536
17:49
19 İyul 2019

Qarabağ qazisi xərçənglə mübarizə aparır – 6 yaşlı qızı kömək gözləyir

“Atamın sağlam olmasını istəyirəm. Tez sağalsın. Bunun üçün də anamın köməyi ilə bu məktubu yazıb xahiş etdim”.

6 yaşlı Kristina Kuvşinova atasının sağlamlığa qovuşması üçün ailəsi adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

APA TV-nin xəbərinə görə, dəfələrlə Azərbaycan çempionu olan 62 yaşlı Pyotr Anatolyeviç milliyyətcə rusdur. SSRİ Silahlı Qüvvələrinin çempionu olan həmsöhbətimiz hərbçilər arasında keçirilən müxtəlif idman yarışlarının mükafatçısı olub. Bu gün isə bağırsaq xərçəngi xəstəliyi ilə mübarizə aparır: “Qarabağ müharibəsi veteranıyam. Qarabağ döyüşləri zamanı könüllü cəbhəyə yollanmışam. Hazırda Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi kafedrasının baş müəllimiyəm. Su polosu üzrə SSRİ idman ustasıyam. Müharibə veteranı kimi pensiyaya çıxdıqdan sonra 2017-ci il İslam Oyunlarında ölkəmizi təmsil edən su polosu üzrə Azərbaycan milli komandasının məşqçisi olmuşam. Birinci Avropa Oyunlarında azərbaycanlı hakimlər sırasında təmsil olunmuşam. İndi isə məni məhz idmançı dostlarım dəstəkləyir, hər cür yardım edirlər. Bütün idmançı dostlarım hər zamankı kimi, bu gün də arxamdadır. Çalışdığım Bakı Ali Neft Məktəbi də dəstəyini və yardımını əsirgəmir”.

Hazırda ağır onkoloji xəstəlikdən əziyyət çəkən müsahibimiz bundan sonra 11 kimya terapiyası almalıdır. Müalicə terapiya kursu bundan sora davam etməlidir: “Çox xahiş edirəm ki, maddi yardım etsinlər, müalicələrim davamlı olsun. Sağalmaq istəyirəm. Son nəfəsimə kimi vətənim Azərbaycana xidmət etmək istəyirəm”.

Pyotr Anatolyeviç Kuvşinov Ağdərə, Laçın, Kəlbəcər, Füzuli, Ağdam və Tərtər uğrunda döyüşlərdə iştirak edib: “Döyüşlərin fəal iştirakçısı olmuşam. Murovdağ döyüşləri zamanı Rusiyanın “İzvestiya” qəzetinin əməkdaşı mənə sual verdi ki, sən burada nə edirsən? Sənin evdə ailən və uşağın var, axı bir dəfə ağır döyüşlərdə yaralı olmusan? Mənsə bir az fikirləşib cavab verdim ki, anam da, atam da burada doğulub, burada böyüyüblər. Burada mən doğulmuşam, mənim uşaqlarım yaşayır. Bura mənim torpağımdır. “Nə qədər ki, sonuncu erməni Azərbaycan torpaqlarından çıxmayıb, mən cəbhədə olacağam” dedim. O, mənim dilimin yox, ürəyimin sözü idi. Mən Azərbaycanı sevirəm, vətənimin vurğunuyam”.

Pyotr Kuvşinov Qarabağ döyüşlərinin yadigarını - qəlpə qırıntılarlnl bədənində gəzdirir. Vətən üçün bu gün də silaha sarılıb döyüşlərə qatılmaq əzmi ilə yaşayan Pyotr Anatolyeviçə sağlamlıq diləyi ilə ondan ayrıldıq. İnanırıq ki, 6 yaşlı qızcığazın arzuları gerçəkləşəcək, atası sağlamlığına qovuşacaq!