Azərbaycanlıların Rusiyanın bu bazarından çıxarılmasına aydınlıq gətirildi
20 sentyabr 2019 21:10 (UTC +04:00)

Azərbaycanlıların Rusiyanın bu bazarından çıxarılmasına aydınlıq gətirildi

 
 
 
Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi Rostov na-Donu şəhərində yerləşən bazardan azərbaycanlıların kütləvi çıxarılması və ölkəmizə deportasiya edilməsi haqqında sosial şəbəkələrdə yayılan məlumatlar barədə araşdırma aparıb. 
 
Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, səfirliyə sosial şəbəkələrdə Rusiyanın Rostov-na-Donu şəhərində fəaliyyət göstərən Aksay bazarında çalışan həmvətənlərimizin oradan çıxarılması və bəzilərinin Azərbaycana deportasiya edilməsi ilə bağlı yayılmış qısa video daxil olub.
 
"Belə bir hadisənin hansı səbəbdən baş verdiyi, oradakı azərbaycanlıların kim tərəfindən çıxarıldığı barədə ətraflı xəbərin verilməsi, konkret adların və faktların göstərilməsi xahiş edildikdə sözügedən müraciətin müəllifi onda heç bir məlumatın olmadığını bildirib.
 
Buna baxmayaraq, məsələ səfirlik tərəfindən ətraflı araşdırılıb. Belə ki, Rostov vilayətinin qubernatorunun aparatından, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş polis idarəsindən, yerli diasporumuzun üzvləri, hətta qeyd olunan bazarın müdiriyyətindən əldə etdiyimiz məlumata əsasən, həqiqətən də yerli polis əməkdaşları müxtəlif millətlərdən olan insanları, o cümlədən bir qrup soydaşımızı həmin bazarın ərazisindən uzaqlaşdırıb. Buna səbəb onların Rusiya Federasiyasının ərazisində pərakəndə ticarətlə məşğul olmaq üçün müvafiq icazələrinin olmaması göstərilir. Bundan əlavə diqqətə çatdırılır ki, sözügedən ticarət obyektinin yerində yaşayış kompleksinin tikintisi gözlənilir və həmin bazar bağlanmaq üzrədir.
 
 
Bununla bağlı Rusiyada çalışan soydaşlarımıza bir daha müraciət edirik. Hörmətli həmvətənlər, sizi Rusiya ərazisində problemsiz və maneəsiz çalışmağınız üçün Rusiya Federasiyasının qanunlarına tam və şərtsiz əməl etməyə çağırırıq. Qanunları pozan soydaşlarımıza lazımi köməkliyin göstərilməsi Səfirliyin imkanı xaricindədir.
 
Müasir texnologiyaların verdiyi imkanlardan sui-istifadə edən kəslərə isə bildirmək istəyirik ki, səfirlik öz səlahiyyətləri çərçivəsində ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın istənilən nöqtəsində hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemi həll etməyə hazırdır. Yaranan real problem barədə səfirliyə yazılı və ya şifahi məlumatın verilməsi kifayətdir ki, onun həlli istiqamətində müvafiq işin aparılmasına başlanılsın.
 
Bunun yerinə isə mahiyyəti araşdırılmamış, təsdiqini tapmamış, şayiələrə əsaslanan və əksər hallarda həqiqəti əks etdirməyən hadisələri sosial şəbəkələrdə paylaşaraq ictimaiyyəti çaşdırmaq cəhdləri onu deməyə əsas verir ki, sözügedən kəslər özlərini “vətənpərvər”, “haqq-ədalət carçısı” kimi göstərib diqqəti şəxslərinə  cəlb etməklə məşğuldurlar"-deyə Səfirliyin məlumatında qeyd olunub.  
# 920
avatar

Oxşar yazılar