1082
15:41
26 Sentyabr 2019

Gecə reyslərinin özü ilə gətirdiyi BƏLALAR - Bəs rəsmilər nə deyir?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.
Qeyd edək ki, 2010-cu il may ayının 6-dan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib və Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yola düşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.
Lent.az sözügedən dəyişikliklə bağlı DANX-ın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova ilə söhbət edib.
- Nuridə xanım, məlumata görə, gecə reysləri əvvəlcə test rejimində fəaliyyətə başlayacaq. Bu müddət nə vaxtadək davam edəcək?
- Qeyd edim ki, gecə reysləri oktyabr ayının 1-dən yenidən fəaliyyətdə olacaq. Adətən, test rejimi 10 gün və ya 1 ay olur. Ancaq bu rejim iki - payız və qış mövsümündə baş tutacaq. Yol infrastrukturunda nəqliyyat üçün daha təhlükəli olan mövsümlər seçilib. Beləliklə, əgər gecə reysləri test rejimindən uğurla çıxarsa, növbəti ilin mart ayından xidmətə həm yeni daşıyıcılar əlavə ediləcək, həm də daha bir neçə istiqamətlərə gecə reysləri açılacaq.
- Gecə reyslərinə qadağa qoyulduğu zaman bir çox səbəblər göstərilmişdi. Bu məsələlər aradan qaldırılıbmı?
- Gecə reyslərinin bərpa olunması böyük fasilədən sonra baş tutdu. Bərpa üçün əvvəlcə avtomobil nəqliyyat vasitəsinin yüksək səviyyədə olması, yol infrastrukturu və sürücü bazası nəzərə alınmalı idi. Bildirim ki, sürücü bazası 6 aya yaxındır seçilir. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) bazasında artıq DANX əməkdaşlarının da birbaşa iştirakı ilə sürücülər seçilir. Seçilən sürücülər yüksək peşəkar kursları keçən, eləcə də “Nəqliyyat Təlim-Tədris Mərkəzi”ndə sərnişindaşımaya görə yüksək xidmətlə bağlı müvafiq şəhadətnamə alan şəxslərdir.
Əlavə edim ki, sürücülərin bütün - tibbi, psixoloji, pis vərdişləri və s. hamısı nəzərə alınıb. Gecə reyslərində 2 sürücü olacaq. Eyni zamanda, avtobuslara yerləşdirilən Qlobal Mövqetəyinetmə Sistemi (“GPS”) qurğusu ilə həm sürücü, həm də bütün avtobusun fəaliyyəti nəzarət altında olacaq. Bunun üçün hətta ayrıca heyət də ayrılıb.
- Gecə reysləri ilə bağlı ilkin mərhələdə dörd istiqamət (Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı) seçilib. Bu məqsədlidirmi?
- Sözügedən istiqamətlərin seçilməsinə səbəb sərnişin axınının daha çox olmasından başqa, həm də yollarla bağlıdır. Seçilən yollar işıqlandırılan, yüksək şəkildə təmirli olan, bərpa edilən yollardır. Bu yollarda dağ relyefi də yoxdur. Dağ relyefi ilə bağlı qərarda da qeyd edilib.
Ümumiyyətlə, dağ relyefi olan istiqamətlərə, eyni zamanda hər iki istiqamət üzrə dar hərəkət zolaq olan yollara gecə reyslərinin buraxılması ilə bağlı qadağalarımız mövcuddur.
- Bərpa üçün sadaladıqlarınız arasında həm sürücülərdən, həm də yollardan danışdıq. Geridə qalan isə avtomobil nəqliyyat vasitələrinin yüksək səviyyədə olması oldu...
- Test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları xidmətə başlayacaq. Hazırda bu avtobuslardan Heydər Əliyev Beynəlxalq Aeroportundan “28 May” metro stansiyası və əks istiqamətdə istifadə olunur. Bildirim ki, yola çıxan sürücü əgər gecə 01:00-da yola düşərək, səhərə yaxın gedəcəyi ünvana çatacaqsa, onun geri dönmə saatı həmin günün gecəsi olacaq. Yəni, bu müddətdə sürücü lazımi qədər dincələcək.
Bundan başqa, müvafiq tibb məntəqəsi ilə də müqavilə bağlamışıq ki, sürücülər yola çıxmadan qabaq müayinələrdən keçə bilsinlər. Əgər yolun digər iştirakçıları təhlükə yaratmazsa, sırf gecə reyslərinə buraxılacaq avtobuslarda risklər minimuma endirilib.
Xatırladaq ki, verilən qərara əsasən NRYTN yanında DANX tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq BBAK-a verilib və artıq müvafiq müqavilələr bağlanıb.