353
17:57
13 Sentyabr 2019

Səhiyyə Nazirliyindən malyariya ilə bağlı beynəlxalq təşkilata MÜRACİƏT

Malyariya xəstəliyi dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlik olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planetin əhalisinin 41 faizindən çoxu malyariyaya yoluxma riski altındadır. Hər il orta hesabla dünyanın 100-dən çox ölkəsində 300-500 milyon insan bu xəstəliyə yoluxur. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.
Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, respublikada keçən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsinin, 1 milyondan çox qaçqın və məcburi köçkün və əhali arasında xaotik miqrasiyanın nəticəsində bu xəstəlik geniş miqyasda yayılaraq ölkə ərazisinin 80 faizini əhatə edib.
Epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq olaraq Milli Proqram hazırlanıb. Bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alınıb və ilbəil xəstələnmə səviyyəsi azalmağa başlayıb.
Aparılan məqsədyönlü kompleks əks-epidemik tədbirlər nəticəsində Azərbaycanda malyariyanın eliminasiyasına nail olunub və 2013-cü ildən bu xəstəlikdən yerli yoluxma müşahidə edilməyib. Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası barədə sertifikat alınması üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edirlər.
Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq malyariyanın eliminasiyasının sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyi ÜST-ə müraciət edib və müsbət rəy alıb. Səhiyyə Nazirliyində artıq hazırlıq prosesi başlayıb. Sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyatı dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsi yaradılıb və bu gün onun birinci toplantısı keçirilib.