1004
17:56
25 Oktyabr 2019

Vurğun kimi yaşamaq və ölmək...

Onunla jurnalistikaya yeni gəldiyim vaxtlarda əyani tanış oldum. Bu tanışlığımıza qədər isə bir çox azərbaycanlılar kimi, mən də onu qiyabi tanıyırdım. Təkcə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, Azərbaycanda test inqilabının banisi kimi deyil, həm də milli-azadlıq hərəkatının liderlərindən biri və bu hərəkatın lokomotivlərindən olan “Çənlibel” birliyinin sədri Vurğun Əyyub kimi...
Tanışlığımızdan az sonra tale elə gətirdi ki, iş yerimi dəyişdim və eyni binada çalışmağa başladıq. O, Müsavat Partiyasının baş katibi idi, mən isə “Yeni Müsavat” qəzetinin əməkdaşı. Bu səbəbdən gündə bir neçə dəfə üz-üzə gəlir, vaxtımız olanda söhbətləşirdik. Daha doğrusu, biz onu dinləyirdik. Əhval-ruhiyyəsi yaxşı olanda şeir deməsini xahiş edirdik. Xahişimizi yerə salmayanda sözünə həmişə Məmməd Arazla başlayırdı. Çox sevirdi onu. Açıq etiraf edirəm ki, məndə Məmməd Araz sevgisi də Vurğun Əyyubu dinlədikcə yaranıb. Söylədiyi şeirlərin bədii təhlilini verməsi də bir başqa aləm idi.
Bu arıq, qarayanız, çəlimsiz və ilk baxışda sərt görünən adamın yumor hissi də orijinal idi. Həmişə zarafatla deyərdim ki, “qoymayın saçlarınız ağarsın, çünki həmişə qarasaçlı gördüyümüz adamın saçlarının ağarması bizim də qocalmağımız demək olacaq”. Saçları 50-dən sonra ağarmağa başlayanda zəng edib demişdi ki, “hazırlaş, saçları ağaran mənəm, qocalan sən”.
Nə zamansa “Yeni Müsavat”da çalışan, bu redaksiyadan yolu keçən hər kəs təsdiqləyər: Vurğun Əyyub qəzetdə xoşuna gələn hansısa yazı ilə bağlı fikirlərini müəllifə mütləq bildirər, “filan cümləni filan cür yazsaydın, daha yaxşı olardı” tipli tövsiyələrini verərdi.
Onun “ziyalı” anlayışına münasibəti də fərqli idi. Bizi – yeniyetməliyi SSRİ dövrünə düşmüş gəncləri sovet televiziyalarının ziyalı kimi təqdim etdiyi bütün şəxsləri aydın kimi qəbul etməməyə, onların əməllərini təhlil süzgəcindən keçirməyə çağırırdı.
Allah onu müəllim yaratmışdı. Danışmaqdan, öyrətməkdən yorulmurdu.
Allah onu ədəbiyyatçı yaratmışdı. Azərbaycan və dünya ədəbiyyatının mahir bilicisi idi.
Allah onu alim yaratmışdı. O qədər dərin savada malik idi ki, elmlə məşğul olsaydı, qısa müddətə adının önündə akademik titulu yazdıra biləcəkdi.
Allah onu qiraətçi yaratmışdı. Söylədiyi şeirlərdən, etdiyi söhbətlərdən doymaq olmazdı.
Və bütün bunlardan sonra onun siyasətə niyə gəldiyini düşünərdik. “Görəsən, siyasətdə nə işi var? Axı çox böyük alimdir, elmimizə töhfələri daha böyük ola bilərdi” kimi düşüncələrimizin cavabını da özümüz verərdik: “Bəs onda “Çənlibel”in sədri kim olardı, Azərbaycanda ali məktəblərə qəbulda test üsulunu kim tətbiq edərdi?” Doğrudan da, bu gün geriyə dönüb onun 62 illik ömrünə nəzər salanda bircə həqiqəti dərk edirsən: Vurğun Əyyub Tanrının taleyinə missiya yazdığı adam idi və onun yeganə missiyası Azərbaycanda test üsulunu tətbiq etmək idi.
İndiki gənclər test üsulunun Azərbaycanda tətbiqinin hansı çətinliklər hesabına başa gəldiyini bilmirlər. Onlara məsləhət görürəm ki, “Youtube”da Vurğun Əyyubun 2017-ci ildə Xəzər Universitetində keçirilmiş 60 illik yubiley tədbirində professor Bədirxan Əhmədovun çıxışını diqqətlə dinləsinlər. Bədirxan müəllim çıxışında deyir ki, Vurğun bəyin çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri belə “tələbə qəbulunda pul qazanmaq imkanımızı, çörəyimizi əlimizdən aldın” düşüncəsi ilə onu söyürmüşlər. Dərslərini əvəz edən müəllim yoldaşına isə rektorluq təzyiq edirmiş ki, Vurğun Əyyubu əvəz etmə, qoy dərsləri boş keçsin ki, biz də onu işdən çıxaraq. Təsəvvür edirsinizmi - ilk test imtahanı zamanı doğma bacısına belə güzəştə getməyən Vurğun Əyyubu hətta çalışdığı kollektiv belə test üsulunun tətbiqinə görə lənətləyirdi...
Son görüşümüz mayın 28-də oldu. Anar Əsədlinin təşəbbüsü ilə dostları Respublika Gününü bəhanə edərək məclis qurdu, Vurğun Əyyubu da dəvət etdilər ki, hərəkat xatirələrini bölüşsün. Gecə saatlarına qədər davam edən məclisi heç kəs tərk etmək istəmirdi. Sanki hamımız bunun Vurğun bəyin ictimaiyyət arasına sonuncu çıxışı olduğunu bilirdik. O məclisdən yadigar qalan isə dediyi şeirlərin telefonla çəkilən və bu gün də sosial şəbəkələrdə paylaşılan videoları oldu.
Azərbaycan cəmiyyəti Vurğun Əyyubu vəfatından sonra yenidən kəşf etdi. Bu itki siyasi mövqeyindən və sosial mənşəyindən asılı olmayaraq, hər kəsi yasa boğdu. O, həm də son mənzilə sazla uğurlanan yeganə Azərbaycan siyasətçisi kimi tarixə düşdü.
Vurğun Əyyub şəxsən mənim həyatımda 27 il yer aldı ki, bunun da 21 ili əyani dostluq oldu. Bütün Azərbaycanın həyatında isə onun imzası hələ uzun illər qalacaq. Ən azı ali məktəblərə qəbulda testdən daha mükəmməl üsul kəşf olunana qədər...