556
08:46
26 İyul 2019

Çində 9 yaşlı uşaq 66 mln. il yaşı olan 11 dinozavr yumurtası tapıb

Çində 9 yaşlı uşaq ölkənin cənubundakı Quandun əyalətində yerləşən Xeyuan yarğanında yaşı 66 mln. il olan daşlaşmış 11 qədim dinozavr yumurtası tapıb.

APA xəbər verir ki, bu barədə “Sina” portalı məlumat yayıb.

Məlumata görə, unikal tapıntını uçurum ərazisindəki torpağın daşqınlardan sonra güclü şəkildə aşınması nəticəsində aşkarlamaq mümkün olub.

Bildirilir ki, hər bir yumurta 9 sm diametrə sahibdir. Uşaq əvvəlcə onlardan birinə rast gəlib, daha sonra yerli muzeyin əməkdaşlarının köməkliyi ilə əlavə qazıntı işləri aparılıb və daha 10 ekzemplyar üzə çıxıb.

“Hələlik yumurtaların hansı növ dinozavra aid olduğunu müəyyən etmək çətindir. Bu sahədə ətraflı tədqiqat aparılmalıdır”, - deyə Xeyuan şəhər dinozavrlar muzeyinin elmi araşdırmalar bölməsinin rəis müavini Xuan Çjitsin bildirib.

O, ətrafda digər qiymətli tapıntıların da ola biləcəyini istisna etməyib. Buna görə də yaxın vaxtlarda paleontoloqlar ərazidə daha geniş qazıntı işlərinə başlayacaq.