Sibirə acı xəbər, ata həsrətli Florentina... – <span style="color:red;">Səbuhi Məmmədlidən yeni layihə:  <span style="color:red;">“HARADASAN?”
10 oktyabr 2019 17:27 (UTC +04:00)

Sibirə acı xəbər, ata həsrətli Florentina... – Səbuhi Məmmədlidən yeni layihə: “HARADASAN?”

 

Yer üzündə elə bir insan tapa bilmərik ki, həyatında ayrılıqlara olmasın. Ayrılıq - insanı insana, insanı məkana, insanı hətta zamana belə həsrət qoyur. Dağılmış həyatlar, parça-parça olmuş talelər doludur dörd tərəfimizdə. Və ömründən ayrılıq rüzgarı keçmiş hər kəsin dilində təkrar-təkrar pıçıldadığı bir haray var: HARADASAN?

 

Lent.az, dilindən “Haradasan?” kəlməsi düşməyənlərin həsrət hopmuş yollarında addımlayaraq, insan, zaman, məkan nisgilinə son qoymağa çalışacaq bu gündən.

Lent.az sizinlə birlikdə “Haradasan?” deyəcək həsrət qaldığınız adamlara...


***

 

“Sonuncu dəfə atamla danışanda 12 yaşım vardı. Çox yox, bir-iki kəlmə danışdıq. Anamla da eləcə o qədər. Yəni danışmaq xətrinə danışdı. Dilucu halımı soruşdu. Heç demədi gələcək, ya yox. Və hər şey də bununla bitdi. Mən isə onu çox axtardım. Çox…”.

 

***

 

“Ölüb? Nə danışırsız? İlahi, ola bilməz, ola bilməz! Niyə axı. Niyə? (Hönkürür) Mən onu gözləyirdim, neçə vaxt idi gözləyirdim. İnanırdım ki, mənə yenə banan alacaq. Saçlarmı sığallayıb “mənim Elviram” deyəcək…”.

 

***

 

 - Salam, mən, Zderşko Florentina Zakirovnayam. Atamı axtarıram. Atam Əzizov Zakir Yunis oğlu 1961, bəlkə də 1960-cı ildə anadan olub. Saatlı rayonunun “Şən həyat” qəsəbəsində yaşayıb. Amma indi harada yaşadığını bilmirəm. Mənə atamı tapmaqda kömək edin.

Zderşko Florentina Zakirovna

 

***

 

- Salam, mən Musayev Əzizağa Şirinbala oğlunu, atamı axtarıram. Bircə onu bilirəm ki, o, Bakı yaxınlığındakı Siyəzən şəhərində yaşayırdı. Səhv etmirəmsə, ünvanı belə idi: Siyəzən şəhəri, Zavokzalnı küçəsi, 52. Atam, bacım, qardaşım, əmim, bibim... varsınızsa, mənə hay verin. Mənim telefon nömrəm: 8924299****.

Musayeva Elvira Azizağayevna

 

***

 

…Elvira və Florentna kimi yüzlərlə insanın “hardasan” ünvanlı məktublarını həyəcansız oxumaq olmur. Elə “Hardasan”ın, əsas missiyası da bu olacaq: onları qovuşdurmaq. Amma heç bir emosiyasız, necə deyərlər, ağlaşma qurmadan. Bu gün uzaq Sibirdən atalarını axtaran iki qızın hekayəsini sizlərə təqdim edəcəyik. Novosibirskdə yaşayan Florentinanın və Çitada yaşayan Elviranın.

 

***

 

- “Şən həyat” adlı kənd artıq yoxdur. Onun adı indi Qaracalardır.

 

Bunu Saatlıda yaşayan dostumuz deyir. Və söz verir Zakir Əzizovu tapacaq. Heç bir saat keçmir ki, dostumuzdan zəng gəlir.

 

- Həmin adamın əmisi oğlunu tapmışam. Zakirlə əlaqə saxlaya bilər. Adı Azərdi.

 

Çox mədəni qarşılayır zəngimizi, Azər. Amma həddən artıq təəccüblə:

 

- Qızı axtarır?

 

- Hə, Novosibirskdə Florentina adlı qızı var. Onu, yəni atasını axtarır.

 

Azər yenə təəccübünü gizlədə bilmir.

 

- Mən indi əlaqə saxlayacam onunla. Bir saata zəng vurun.

 

Dediyi vaxtda zəng vururuq. Bu dəfə bir qədər narahat olduğu hiss edilir.

 

- Mən onun oğluyla danışdım. Deyir, bu söhbətlə bağlı heç kim bizi narahat etməsin.

 

- Biz heç kimi narahat etmək istəmirik. Sadəcə, Zakirə deyin ki, qızı onu axtarır...

 

- Bilirsən, müəllim, səni çox gözəl anlayıram. Amma onların evindən dedilər ki, Rusiyada qızı-zadı yoxdu, ümumiyyətlə, onları heç kim axtarmasın. Yəqin fikirləşirlər ki, fermerdirlər, qız ortaq çıxar, gələr-gedər, sonra da nəsə umar. Məncə, siz də əziyyət çəkməyin. Onlar o qızı axtarmaq istəməyəcəklər. Əlaqə yaratmayacaqlar.

 

Saatlı rayonu Qaracalar kənd bələdiyyəsi ilə əlaqə saxlayırıq. Ən azı Zakirin özü ilə əlaqə yaratmaq üçün bələdiyyə sədrindən kömək istəyirik. İnsafən, sədr Mehman Əhmədov zəngimizi normal qarşılayır.

 

- Özüm məşğulam, müsahibimi indi göndərirəm onların evinə. Telefon nömrəsini alacam, sizin nömrənizi də verəcəm. 15 dəqiqəyə əlaqə saxlayın.

 

Yarım saatdan sonra Mehman müəllimlə əlaqə saxlayırıq. Dəstəyin o başından Mehman müəllimin həyəcanlı səsi gəlir:

 

- Qardaş, deyir mənim qızım yoxdur. Sonra da deyib ki, kimin nəyinə lazımdı mənim harada qızım var, ya yox. Müsahibi isə həyətindən qovub. Özü də bərk əsəbiymiş. Bu barədə danışmaq istəmir.

 

İndi nə deyək Florentinaya? Atan səni görmək istəmir?

 

Bir balaca da qəhrəmanımız barədə. 37 yaşı var. 1982-ci il fevralın 7-də Novosibirsk vilayətinin Bolotno rayonunun Baratayevsk kəndində andan olub. Hazırda Novosibirsk şəhərində yaşayır.  Atasıyla bağlı bir neçə dəfə Rusiyanın ORT kanalında yayımlanan məşhur “Jdi menya” proqramında elan verdirib. Və artıq bir neçə ildir müxtəlif sosial şəbəkələrdə yuxarıdakı kimi elan verərək atasını soraqlayır. Bir qədər əvvəl isə anadan olduğu Baratayevsk kəndində evlərini onun əlindən almaq istəyirmişlər.

 

- Atam üçün qoruyurdum bu evi. Əlimdən almaq istəyirdilər. Çox böyük də deyil. Cəmi 22 kvadratmetr. 5-6 il əvvəl Bolotninsk rayon məhkəməsi mənim xeyrimə qərar verdi. Yəni atam bilsin ki, burada onun evi də var.

 

Burdan Zakirə heç nə deməyəcəyik. Sadəcə, bilsin:

 

- Florentinanın heç nəyə ehtiyacı yoxdur, sənin üçün ev də düzəldib!

 

***

 

Elviranın atasını tapmaq üçün Siyəzəndə yaşayan dostumuz Mərdan Mehdilini söhbətə qoşduq.

 

- Siyəzən balaca yerdir, taparıq.

 

Heç iki saat keçməmiş Mərdandan zəng gəldi.

 

- Qardaşı Ramazanı tapdım, danış.

 

Ramazandan gələn xəbər isə pis oldu. Məlum oldu ki, Elviranın atası Musayev Əzizağa Şirinbala oğlu 4 il bundan əvvəl vəfat edib.

 

- Əzizağanın qızı olduğunu bilirdik. Çitada yaşayırdı. 20 yaşından çıxıb getmişdi ora. Bir tatar qadınla ailə həyatı qurmuşdu. Uşaqları vardı, 2 oğlu, bir qızı. Hə, qızı Elviradı. Biz onu çox istəyirik, bizim balamızdı.

 

Sən demə, Əzizağa Azərbaycana qayıdandan sonra yenidən evlənib. Amma Çitadakı uşaqlarını da unutmayıbmış. Tez-tez pul göndərirmiş onlara. 4 il əvvəl isə xərçəng xəstəliyindən vəfat edib.

 

Əzizağanın qızı Elviranın isə 19 yaşı var. Zabaykalsk diyarı Şilkinsk çoxprofilli liseyini bitirib. Hazırda işləyir. Amma…

 

Amma atasının ölümündən xəbərsiz imiş. Bunu ona deyəndə dəstəyin o tərəfindən hönkürtüsünə qulaq asmaq adamda səbr və dözüm istəyirdi.

 

- İnana bilmirəm... Yazıq atam... Xəstələnmişdi, ya necə?

 

Biz ona atasının xərçəng xəstəliyindən öldüyünü demədik. Sadəcə, bunu dedik:

 

- Sənin əmilərin, bibilərin, bacı və qardaşların var, Siyəzəndə. İstədiyin vaxt Azərbaycana gələ bilərsən. Burda səni gözləyirlər.

 

Elə əmisi Ramazanla yenidən əlaqə yaradanda da dəstəyin o tərəfindən ahıl bir qadının səsi gəlirdi:

 

- Ramazan, Əzizağanın yadigarıdı o qız. Denən ürəyimiz ona qurban, gəlsin, ya biz gətirək…

 

Elviraya bunu deyəndə sevindiyi açıqca hiss olunurdu. Amma atasının ölüm xəbəri deyəsən ona həddən çox pis təsir etmişdi. Profilində yaydığı fotonun altına sonradan bunları yazdı:

“Doğmam mənim, əzizim, niyə belə tez getdin? Mən səni həmişə xatırlayacam və yad edəcəm”.

# 4480
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar