6249
17:00
27 İyul 2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT - V HİSSƏ

Belə deyirlər; sevgidə son yoxdur. Bitən sevgi yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgi bir ürəkdən o biri ürəyə ən qısa yoldu, düzxətli bir yol. Heç bir yerə ani də olsa dönməyən bir yol. Və əgər o yol cəbhə xəttindən keçibsə, illərin, nə illər e, on illərin sınağından çıxıbsa... Əslində, buna sınaq da demək olmaz. Harada sınayacaqdılar ki? 27, hə, düz 27 il idi ki bir-birini itirmişdilər. Amma hər şey belə başlamışdı…

(Əvvəli https://lent.az/news/321423)

11 sentyabr, 1992-ci il. Gəncə.

...Bakıdan qəfil zəng gəlir. Onunla birgə Ağdamda vuruşmuş Növrəstə xanım idi. Elə beləcə də deyir: “Sabah Bakıda, “Əzizbəyov” metrosunun yanında gözləyirəm.

Həmin vaxt deyilən yerdə olur. Məlum olur ki, hərəsində 10 nəfər olmaqla kəşfiyyat qrupları yaradılır.

- 10 nəfərlik çoxlu qrup vardı. Hamısı kişilər idi. Qadın ancaq bizim qrupdaydı - Növrəstə xanım və mən. Bütün günü təlimlərdəydik; müxtəlif taktiki hazırlıqlar, xəritədən istifadə etmə, əlbəyaxa döyüş, bir sözlə, başımızı qaşımağa vaxtımız yox idi. Bir müddət hazırlıqdan sonra ilk əməliyyata getdik. Qubadlı istiqamətində. Hə, yadımdan çıxmamış, Samirin Şuşada mənə verdiyi qumbaranı da cibimə qoydum. Əslində kəşfiyyatçı kimi bizə qumbara verirdilər. Amma nədənsə, həmin qumbaranı da özümlə götürməli oldum.

Döyüş yoldaşı Növrəstə Yusifovanın dediklərindən:

- Sentyabrın 11-də evə zəng etdilər. Dedilər ki, səni Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindən soruşurlar. Dedim, xeyir ola, nə etmişəm? Fikirləşdim ki, bəlkə Nail şikayət edib. “Əzizbəyov” metrosunun yanına, çağırılan yerə getdim. Gördüm ki, uşaqlardan Əfqanıstanda olmuş Mehdi, tağım komandirimiz Mehman da oradadır. Habil Hüseynov adlı bir nəfər gəlib bizimlə danışdı. Dedilər ki, 10 nəfərlik kəşfiyyat qrupları formalaşdırılacaq. Mehdi Əfqanıstanı, Mehman da müharibəni görmüş insan idi, onun üçün bu, sadə işdir. Razılıq verdim. Mənimlə Ağdamda olmuş tibb bacısına da zəng vurdum ki, o da gəlsin. 10 nəfər olduq. Bizə erməni dilini öyrətməyə başladılar. Mən söyüşləri bilirdim. Əvvəllər işlədiyimiz idarə və təşkilatlarda ermənilər vardı. Ermənilər yavaş danışanda başa düşürdüm, ancaq ləhcəylə danışırdım. Bizə müəllim tutmuşdular, erməni dilində dərs deyirdi. Təzə növ silahlarla bizi tanış edirdilər. Birinci dəfə oktyabrın 7-də çağırılacağımızı söylədilər. Silah-sursatımızı götürdük. Qubadlıya getdik. Qubadlı meşəsində döyüş gedirdi. Orada polkovnik Firudin Şabanovu görmüşəm, bilməmişəm ki, bu kimdir. 2 gün yağışın altında meşədə qaldıq. Yağışın altında bütün pal-paltar islanmışdı. Sonra Tək Qız adlı yerdə kəşfiyyatda olduq, müsbət nəticə ilə qayıtmışdıq.

...Və bununla da keçmiş tibb bacısının kəşfiyyat fəaliyyəti başlayır. 1993-cü ilin mayına qədər, tərxis olunana kimi 10-dan çox kəşfiyyat əməliyyatına gedir. Neçə dəfə düşmən arxasına keçir. Bəzən bir gün, bəzən üç gün, bəzən 10 gün düşmən arxasında qalıblar.

- Müxtəlif tapşırıqlar alırdıq. Döyüş şəraitini, ətraf ərazini öyrənmək, “dil” gətirmək. Nə deyim, hər dəfəsində müxtəlif tapşırıqlar. Hansı riskliydi deyirsiz? Hamısı. Amma ən dəhşətlisini Drmbon kəndi ərazisində yaşamışıq. 1993-cü ilin fevralında. Həmin vaxt açıq döyüşə girdik. Bir ağır yaralımız oldu. Təsəvvür edin, yanımızda da cavan, körpə uşaqlar. Avtomatı bəlkə ilk dəfəydi görürdülər. Amma o döyüşün bir xeyirli tərəfi oldu. O uşaqlar döyüş təcrübəsi qazandılar. Bizim qrup bir ağır yaralıyla çıxdı həmin döyüşdən, amma o uşaqlar əməlli dərs aldılar.

1993-cü ilin mayında onu geri çağırırlar. Səbəbi isə o olur ki, Müdafiə Nazirliyində yeni struktur yaradılır. Buna görə də o ordudan tərxis olur… evlərinə qayıdır. Samirin verdiyi, bir ildir üstündə gəzdirdiyi qumbaranı təhvil verib Gəncəyə gedir.

- Çox çətin idi. Həddən artıq (Susur). Təsəvvür edin, müharibənin dəhşətlərini unutmaq mənim bir ilimi aldı. Düz, bir ilimi. İlk günlər, ümumiyyətlə dözülməz idi. Gəlmisən dinc həyata, şəhidlər, yaralılar, qan görmüsən, yadından çıxara bilmirsən. Və baxırsan, hərə öz həyatını yaşayır. Sanki ölkədə müharibə getmir. Adam aqressiv olur, belədə. Valideynlərim də bunu hiss edirdilər. Narahat olmuşdular. Başımı qatmaq üçün məni mühasibat kursuna yazdırdılar. Oranı bitirdim. Gəncə şəhər Əlillərin Sosial Müdafiəsi Fondunda işləməyə başladım. Sonra elmi tədqiqat institutuna keçdim. Məlum oldu ki, burda işləmək üçün ali təhsil lazımdı. Mənimlə eyni zamanda qiyabiçi tələbələr işləyirdi, oxuya-oxuya. Dedim, durmaq olmaz, mütləq ali təhsil almalıyam. Cəmi iki fəndən hazırlaşıb qiyabi qəbul oldum Aqrar Universitetinə. Oxudum, işlədim. Ta indiyədək. Amma bilirsinizmi nə idi uşaqlıq arzum? (Bir müddət susur – S.S.) Memar olmaq! Memar! Qurub-yaratmaq, tarixdə qalmaq! Allahın işinə baxın, memar olmaq istəyən qızın bəxtinə dağıdıcı müharibə yazılıbmış… (Kövrəlir).

***

…Silahını verib Şəkiyə qayıtmışdı. Batalyonda hərə pərən-pərən düşdüyündən o da nə edəcəyini, hara gedəcəyini bilmirdi, zamanını gözləyirdi. Bu ərəfədə ölkədə hakimiyyətə yeni qüvvələr gəlmişdi. Nəyin necə olacağını heç kim təxmin edə bilmirdi.

- Mən silahımı Laçında Arif Paşayevə təhvil verib çıxdım. Əl pulemyotu idi. Nömrəsi də indiyədək yadımdadır: 3010388. Yaralıları də Laçın hospitalına apardım. Oradan kəndimizə gəldim. Bir müddət dincələndən sonra batalyonun uşaqlarını axtarmağa başladım. Kimi dedi, Bakıdadı, kimi dedi filan yerdə. Amma xəbər tutdum ki, batalyon komandirimiz Nail Kazımov Papanində, hospitaldadı. O, çiynindən ağır yaralanmışdı. Gedib onu tapdım. Dedi ki, Allah qoysa tezliklə yığışacağıq. Şəkiyə qayıdıb ondan xəbər gözləməyə başladım.

Və bir gün Şəkidəykən, Abdal-Gülablıda 5 nəfər həmyerlisinin minomyot atəşi ilə şəhid edildiyini eşidir.

- Mənə çox pis təsir etmişdi. Müraciət etdim ki, mən Şuşada vuruşmuşam, təcrübəm var, məni cəbhəyə aparın. Amma dedilər ki, hələ lazım deyilsən, lazım olanda özümüz çağıracağıq. Mən haradan biləydim ki, o, Ağdamda ,elə həmin cəbhədədir. Ayaqyalın gedərdim…

Hə, beləcə hər ikisi müharibəsiz dinc həyata başlayır.

***

Aylar, yox, aylar nədir, illər nədir, on illər keçir. Bacı-qardaş, qohum-əqrəba təkidlə evlənməsini tələb edir. Hamıya “yox” deyir. “Müharibə başlayacaq, döyüşməyə gedəcəyəm, camaatın qızını bədbəxt etməyim” deyib yola verir.

Əslində isə hələ də hansısa möcüzəyə ümid edirdi: “Tapacam onu, mütləq tapacam”.

...Gəncədə Mikayıl kişinin evinə dəfələrlə elçi göndərmişdilər. Hamısına “yox” demişdi. Ata qızını zorən məcbur etməmişdi, ərə getməyə. “Özü istəyən olsun” demişdi.

- Unutmamışdım təbii. Amma haradan tapaydım. İstəsəydi, özü məni tapardı (Gülür),. Bilirdim ki, şəkilidir. Amma Şəkidə yaşayır, Bakıda yaşayır, nə işlə məşğul olur, məlumatım yox idi. Elə mən də təkcə adını bilirdim, soyadını yox.

...Və bir gün… Hə, yazının əvvəli yadınızdadırmı? Ax, səni FACEBOOK, nələrə qadir imişsən?

Sosial şəbəkələrin üzvü olsa da, amma onu aktiv istifadəçi saymaq olmaz. Həmin gün səhifəsini gözdən keçirirmiş. Dostluğunda olan döyüş yoldaşlarının paylaşımlarına baxırmış.

Birdən qəfil gözünə bir status dəyir. Müharibəylə bağlı qeydlər, veteran vəsiqəsi. Və…

Və qəfil yerindən atılıb bağırır:

- Bu, sənsəəəənnnn…

Tələsməyin, hər şey hələ indi başlayır...

Lent.az -da qalın. Başqa heç harada oxumayacaqsınız...