"Hökumətlə görüşmək və müəyyən danışıqlar aparmaq olar" - Natiq Cəfərli
12 sentyabr 2019 16:43 (UTC +04:00)

"Hökumətlə görüşmək və müəyyən danışıqlar aparmaq olar" - Natiq Cəfərli

“Bizim Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə fikir ayrılıqlarımız var. Lakin müzakirələrimiz tezislər, proqram sənədləri üzərində olsaydı, daha yaxşı olardı. Mənə elə gəlir ki, bunlar şəxsi zəmində baş verən hadisələrdir”.
 
Bunu APA-ya “Respublikaçı Alternativ” (REAL) Partiyasının icra katibi Natiq Cəfərli deyib.
 
Onun fikrincə, siyasi proseslərə təsir edə biləcək bir partiyanın yaranması və İlqar Məmmədovun ortaya çıxması ola bilər ki, qarşı tərəfdə bir az qıcıq doğurur: “Tez-tez xaricə dəvətlərimizin olması, ölkə daxilində dediklərimizin gündəm yarada bilməsi effekti çox güman ki, müxalifətdə olan həmkarlarımızda müəyyən qıcıq yaradır. Bunu şəxsi zəmindən başqa cür izah etməyə çətinlik çəkirəm. Çünki məsələlərin məğzi bir kənarda qalır və çox zaman şəxslər üzərindən hücumlar, təhqirlər olur. Hesab edirəm ki, siyasi partiyalar tezisləri, proqram sənədləri ilə gündəmə gəlməlidir və onları müzakirə edərək mübahisə etməlidir. Amma son zamanlar qarşı tərəfdən bizim ünvanımıza səsləndirilən hücumların əsasında şəxsi məsələlər durur və ya şəxsiyyətə olan münasibətdən qaynaqlanır. Məsələn, həmin partiyanın lideri haqqında mədəni şəkildə tənqidi fikir səsləndirilən kimi qarşı tərəfdən çox ciddi təhqirlərə və ya hücumlara məruz qalırıq. Bu da şəxsi problemlərin olduğundan qaynaqlanır.
 
Biz söyüş və təhqirlərlə bağlı qarşı tərəfə dəfələrlə sosial şəbəkələr vasitəsilə müraciətlər etmişik. Onların emosional fon yaratması və söyüş, təhqirlərlə dolu mesajları bizim partiyanın fəallarına pis təsir edir. Mən bu mübahisələr dövründə qarşı tərəflə kifayət qədər mədəni çərçivə daxilində qalmağa çalışdım. Əgər partiyanın öndə gedən isimləri bu məsələdə həssaslıq göstərsələr, sıravi üzvlərdən də bu həssaslığı görə biləcəyik. Amma məndə hərdən elə təəssürat yaranır ki, bu, qarşı tərəfdən təşkil olunmuş və koordinasiya edilmiş şəkildə baş verir. Bu da müzakirələrin keyfiyyətini aşağı salaraq səs-küyü önə çıxarır, xalqın gözündə bütün müxalifət camiəsinin gözdən düşməsinə səbəb olur”.
 
N. Cəfərli AXCP-nin ReAl-ı hakimiyyətlə əməkdaşlıq etməsi fikirlərinə də münasibət bildirib: “Onların ciddi kompleksləri var. Çünki 2000-ci ildə parlament seçkilərinin legitimləşdirilməsində AXCP böyük rol oynayıb. Hökumətlə müəyyən danışıqlara gedib. Bundan başqa, AXCP-dən bir neçə nəfər də sonradan hökumətin apardığı siyasətə qoşularaq orada iştirakçı olub. Bu da onlarda bir kompleks yaradıb. Bunlar hər yerdə belə bir görüntü yaratmağa çalışırlar. Çünki öz keçmişlərində bu var. Bizim yanaşmamız ondan ibarətdir ki, hökumətlə danışmaq, görüşmək və açıq qapılar ətrafında müəyyən danışıqlar aparmaq olar, bunun heç bir problemi yoxdur. Amma bu, şəffaf şəkildə edilməlidir. Hökumətlə düşmənçilik etmək doğru deyil. Çünki hökumət Azərbaycanda siyasi tərəfin bir qoludur. Hökumətlə müzakirə etmək, dialoq aparmaq normal şeydir. Əgər bunu satqınlıq kimi qəbul edirlərsə, belə absurd fikir yaranır. Biz torpaqlarımızı işğal etmiş Ermənistan siyasətçiləri, toplum nümayəndələri ilə də beynəlxalq konfranslarda danışırıq. Azərbaycanın öz mövqeyini onlara sübut etməyə çalışırıq. Belə çıxır ki, erməni işğalçıları, deputatları ilə danışmaq olar, amma öz hökumətinlə danışmaq olmaz. Bu çox absurd yanaşmadır. Biz bu yanaşmanı qəbul etmirik".
 
O xatırladıb ki, Milli Şura tərəfindən ReAL-a qarşı Brüssel səfərindən sonra da ciddi hücum, qarayaxma kampaniyası başlanmışdı: “Sonradan onların haqsız olduqları da üzə çıxdı. Çünki az qala bizi Brüsselə hökumətin göndərdiyini deyirdilər. Amma bizi ora dəvət edən beyin mərkəzindən açıqlama gəldi. Onlar da bundan sonra kampaniyanı dərhal dayandırdılar. Ancaq üzr istəmədilər. Siyasi mədəniyyət onu tələb edir ki, tərəf müqabilinə qarşı yalan məlumat yayırsansa, üzr istəməlisən. Biz belə bir qərar qəbul etdik ki, Milli Şura rəhbərliyi qarayaxma kampaniyasına görə bizdən üzr istəsin. Biz indi həmin üzrü gözləyirik”.
 
# 625
avatar

Oxşar yazılar