611
09:05
01 Noyabr 2019

Səssiz gələn ölüm - Qazdan zəhərlənməmək üçün NƏLƏRİ bilməliyik?

Dəm qazından zəhərlənmə ilboyu davam etsə də, havanın nisbətən soyuması hadisələrin sayını artırır. Noyabr ayı başladı. Dəm qazı problemindən qorunmaq üçün nələrə əməl olunmalıdır?

Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Lent.az -a bildirib ki, il başlayandan bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı mərkəzə 150-yə yaxın müraciət olub. Onların 12-si uşaqdır.

Həkim qeyd edib ki, dəm qazından zəhərlənmənin insan üçün çox ciddi fəsadları var və bu cür zəhərlənmələrin ən təhlükəli tərəfi insanın dəm qazı sızmasını hiss etməməsi və asanlıqla huşunu itirməsidir.

Bəs dəm qazı ilə zəhərlənməni hansısa əlamətlərdən necə bilmək olar?

A.Maqsudov bildirib ki, dəm qazı ilə zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, hava çatışmazlığı, ürək döyüntüsü, qusma kimi əlamətlər meydana çıxır: “Daha ağır zəhərlənmə olanda isə qıcolmalar, huşunu itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Zəhərlənmə zamanı həyəcanlanmadan ilkin tədbirlər görmək lazımdır. Əvvəlcə zərərçəkəni dərhal açıq havaya çıxarmaq, bədənin hərarəti düşdüyü üçün soyuqdəymə olmaması üçün xəstənin üstü örtülməlidir. Huşu yerində olarsa, isti içki vermək lazımdır. Qan təzyiqini nəzarətdə saxlamaq vacibdir.
Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. Bacaran olarsa, süni nəfəs verə bilər. Təcili olaraq tibbi yardım çağrılmalıdır, çünki fəsadlaşma çox olur”.

Həkim bildirib ki, əgər zərərçəkən komaya düşərsə, müalicəsi bir həftə, on gün hətta bir aya qədər çəkə bilir: “Nitq, hərəkət pozğunluğu, əzələ zəifliyi kimi fəsadlar yaranır. Fəsadlaşma ciddi olursa, müalicəni sonrakı vaxtlarda da davam etdirmək lazım gəlir”.

Zəhərlənmələrin çoxunun hamam otağında baş verdiyini deyən həkim, qarajda- avtomobilin içində hadisənin baş verməsinin az hallarda olduğunu vurğulayıb: “

Hamam otağında nəfəslik açıq olmalıdır. Otaqda dəm qazı ilə bağlı əlamətləri hiss edən kimi mühitdən çıxmaq lazımdır. Qaz sayğacı olan yerlərdə qazın sızdığını hiss edən cihazların quraşdırılması lazımdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, əhali qazın qiymətli olması ilə yanaşı, onunla birlikdə əzrayılın da qapını döydüyünü unutmamalıdır: “Qazla ehtiyatlı davranmaq lazımdır. Bu sahədə problemlərdən biri də qanunvericilikdəki boşluqlardır. Vətəndaşlarla Dövlət Neft Şirkətinin bağladığı müqavilələrdə yalnız istehlakçının vəzifələri var. Təchizatçının heç bir öhdəliyi yoxdur. Təchizatçı iş görürsə, qazı kəsə bilər və heç kim buna cavabdehlik daşımır. Neçə illərdir ki, dəm qazından baş verən insan ölümlərində heç bir təchizatçının günahkar çıxdığını görmədik”.

AİB sədrinin sözlərinə görə, müqavilə təkmilləşdirilməli, qazın kəsilməsi, fasilələrlə verilməsi qadağan olunmalı, təchizatçının üzərində müəyyən öhdəliklər olımalıdır.

O qeyd edib ki, əhali çox zamanlar boğulmanın günahını qaz peçlərində görür: “Əslində İrandan gətirilən qaz peçləri standartlara uyğundur. Qazın təzyiqi aşağı olduğu üçün orada olan xüsusi dəliyi genişləndirirlər və boğulmalar baş verir. İnsanlar bilməlidir ki, boğulma bir anda baş verir və hiss olunmur. Ona görə yeni cihazlar alanda quraşdırılması üçün peşəkar adamlara müraciət etsinlər”.

E.Hüseynov bildirib ki, çox vaxt rayondan gəlib ev kirayə edən insanlar dəm qazı problemi ilə üzləşir: “Buna görə insanlar qazla davranma qaydalarını mütləq bilməlidirlər”.