779
14:18
05 İyul 2019

Evində vəhşi heyvan saxlayanlara EKSPERTDƏN XƏBƏRDARLIQ

Parklarda, istirahət mərkəzlərində vəhşi təbiətdən ayrı salınan müxtəlif heyvanlara rast gəlmək adi hala çevrilib. Hətta şəhərin mərkəzi küçəsi “Nizami”də günəşin altında əyininə paltar geyindirilən meymunla şəkil çəkdirmək təklif olunur. Bəziləri öz fərdi bağında belə vəhşi heyvan saxlyır. Bu, nə dərəcədə düzgündür? Vəhşi heyvanların uyğun olmayan vəziyyətdə saxlanılması həm heyvanlar, həm də insanlar üçün hansı təhlükələləri doğurur?

Bununla bağlı Lent.az -a açıqlama verən Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Azər Qarayev deyib ki, insanların heyvanlarla bağlı əsas məşğuliyyətlərindən biri onların əyləncə məqsədi ilə istifadəsidir.

Sədr bu siyahıya yalnız parkları deyil, sirkləri və digər məkanları da aid edir: “Azərbaycanda zoopark acınacaqlı vəiyyətdədir. Biz neçə ildir deyirik ki, Azərbaycanda zooparkın olması vacib deyil. 12 milli parkımız var. Böyük ölkə olmadığımız üçün həmin parklara getmək iki-üç saat vaxtımızı alır. Şamaxıda, Altıağacda milli parkların ərazisində heyvanları təbii şəraitdə müşahidə etmək mümkündür. Heyvanların acınacaqlı vəziyyətdə saxlanılması nəyə lazımdır?”.

Saxlanılan heyvanların təhlükəsi

A.Qarayev bildirib ki, heyvanların antisanitar vəziyyətdə saxlanılması insanlar üçün də təhlükə yaradır: “O vəziyyətdə saxlanılan heyavnlarda yolxucu xəstəliklər yarana bilir. Bu real olaraq həm uşaqlar, həm də böyüklər üçün təhlükəlidir. Bəzən görürsən ki, fərdi sahibkar gəlir əldə etmək məqsədilə vəhşi heyvanları təbiətdən ayırıb saxlayır. Onların 90 faizi bunu qanunsuz edir.

Örnək kimi zooparka baxır və orada heyvana yaradılan şəraitə uyğun evində, restoran və ya istirahət mərkəzində şərait yaradır, heyvan saxlayır. Vəhşi və ya ev heyvanı olmasından asılı olmayaraq, onlardan əyləncə məqsədilə istifadə etmək, müxtəlif obyektlərdə şəkil çəkdirmək yolverilməzdir. Bu, birbaşa qanun pozuntusudur. Hüquq-mühafizə orqanları bu faktları aşkarlayıb cərimə etməlidir. Təəssüf ki, müvafiq qurumlar baş verən halların həqiqətən də heyvanlara qarşı qəddarlıq olduğunu ayrıd edə bilmir. Biz müraciət etməsək, rezonans olmasa, buna fikir vermirlər və dırnaqarası yanaşırlar. Ona görə belə vəziyyət gündən-günə artır. Heyvanların əyləncə məqsədilə istifadə edilməsi mütləq tənzimlənməlidir.

Müvafiq dövlət orqanlarına müraciət edirəm ki, bu vəziyyətə son qoysunlar”.

Birlik sədri onu da vurğuladı ki, hazırda heyvanların mühafizəsi ilə bağlı qanun layihəsi üzərində işləyirlər. Onun sözlərinə görə, qanun qəbul olunarsa, sadaladığım məsələlər öz əksini tapacaq.

Aqressivliyi artan heyvanlar

Birlik sədri deyir ki, heyvanlara qarşı qəddarlıq problemindən başqa, insanlar üçün təhlükəli tərəfləri də var: “Heyvan necə saxlanılır, peyvənd olunurmu? Aqressivdir, ya yox? Məsələn, Bakının mərkəzi küçələrindən birində insanlara meymunla şəkil çəkdirmək təklif olunur. Meymun ekzotik növdür. Azərbaycana daxil olursa, xüsusi icazəsi olmalıdır. Xüsusi yerdə saxlanmalıdır. Heyvanları küçələrdə bu şəkildə göstərmək yolverilməzdir. Bura Afrika deyil”.

A.Qarayevin dediyinə görə, hüquq-mühafizə orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə xüsusi reydlər keçirməlidir.

Evlərdə saxlanılan ekzotik heyvanların Bakı zooparkına verilməsini istəmədiyini deyən A.Qarayev onların başqa dövlətlərə təhvil veilməsinin qanunvericilk əsasında həyata keçirilməsini istəyir: “Söhbət təkcə bir meymundan getmir. Azərbaycana nə qədər qanuni və qanunsuz tutuquşular, ekzootik heyvanlar, iquanalar və s. gətirilir. Sayı-hesabı yoxdur. Təzə bazarda bu cür ekzotik və ya özümüzə məxsus olan, amma və vəhşi təbiətdən ayrılan sənədsiz heyvanlar satılır”.