simasında bir-birinə qarışıbmış. Həmin vaxtlar Vera sevgilisi Petyanın qara kağızını almışdı. Qələbəsini yaşadığı müharibə onun ən sevimli adamını əlindən almışdı, o adam yox idi artıq - müharibə başa çatmışdı, amma onsuz.

Ondan sonra bir daha heç kimə qəlbini verə bilmədiyindən onu bütünlüklə teatr sahəsinə verir aktrisa.

Həmin vaxtlar aktrisa artıq yalnız Rus Dram teatrının aktrisası deyildi, Azərbaycanın tanınmış aktrisası idi.

Yaratdığı obrazlar arasında Nadejda Durova ("Nadejda Durova" pyesi, Koçetkov), Laurensiya ("Fuente ovexuna", Lope de Veqa), Melanya ("Günəşin uşaqları" Qorki), Ana ("Bütün oğullarım", Miller), Şəhrabanu xanım ("Müsyö Jordan, botanik alim və dərviş Məstəli şah, məşhur cadugər", M. F. Axundzadə), kraliça Yelizaveta ("Mariya Stüart", Şiller), Tereza ("Terezanın ad günü", Mdivani) və başqaları vardı artıq.

200-dən artıq rol oynamışdı, amma Yelizaveta ("Mariya Stüart", Şiller) obrazı onun səhnədə ən uğurlu rolu idi.

Bir dəfə Moskvada bu tamaşanı oynamışdı. Bakıdan məhz o tamaşanı Moskvada oynamaq üçün yollananda Vera Şirye özünə o qədər də güvənmirdi. Moskva tamaşaçısı bu obrazı çox tanınmış aktrisaların ifasında görüb. Həmin vaxt isə Rusiya teatrının çoxdan Yelizaveta kimi qəbul edilmiş aktrisası Anqelina Stepanova oynayırdı.

Şiryenin Yelizavetası Moskva tamaşaçısında çox böyük təəssürat oyatdı. Bunu görən Anqelina Stepanova “Sizin də öz Yelizavetanız oldu” - deyib Veraya.

Vera isə öz növbəsində onu Bakıda teatrda bu tamaşanı oynamağa dəvət edib. Aktrisanı geri Moskvaya yola salanda isə Vera Şirye ona bir dəst bahalı ətir verir və üstündə yazdırır: “İngiltərə şahzadəsinə Bakı şahzadəsindən”.

Bakı şahzadəsi idi həqiqətən. Onu hamı tanıyırdı və sevirdi. Onun Azərbaycan sevgisi bütün Azərbaycanın onu sevməsi ilə qarşılığını almışdı.

"Qırmızı Ulduz", "Qafqazın müdafiəsi uğrunda" medalları, "1941-1945-ci illərdə Vətən müharibəsində şücaətli əməyə görə", habelə ölkə rəhbərliyi və cəbhə komandanları tərəfindən çoxsaylı fərman və təşəkkürnamələrə layiq görülüb.

Müstəqil Azərbaycanda "Xalqlar Dostluğu" və "İstiqlal" ordenləri ilə təltif edilib. O, Azərbaycan Prezidentinin ömürlük təqaüdünə layiq görülən ölkənin mədəniyyət və incəsənət nümayəndələrinin birincilərindəndir.

Vera Şiryenin 85 illiyində ölkə rəhbəri Heydər Əliyev onu telefonla şəxsən təbrik edib. Heydər Əliyevin məktubundan: "Bizim respublikamızda zəngin ənənələrə malik olan rus teatrının nail olduğu uğurlarında sizin xidmətləriniz böyükdür. Bu teatrın səhnəsində siz, müxtəlif qütblərdən ibarət olan və bir-birindən qəti surətdə sezilən, hətta teatr cərəyanlarını öz yaradıcılığınızda böyük ustalıqla birləşdirə bilmisiniz. Məhz bunun sayəsində siz ifanızın ustalığı və orijinallığına görə ədəbi teatr tariximizə daxil olan klassik obrazlar yarada bildiniz. Sizin Azərbaycan-rus mədəni əlaqələrinin sarsılmaz inkişafında zəhmətiniz yüksək qiymətə layiqdir".

Azərbaycan SSR-in xalq artisti Vera Şirye 2003-cü il mayın 1-də 88 yaşında Bakıda dünyasını dəyişib. Fəxri Xiyabanda dəfn edilib.

***

Dörd ay vardı, ananın gözləri yol çəkirdi

Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi...

Hələ başqa dərdimizin olmadığı – yalnız İkinci dünya müharibəsini kinolardan, kitablardan bildiyimiz və onu ağır dərd hesab etdiyimiz illərdə bu şeiri bir aktrisanın ifasında çox sevərdik...