121 yaşlı vağzal, ox kimi bıçaq, şahid saat  –<span style="color:red;"> Səbuhi Sədəf yazır
30 avqust 2019 17:00 (UTC +04:00)

121 yaşlı vağzal, ox kimi bıçaq, şahid saat – Səbuhi Sədəf yazır

- Bu, haradan yadınıza düşdü? 40 ildən çox keçib. Çox yazılıb bu film haqda, çox. Hə, sizi Xaçmazdakı səhnə maraqlandırır?

 

Xalq artisti Rafiq Əzimovdur. Onu isə əbəs yerə aramamışıq. Xaçmazda olarkən dostlardan birinin təsadüfən açıqladığı bir fakt marağımıza səbəb olmuşdu. Sən demə, bu rayondakı dəmiryolu vağzalının nə az, nə çox, 121 yaşı varmış. Çox unikal memarlıq abidəsi olan bu vağzal 1898-ci ildə inşa edilib. Azərbaycanda tikilən ilk vağzallardandır.

Yeri gəlmişkən, Xaçmaz rayonu ərazisindən keçən Yalama, Ləcət, Qusarçay, Çarxı, Xudat vağzalları da tarixi binalar sırasındadır.

 

Vağzaldan danışmışkən, bəs nədən Rafiq müəllimə, hörmətli xalq artistimizə telefon açmışdıq?

 

Söhbət ondan gedir ki, 1977-ci ildə rejissor Arif Babayev tərəfindən ekranlaşdırılmış “Arxadan vurulan zərbə” filminin iki epizodu məhz Xaçmaz dəmiryolu stansiyasında çəkilib.

 

Elçinin “Ox kimi bıçaq” povesti əsasında çəkilmiş bu film Moskva tərəfindən ən ali kateqoriyaya layiq görülmüşdü.

 

Filmdə müstəntiq Gündüz Kərimbəylinin (Şahmar Ələkbərov) və İsmayıl Hüseynovun (Rafiq Əzimov) qatardan düşdüyü yer məhz Xaçmaz dəmiryolu vağzalıdır. Rafiq müəllim film barədə maraqlı faktlar açıqlayır. Deyir ki, “Yeddi oğul istərəm” filmindəki yeddi oğuldan beşi - Şeyx Əbdül və Elçin Məmmədov istisna olmaqla - bu filmdə çəkilib.

 

- Qəzənfər rolunun ifaçısı Şahmar Ələkbərov Gündüz Kərimbəyli, Şahsuvar rolunun ifaçısı olan mən İsmayıl Hüseynov, Bəxtiyar rolunun ifaçısı Həsən Məmmədov Əhməd Qəmərli, Cəlalı oynayan Ənvər Həsənov Oqtay, Zalımoğlunu oynayan Ələsgər İbrahimov Cabbarov rollarına çəkilmişik.

 

O ki qaldı həmin epizodlara, deyim: Bəli, Xaçmaz dəmiryolu vağzalıdır. Həmin binanı isə rejissor Arif Babayevlə operator Valeri Kərimov seçmişdilər. Çünki tarixi binadır, arxitekturası Arif müəllimin xoşuna gəlmişdi. Gündüz Kərimbəylinin çəkildiyi ilk epizodda vağzalın içində Ziba və İmaşla qarşılaşdığı yer də həmin vağzalın bufetidir. Maraqlı bir fakt da həm mənim, həm də Kərimbəylinin düşdüyü vaqonun üzərinə Bakı-İcevan lövhəsinin vurulmasıdır. Heç kimə sirr deyil ki, Bakı-İcevan qatarı Xaçmazdan keçə bilməzdi.

 

Rafiq müəllim deyir ki, qatardan düşdüyü yer Xaçmaz olsa da, Fəttah kişinin ona bıçaq atdığı səhnə Zaqatalada çəkilib. Yusif müəllimin (Fəttah kişi) atdığı bıçaq isə sözün həqiqi mənasında iti bir bıçaq olub.

 

- O epizod üç dubla çəkilib. Əslində, əvvəlki iki dubl uğurlu alınmışdı. Amma rəhmətlik Arif Babayev deyib ki, gəl birini də çəkək.

 

Üçüncü çəkiliş az qala faciə ilə qurtaracaqmış. Bıçaq Rafiq müəllimin saçlarını yalayıb keçib. Kənardan çəkilişə baxan Arif müəllim isə qorxusundan “Əzimov” deyə necə qışqırıbsa, hamı elə başa düşüb ki, bıçaq aktyora dəydi.

 

Həmin epizodda çəkilən vaqon bələdçiləri isə… həqiqətən bələdçi olublar. Yəni Arif Babayev aktyorlardan istifadə etməyib. Amma çəkilişə görə həmin şəxslərə qonorar ödənilməyib.


Və sonda, filmin həmin epizodundan salamat qalan bir Rafiq müəllimdi, bir də vağzalın saatı. Zibanın bufeti isə indi akt zalıdır...

 

Xaçmaz-Bakı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3171

Oxşar yazılar