“Məhsəti” operasının premyerası oldu
28 sentyabr 2019 15:16 (UTC +04:00)

“Məhsəti” operasının premyerası oldu

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pikə Axundovanın “Məhsəti” operasının premyerası olub.
 
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilib.
 
Əsər “Əmir Əhməd və Məhsəti" dastanı əsasında yazılıb. Baş verən hadisələr dastandan fərqlənsə də süjet xətti izləyicilərin marağına səbəb olub. Belə ki, Məhsəti Gəncəvi Əmir Əhmədə vurulur. Bu zaman Sultan Səncər bu xanımı sarayın şairi elan etmək istəsə də, o, bu təklifi rədd edir. Bundan qəzəblənən Sultan Səncər Əmir Əhmədi zindana salır. Bu ayrılığa dözməyən Məhsəti ölür, ancaq onun şeirləri dillərdə yaşayır.
 
Əsər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Niyazi adına Simfonik orkestrinin müşayiəti ilə səslənib. Əsas partiyaları isə təbii ki, Opera və Balet Teatrının solistləri ifa ediblər. Titul partiyasını Əməkdar artist İnarə Babayeva, onun sevgilisi Əmir Əhmədin partiyasını Ramil Qasımov, Sultan Səncəri Taleh Yəhyayev, Xanəndə qızı Fərqanə Qasımova canlandırıb.
 
Operanın libretto müəllifi Leyla Qədirzadədir. Həm də Leyla xanım qəhrəmanların ariyalarında da Məhsətinin rübailərindən istifadə edib. Tamaşaya baş rolun ifaçısı İnarə Babayeva quruluş verib. Baletmeyster Xalq artisti Təranə Muradova, geyim üzrə rəssam Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır.
 
Qeyd edək ki, Pikə Axundova Bülbül adına Orta İxtisas Musiqi Məktəbini üç ixtisas – fortepiano, bəstəkarlıq və nəzəriyyə sinifləri üzrə bitirib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) isə fortepiano və bəstəkarlıq üzrə ali təhsil alıb. Daha sonra nəzəriyyə üzrə aspiranturanı bitirib, hazırda BMA-nın Bəstəkarlıq kafedrasının müəllimidir.
 
Məktəbli ikən şəhər, respublika və beynəlxalq miqyaslı müsabiqələrdə iştirak etməyə başlayıb. 2000-ci ildə Sankt-Peterburqda keçirilən pianoçu-bəstəkarların I beynəlxalq müsabiqəsində qalib gəlib, dörd ildən sonra, bu dəfə tələbə kimi, həmin müsabiqədə uğurunu təzələyərək laureat adını qazanıb. İştirak etdiyi beynəlxalq festivallardan mükafatla qayıdıb.
 
İki simfoniya, fortepiano ilə orkestr üçün konsert kimi daha bir neçə irihəcmli musiqi əsərinin müəllifi Pikə Axundovanın dahi Məhəmməd Füzulinin “Su” qəsidəsinə bəstələdiyi oratoriya bu ilin mart ayında İstanbulun Camal Rəşid Rey salonunda Türkiyə Prezident Orkestrinin baş dirijoru Rəngim Gökmənin idarəsilə ifa olunub. Simfonik orkestr üçün türk və Azərbaycan milli musiqi alətlərindən istifadə edilməklə bəstələnmiş bu əsər böyük maraqla qarşılanıb.
# 1207
avatar

Oxşar yazılar