1742
16:48
11 Sentyabr 2019

Qarabağın yunan qaçqınları: “Sirli Sürəyya”, Sibirdən qayıdan Yannis, 2 nəfərə qalan kənd... – Səbuhi Sədəf yazır I YAZI

Ağdərədə yerləşirdi, amma azərbaycanlılar yaşamırdı o kənddə. Tək-tük bəlkə də vardı. Amma indi onu təsdiq edən bircə arxiv sənədi belə yoxdu. Çox aradıq, tapa bilmədik. Çünki həmin kənd işğal altındadır. Nəinki yerli kənd sovetinin arxivi, bütünlükdə kənd yandırılıb.

Biz bunu da araşdırdıq; hazırda tək-tük yaşayan var bu kənddə. Amma qocalardır, heç bir yerə köçməyə imkanı olmayanlar. Həm də Ermənistana lazımdı bu adamlar. Beynəlxalq aləmə özlərini tolerant göstərmək, qrant almaq üçün.

Mehmanadı bu kəndin adı. Ağdərə rayonu ləğv olunandan sonra Kəlbəcərin ərazisi sayılır rəsmən. Yunanlar yaşayıb bu kənddə. Hə, təəccüblənməyin, yunanlar. Qarabağın təkcə azərbaycanlı, kürd, rus köçkünləri deyil, yunan köçkünləri var həm də. Mehmanadan didərgin düşmüş, Yunanıstanın Saloniki şəhərindən ta Bakıya, Sumqayıta qədər yayılmış, məskunlaşmış yunan qaçqınları.

Hardadı bu Mehmana? Düzdür, bayaq dedik, Ağdərənin ərazisi olub. Amma bir az da konkretləşdirək - Tərtərçayın sağ sahilindən 18 km aralıda yerləşir. 300 hektara qədər ərazisi olub. Kəndin adının “Mehman” sözündən yarandığı şübhə doğurmur. Ən azı ona görə ki, yunanlar bura, bu ərazilərə qonaq gəliblər. Regionun avtoxton əhalisi deyillər.

Bəs yunanlar uzaq Pireney yarımadasından Qafqazlara niyə üz tutsun ki? Bu məqama qayıdacağıq. Hələlik bircə onu deyək; üç əsrə yaxındı ki, Azərbaycan ərazisində məskunlaşan yunanlar yerli xalqla heç bir qarşıdurma yaşamayıb. Sevinci sevinc, kədərləri kədər olub. Repressiya illərində belə Stalin zülmünün ağrılarını da birgə yaşayıblar.

Yunanlar Azərbaycan ərazisinə 19-cu əsrin 30-cu illərində köç etməyə başlayıblar. Daha dəqiqini desək, 23 may 1930-cu ildə gürcü patriarxı protoierey Vasili Andrianovun Mehmana icmasına səlahiyyətini təsdiq edir. Yəni bu barədə onun göstərişi var. Bu isə o deməkdir ki, həmin göstərişdən bir qədər əvvəl yunanlar artıq Mehmana ərazində məskunlaşıblarmış.

Yunanların Mehmana kəndində məskən salmasına aid başqa bir fakt isə budur: 1851-ci ildə Trabzon doğumlu usta Xarlampi Kundurov (onu sonralar hamı “usta Allahverdi” kimi çağıracaqdı) həm bu ərazidə, həm də Ordubad şəhəri yaxınlığında iki misəritmə zavodu tikmişdi. Həmin zavodlarda çalışanların böyük əksəriyyəti isə Trabzondan köç etmiş yunanlar idi.

1860-cı ildə yunanların məktəbi və kilsəsi də tikilib başa çatmışdı. Nikolaos Lavos adlı keşiş isə yerli kilsəyə rəhbərlik edirdi.

19-cu əsrin ikinci yarısından isə yunanların Azərbaycan ərazisinə köçü intensivləşir. Onlar əsasən tikinti sahəsində çalışırdılar. Təsəvvür edin, 1850-1857-ci illərdə onlar təkcə Bakıda, İçərişəhərdə 400 nəfərin ibadət edəcəyi Nikolayevsk kafedral kilsəsini tikib başa çatdırmışdılar. Kilsənin memarı Semyon Qiter idi. Bakıdan bir qədər aralıda yerləşən Altıağacda isə müqəddəs Nikolay kilsəsi tikilmişdi. Memarı Murad Xarlamov idi.

Tikintilər, sifarişlər davam etdikcə köç də gəlirdi. 1886-cı ildə təkcə Bakı quberniyasında 278, Mehmana kəndinin də daxil olduğu Yelizavetpol quberniyasında isə 658 nəfər yunan yaşayırmış.

1907-ci ildə Bakıda 800 yunan yaşayırdı. Onlar həmin ilin 7 dekabrında öz cəmiyyətlərin qubernator yanında xüsusi şurada qeydiyyatdan keçirmişdilər.

Həmin ərəfədə etnoqraf Andrey Popovun tədqiqatları zamanı məlum olmuşdu ki, Bakı və Bakı quberniyasına daxil olan daha 6 şəhərdə ümumilikdə 2161 yunan yaşayır.

Yunanlar yaşadıqları şəhərlərin ictimai həyatında da fəal iştirak edirlər. Məsələn, Bakıda onların kitabxanaları, 4 illik ibtidai məktəbləri, “Embros” futbol klubu vardı. Yeri gəlmişkən, 26 Bakı komissarlarından biri - İrakli Panayщtoviç Metaksa da yunan olub.

Hə, Mehmandan danışırdıq axı. 1912-ci ildə aparılan siyahıyaalmaya görə, Mehmanada 60-a yaxın yunan yaşayırdı. Onların bir hissəsi kənd təsərrüfatı, digər hissəsi isə mis, qurğuşun və sink yataqlarında çalışırdı.

Sovet hakimiyyəti qurulandan sonra yunanların az bir hissəsi Azərbaycanı tərk edir. Yunanların kompakt yaşadığı yeganə kənd olan Mehmanadan isə ümumiyyətlə, heç kim köçmür.

30-cu illərin səmum yeli kimi hamının başının üstünü aldığı repressiya dalğası yunanlardan da vaz keçmir. Yunanlar SSRİ-də məskunlaşan xalqlar arasında yeganədir ki, 12 il ərzində 3 dəfə deportasiyaya məruz qalıblar. 1937-1949-cu illər arasında əvvəlcə cənubi Qazaxıstana, sonra Sibirin bir neçə şəhərinə, daha sonra isə Şimali Qazaxıstana sürgün olunublar.

Əslində repressiya hələ 1937-ci ildən başlamışdı. Həmin ilin fevralında Bakıda Yunan Mədəniyyət Mərkəzi bağlanır. Elə həmin gün mərkəzin rəhbəri pianoçu Yannis Karayanidi həbs olunur. Onu da qeyd edək ki, Karayanidi düz 17 il Sibirin həbs düşərgələrində min əziyyətə qatlaşacaq, bir də 1954-cü ildə həbsdən azad ediləcəkdi.

Nikolaos Tiftikidis Salonikdə keçirilən ümumdünya Ellinizm qurultayında Karayanidinin taleyi ilə bağlı ürək ağrısıyla danışır:

“Bu gün dahi pianoçu Yanis Karayanidini canlı görmək nəsib olan bir kimsə qalmaz, yəqin. Amma mən yaxşı xatırlayıram, 1937-ci ildə onun afişaları Bakı küçələrini bəzəyirdi. Hamı bircə dəfə də olsa bu dahini eşitmək istəyirdi. Və bir gün onun konserti keçiriləcəyi axşam Karayanidi yoxa çıxır. Karayanidən əvvəl isə onun konserti barədə divarlara vurulan afişalar”.

Hər yerdən yığışdırırlar o afişaları. Bir nəfər isə xatirə kimi özündə saxlayır divardan qopartdığı afişalardan birini. Qonşusu, ya kimsə onu satır. O adam da əlli-ayaqlı gedir Karayanidinin dalınca.

1937-ci ilin dekabrında aktrisa Aqapi Xaldoyanidi həbs edilir, körpə uşaqları ilə birgə Qazaxıstana sürgün olunur.

Panfiliya Nikolayevna Tanailidi həyatı isə daha dəhşətli sonluqla başa çatır. 1891-ci ildə İrəvan xanlığı Zəngəzur mahalının Başkənd kəndində doğulub. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Türkcə təmiz danışan Panfiliya xanım Tiflisdə rus və gürcü dillərini də öyrənib.

14-15 beş yaşlarından Tiflisin “Kazyonnı teatr”, Zubalov adına “Xalq evi” kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri mərasimlərdə, müxtəlif həvəskar teatr truppaların hazırladıqları tamaşalarda "Zəngəzurskaya" və "Sürəyya" təxəllüsləri ilə çıxışlar edib.

Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə İranda, Türkiyədə qastrollarda Tanailidi dram, opera və operetta tamaşalarında oynayıb. Bu dövrdə ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr dəstələrinin tərkibində tamaşalarda çıxış edib.

1937-ci ildə tüğyan edən repressiya Panfiliya Tanailididən də yan keçməyib. Həmin il dekabrın 15-dən 16-a keçən gecə həbs olunub. Bakıda o, Sürəyya Zəngəzurlu kimi tanınırdı. Onun Panfiliya olduğunu çox az adam bilirdi. Amma kimsə NKVD-yə xəbər çatdırmışdı. “Sirli Sürəyya”nı dərhal götürmüşdülər. Dəhşətli və işgəncəli istintaq uzun müddət davam edib və aktrisanın güllələnməsi barədə hökm çıxarılıb. Şən xasiyyətli, şux zarafatları və kollektivin rəğbətini qazanmış Panfiliya Tanailidi 1938-ci il oktyabr ayının 15-də, axşam saat 21:30-da Bakıda güllələnib. Məzarı yoxdur. Yalnız 1957-ci ildə ona bəraət verilib...

Repressiyalar da, müharibə də bitəcəkdi. Sovet xalqı dinc həyata da qayıdacaqdı. Elə Bakıdan, Mehmanadan pərən-pərən düşmüş yunanlar da.

Və bir gün Mehmana yenə ağır savaşın ağuşuna atılacaqdı. 1993-cü il fevralında ermənilər Mehmananı viran qoyacaqdılar. Yunanlar başların götürüb qaçacaqdılar, bu viranə kənddən. Amma bilisiniz nələri qoyub gedəcəkdilər? Yox, bu nə külli miqdarda qızıldı, nədə yüzlərlə xalça-palaz. Söhbət 150 milyon tona yaxın bir varidatdan gedir...Və günlərin bir günü Salonikdən yola düşən iki nəfər...

Lent.az -da qalın, heç yerdə oxumayacaqsınız....