Azərbaycanda narkoman qadınların, yeniyetmələrin sayı <span style="color:red;">ÇOXALIR : <span style="color:red;">Səbəb AÇIQLANDI
18 oktyabr 2019 10:27 (UTC +04:00)

Azərbaycanda narkoman qadınların, yeniyetmələrin sayı ÇOXALIR: Səbəb AÇIQLANDI

“Maarifləndirmə deyəndə hələ də bir çoxları 30-50 il bundan qabaqkı metodlar barədə düşünür”.
 
Bu sözləri Lent.az-ın suallarını cavablayan sosioloq Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, ötən illərdə aparılan metodları yenidən tətbiq etmək mümkün deyil:
 
 
“Əvvəllər uğurlu olan maarifləndirmə hazırda cəmiyyətdə işləmir. Cəmiyyət günü-gündən qloballaşmanın təsiri altında mürəkkəbləşir və artıq o metodlarla maarifləndirmə arzu olunan nəticəni verə bilməz. Əvvəlki illərdə insanlar mətbuata, televiziyaya inanırdılar, ancaq indi buna  inam yoxdur. Hazırda insanların özləri müxtəlif üsullarla informasiyanı ala bilirlər. Hər şey kifayət qədər dəyişib”.
 
Ə.Qəşəmoğlu deyib ki, indiki dövrdə ancaq maarifləndirmə elmi əsaslarla, xüsusi texnologiyalarla qurularsa, uğurlu ola bilər:
 
“Texnologiyasız hazırda maarifləndirmə işi aparıla bilməz. Maraqlıdır ki, dünyada illərdir ki, sosiologiya, sosial iş və onlarla elm sahələri inkişaf edir ki, bunların köməkliyi ilə cəmiyyətdə gedən proseslərə təsir edilsin. Bizdə isə bununla addımlar belə atılmır.
 
Məsələn, teleseriallar adi film deyil. Teleserial əhalinin mentalitetində, davranışında müəyyən dəyişiklər etmək üçün xüsusi texnologiyadır. Yüzlərlə seriyada cərayan edən hadisələr insanların alt şüurunda dəyişikliklərin baş verməsinə səbəb olur. Sözügedən texnologiyadan düşmən də istifadə edə bilər, dost da. Teleseriallar düşmən əlində zəhər, dost əlində isə dərmandır. Bizdə isə serialları çəkənlər bunun texnologiya olduğundan xəbərsizdirlər və hazırlanan teleseriallar isə naşı, savadsız əczaçının bir-birinə qarışdırdığı qorxulu bir qarışıma bənzəyir. Ucuz, səviyyəsiz süjetlər körpələrin, gənclərin beynində mənəvi narkotika rolunu oynayaraq sistemsizlik yaradır. Buna görə də hər çəkilən teleserialı efirə buraxmaq məsuliyyətsizlikdir. Düşünürəm ki, teleserialları yalnız xüsusi kurslar keçib, həqiqi mütəxəssislər tərəfindən həqiqi sertifikat alanlar çəkməlidir”.
 
Sosioloq qeyd edib ki, yeni texnologiyalardan təhsil sistemində də istifadə etmək lazımdır:
 
“Yaponiyada düşünülür ki, hər bir şəxs 5 yaşa qədər formalaşır. Orada 1, 2, 3, 4, 5 yaşlara qədər hansı işlərin görülməsinin lazım olduğu qabaqcadan bilinir. Bizdə isə uşaqla, gənclərlə işin necə qurulmasını bilmirlər.
 
Ümumiyyətlə, hər bir davranışın formalaşmasında 4 əsas amil (insanların fitrəti (potensialı, daxili aləmi), ətraf mühit, insanın adlığı informasiyalar və üstünlük verdiyi dəyərlər) rol oynayır. Bildirilir ki, qadınlar arasında narkomanların sayı artır və sözügedən say rəsmi qaydada hesablanır. Nəzərə almalıyıq ki, bununla bağlı qeyri-rəsmi məlumatlar nəzərə alınmır və sayıla da bilmir. Hazırda hamı narkotikin də, siqaretin də zərərlərini bilir, ancaq uzaq durmaqdansa, istifadəyə davam edir. Biz bütün səbəbləri qeyd etdiyim 4 komponentlə axtarmalıyıq”.
 
Ə.Qəşəmoğlu əlavə edib ki, hazırda insanlar tərəfindən mənəvi dəyərlər sıxışdırılaraq, məhv olur:
 
“Əvvəllər insanlar üçün mənəvi dəyərlər üstün idi və bu dəyərlər prosesləri ahəngdar şəkildə tənzimləyirdi. İndi isə belə deyil. Bütün bu xoşagəlməz vəziyyətlərdən çıxış üçün isə nə qədər təkliflər səsləndirsək də, bunlar çarə deyil. Belə vəziyyətdə ancaq elmi təminat əsasında fəaliyyət proqramı, yol xəritəsi hazırlanmalıdır. Burada da qanunvericilikdə dəyişikliklər edilməli, inzibati metodlar həyata keçirilməli, eləcə də həqiqi maarifləndirmə yolları müəyyənləşməlidir. İndiki vaxtda bunlar edilməlidir.
 
Biz elə texnologiyalar qurmalıyıq ki, insanların  daxili potensialı hərəkətə gəlsin və özləri xoşagəlməz hallara qarşı mübarizə aparsın. İndiki vaxtda yönləndirmə ilə nəyəsə nail olmaq olmaz, ancaq təəssüf ki, bununla bağlı ölkəmizdə iş getmir”.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Narkoloji Mərkəzin direktoru Araz Manuçəri bildirib ki, hazırda ümumi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 32 min nəfərdir:
 
“Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur. Narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir. Son illərdə isə opioid istifadəçilərinin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb. Narkotik istifadəçiləri ölkələrdən çox dərman atmağa üstünlük verirlər
 
Həmçinin Azərbaycan Narkoloji Dispanserdə 300 narkotik istifadəçisi olan qadın, 50 nəfərə yaxın yeniyetmə rəsmi qeydiyyatdadır".
# 1319
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar