Casus doktor, “qonaqlıq”dan başlayan savaş, satqın generalın tənha ölümü – <span style="color:red;">TARİXİN SANDIĞINDAN
22 iyun 2019 20:00 (UTC +04:00)

Casus doktor, “qonaqlıq”dan başlayan savaş, satqın generalın tənha ölümü – TARİXİN SANDIĞINDAN

Müasir, sivil Amerikanın tarixi həqiqətən böyük, həqiqətən inqilabi və həqiqi azadlıq müharibəsilə başlanır; elə bir müharibə ilə ki, krallar, mülkədarlar, kapitalistlər arasında mal-mülk davasından, tutulmuş torpaqların, yaxud, ələ keçirilmiş qənimətlərin bölgüsündən doğan saysız-hesabsız qanlı savaşlar arasında tək-tük olub. Bu, Amerika xalqının ölkələrini müstəmləkə zülmü altında saxlayan quldur ingilislərə qarşı müharibəsi idi”.

V.İ. Lenin

“Amerika fəhlələrinə məktub”dan

 

 

1773-cü il dekabr ayının 16-da tarixə “Boston çay məclisi” adı ilə daxil olan hadisə baş vermişdi. İngiltərənin çay idxalına qoyduğu gömrük rüsumundan narazı qalan amerikan kolonistləri həmin gün hindu qiyafəsində Boston buxtasındakı ingilis gəmilərinə hücum çəkərək, ucuz Hindistan çayından ibarət yükü dənizdə batırmışdı. Müstəmləkələr ingilis mallarına boykot elan etdilər və 1774-cü il dekabr ayının 1-dən İngiltərədən gətirilən bütün mallara qadağa qoyuldu.

 

1775-ci ilin 19 aprel və 17 iyununda kolonistlərlə ingilis əsgərləri arasında ilk toqquşmalar baş verdi. Həmin ilin payızında isə amerikalılar Kanadanın Kvebek əyalətinə soxularaq, yerli kolonistləri Britaniya hökmranlığına qarşı qiyama qaldırmağa cəhd göstərdilər, lakin yerli xalqın dəstəyini qazanmadıqlarından tələsik geri çəkilməli oldular.

 

Haşiyə: Şimali Amerikanın şərq sahilində XVII – XVIII əsrlərdə yaranmış On üç Müstəmləkənin (ing. Thirteen Colonies) əhalisi yekcins deyildi, lakin inqilabi hərəkatın başlanması ilə ingilisdilli kolonistlər arasında müstəqillik tərəfdarları olan “patriotlar” və ingilis təbəəliyinin tərəfdarı olan “loyalistlər” arasında dərin ziddiyyətlər başlandı; bəzi qruplar isə neytrallıq nümayiş etdirməyə üstünlük verdilər. Loyalistlərin çoxu iri şəhərlərin müstəmləkə məmurları, tacirlər, sənayeçilər idi. Patriotların əksəriyyəti isə xırda alverçilər, sənətkarlar, fermerlər, muzdurlar olub. Hər iki dəstənin başında isə savadlı, ziyalı insanlar dururdu.  

 

4 iyul 1776-cı ildə isə Amerika kolonistləri özlərini müstəqil ştatlar elan etdi. Bununla da Corc Vaşinqtonun rəhbərlik etdiyi kolonistlərin ordusu ilə general lord Hounun komandanlığı altında vuruşan ingilis qoşunları arasında hərbi toqquşmalar başlandı. İlk dövrdə inamlı davranan general az sonra başa düşdü ki, əlavə kömək yetişməsə, amerikalı “başıpozuqların” öhdəsindən gələ bilməyəcək. Bu müharibə ölkənin çox böyük bir ərazisində cərəyan edirdi və əsasən,  bir-birindən uzaq olan nahiyələrdə baş verən ayrı-ayrı döyüşlərdən ibarət idi.

 

Döyüşlər 1778-ci ilədək tərəflərin növbəli üstünlüyü ilə davam etdi. Həmin il isə Kanada və Hindistandakı mövqelərini qaytarmaq fikrinə düşən Fransa amerikalı qiyamçılarla sazişə girdi. Fransa xəzinəsindən gələn pullar, külli miqdarda silah və canlı qüvvə ilə kömək amerikalıların döyüş meydanında üstünlüyü ələ keçirməsinə səbəb olmuşdu. Onların üstünlüyü İngiltərənin 1780-ci ilin iyun ayında İspaniyaya, dekabr ayında isə Hollandiyaya müharibə elan etməsi ilə bir qədər də möhkəmləndi. Müharibə artıq Avropanın özündə gedir, Britaniya adaları üzərində qara buludlar getdikcə sıxlaşırdı. Ölkə hər an xarici işğala məruz qala bilərdi.

 

Birləşmiş Ştatlar və İngiltərə arasında preliminar sülh sazişi 1782-ci il noyabr ayının 30-da imzalandı.

 

Haşiyə: Preliminar sülh sazişi müharibə aparan dövlətlər arasında hərbi əməliyyatların dayandırılması və tammiqyaslı sülh sazişi üçün danışıqların başlanması məqsədilə imzalanır. Bu sazişdə atəşkəsin şərtləri, həmin an üçün tərəflərin nəzarətində olan ərazilər, nəzərdə tutulan ərazi dəyişiklikləri, kontribusiya müəyyənləşdirilir, hərbi əsirlərin vəziyyəti barədə razılaşma əldə olunur. Sülhün bu növü XVIII və XIX əsrlərdə geniş tətbiq olunurdu.

 

Amerika əleyhinə müharibə yalnız ingilis qoşunlarının döyüş meydanlarında fəaliyyəti ilə məhdudlaşmırdı. Bütün bu illər ərzində ingilis kəşfiyyatı müxtəlif səfirliklərin çətiri altında qızğın fəaliyyətdə idi. Tarixçi R.Rouan yazır ki, “bu beş, son dərəcə həssas illər (1776-1781) ərzində Britaniyanın xarici işlər nazirliyi və kral III Georq casus şəbəkəsinin ötürdüyü məlumatlara böyük diqqət verirdi deyə, beynəlxalq aləmdə Amerikanın vəziyyəti barədə general Vaşinqton və ölkə konqresindən daha məlumatlı idilər”.

 

O illərdə Məxfi xidmətə rəhbərlik edən Lord Saffolk  və onun köməkçisi Uilyam İden Britaniya generallarının döyüş meydanlarında itirdiklərini gizli əməliyyatlarla qaytarmağa çalışırdılar. Onlar sağa-sola rüşvət paylayır, istənilən məxfi sənədi ələ keçirə bilirdilər.

 

Amerika müstəmləkələrinin Londonda, daha əvvəl isə Berlində nümayəndəsi olmuş Artur Linin ətrafında bir yığın casus qaynaşırdı. Berlində ingilis diplomatı Hyu Elliot alman xidmətçinin köməyilə Linin yaşadığı otelin bütün xidmətçilərini ələ almışdı. Onlardan hansısa Linin şəxsi gündəliyini oğurlamağa müvəffəq olur və onu Britaniya missiyasına ötürür. Missiyada sənədin surətini çıxarıb, qaytarırlar. Bu əməliyyata cəmi altı saat vaxt sərf olunduğundan, gündəliyin yoxa çıxmasından kimsə duyuq düşmür. Lakin Li bu hadisədən hansı yollasa xəbər tutur və həmin andan etibarən ingilis casusları ilə çox fəal mübarizəyə başlayır.

 

Gizli müharibədə Britaniya kəşfiyyatı planlaşdırdığı əməliyyatların effektivliyinə müxtəlif yollarla nail olurdu. Bu yolların ən uğurlusu ali təbəqədən olan, Parisdə yaşayan və ingilis maraqlarına loyal münasibətilə fərqlənən amerikalıların ələ alınması idi. Fransada görkəmli alim və dövlət xadimi Bencamin Franklinin başçılıq etdiyi Amerika səfirliyi ingilis kəşfiyyatı üçün əsas məlumat mənbəyi olmuşdu.

 

Franklinin etibar etdiyi dostları arasında “üzüyola və “mehriban” insan saydığı Eduard Bankroft da vardı. Tanınmış tibb doktoru, Kral cəmiyyətinin üzvü olan Bankroft o qədər təcrübəli casus idi ki, ingilislər ona illik 1000 funt məbləğində təqaüd də kəsmişdilər. Öz peşəsinə və xidməti borcuna sadiqlik maskasını peşəkar aktyor məharətilə daşıyan Bankroft Franklindən bildiklərini asanlıqla öyrənir, bütün dəyərli informasiyalar təcili olaraq, Londona çatdırılırdı. Beləliklə, Franklinin Amerikanın fransız müttəfiqlərindən topladığı məxfi məlumatlar, özü də bilmədən, çox vaxt Vaşinqtondan əvvəl lord Saffolkun əlinə düşürdü, çünki Bankroft xəbərin Amerikaya getməsini də əngəlləyirdi.

 

Casuslarla mübarizəni öz amalına çevirmiş Artur Li bir müddətdən sonra Bankroftun Britaniya agenti olduğundan duyuq düşür. O, şübhələrini Franklinə çatdırmaqla yanaşı, Bankroftun neçə dəfə Londona gedərək, kralın gizli şurasının məxfi iclaslarında iştirak etdiyi barədə faktlar da gətirir. Artur Li bu xəbəri öz qardaşı Uilyam Lidən almışdı. Onun qardaşı 1773-1774-cü illərdə Londonun iki şerifindən (polis rəislərindən) biri idi, daha sonralar isə mühüm dövlət məmuru sayılan oldermen – London şəhər idarəsinin üzvü seçilmişdi və Bankroft barədə həqiqətləri öyrənmək gücündə idi.

 

Lakin Franklin Artur Liyə inanmadı, çünki Eduard Bankroft onun köhnə dostu və sədaqətli tələbəsi idi. Artur Linin xəbərçiliyindən sonra, onun özünü gözümçıxdıya salır, iftirada günahlandırırlar.

 

Bankroft isə öz işində idi. Üstəlik, Londona gizli səfərlərini də leqallaşdırmışdı; oradan qayıdanda, Vaşinqtona ingilis qoşunlarının və donanmasının hərəkətləri, Britaniya hökumətinin niyyətləri barədə “qiymətli” məlumatlar ötürürdü. Dezinformasiya xarakterli bütün bu materialları onun ingilis sahibləri hazırlayırdı. Bu xəbərlər zahirən çox dəyərli görünsə də, ya saxta, ya da köhnəldiyindən heç bir dəyəri olmadığından nə İngiltərəyə ziyan vura, nə də Amerikaya xeyir gətirə bilərdi.

 

Saxta məlumatların müəllifləri çox nəcib və düzgün adam olan Franklinin Bankrofta qeyd-şərtsiz bel bağladığına, onun düzgünlüyünə tam inandığına arxayın idilər. Amerikalıları Bankroftun məxfi agent kimi onların mənafeyinə işləməsinə inandırmaq üçün Britaniya naziri onu casusluqda ittiham edərək, həbsə saldırır. Az sonra isə, “sübut” bazasının zəifliyi ucbatından ondan üzr istəyib, azadlığa buraxırlar. Məhz bundan sonra Amerika konqresi doktora “təhlükəli” şəraitdə işlədiyinə görə məvacib kəsir. Beləliklə, Bankroft ingilislərlə yanaşı, amerikalıları da sağmal inək kimi sağırdı. Maraqlıdır ki, bir dəfə Konqres onun agent məvacibini gecikdirəndə Bankroft Amerika rəhbərliyini çox sərt bir məktub ünvünlayır.

 

Bankroftun casus kimi şəriki Pol Uentvort adlı birisi idi. Onlar həm yaxın dost, həm iş ortağı, həm də intriqalarda müttəfiq idilər. Uentvort Bankroftu ingilislər üçün təhlükəsiz olan, amma maraqlı təfərrüatlarla zəngin hadisələrdən hali edirdi. Londondan Franklinə gələn yalan informasiyalara elə həqiqi detallar əlavə edilirdi ki, xəbərin həqiqiliyinə şübhə yaranmırdı. Uentvord həm də, şəbəkəyə yeni-yeni casuslar cəlb etməkdə usta idi. Həmin dövrdə ingilis kəşfiyyatının bütün uğurları onlarla bağlı idi.

 

Britaniya üçün müharibə illərinin ən qiymətli agenti Amerika generalı Benedikt Arnold idi. O, hələ 1775-ci ildə general Riçard Montqomeri ilə birlikdə Kvebek şəhərinə uğursuz hücuma başçılıq etmişdi. Artıq Britaniya agentinə çevriləndən sonra isə Amerika ordusunun bütün hərbi sursatlarının toplandığı Uest-Poynt bazasına başçılıq edirdi.

 

Britaniya ordusu Uest-Poyntu ələ keçirmək üçün xüsusi əməliyyat işləyib-hazırlamışdı: vaxtı çatanda Benedikt Arnold lazımi işlər görməli idi. O ərəfədə Amerika əks-kəşfiyyatı Andre soyadlı bir mayoru ələ keçirmişdi. Mayorun çəkməsindən Arnoldun öz əlilə yazılmış və onu tamam ifşa edən sənədlər çıxmışdı. Həmin mayoru həbs edənlər naməlum səbəblərdən onu buraxmışdı. Andre azad olan kimi, Arnoldun yanına tələsir ki, onu əməliyyatın iflasa uğradığından xəbərdar etsin. Eyni zamanda, Andreni tutan hərbi hissənin komandiri onun saxlanıldığı barədə xəbəri Arnolda da göndərir. Əks-kəşfiyyat isə Andreni yarıyolda yenidən tutur, o məhkəmə qarşısına çıxır və edam edilir.

 

Benedikt Arnol 1714-cü ildə anadan olmuşdu və on beş yaşında evlərindən qaçaraq, fransızlarla toqquşmalarda iştirak edirdi. İstiqlal uğrunda müharibə başlananda, o kapitan rütbəsində orduya gəlir və qısa bir zamanda xidməti pillələrdə yüksələrək, 1778-ci ildə artıq general-mayor olur. Müxtəlif yolverilməz hərəkətlərinə görə, dörd dəfə məhkəməyə cəlb edilmiş, amma hər dəfə Corc Vaşinqtonun himayəsi nəticəsində cəzadan can qurtara bilmişdi.

 

Tezliklə, Arnold yeknəsəq müharibədən bezir və macəra aşiqi olduğundan ingilislər tərəfə keçir. Onun xəyanətinin dəqiq səbəbi və şəraiti məlum deyil. Arnold Uest-Poyntu 20 min funta təslim etmək qərarına gəlir. İngilislər bu məbləğlə razılaşırlar. Benedikt Arnoldun mayor Andre ilə görüşü 1780-ci il sentyabr ayının 21-də baş tutur. Lakin iki gündən sonra Andre həbs edilir. Onun həbsindən xəbər tutan Arnold aradan çıxaraq, “Vultur” adlı ingilis gəmisinin anbarında gizlənir.

 

Arnoldun sonrakı taleyi də maraqlıdır. Onu Britaniya ordusunun briqada generalı rütbəsinə layiq gördülər, “Amerika zonasında” qalmış əmlakına görə ona 6315 funt vəsait ayırdılar. General sonrakı döyüşlərdə ingilislər tərəfdə döyüşdü, Riçmond şəhərini yandırdı, Nyu-London şəhərinə hücum etdi.

 

Müharibənin nəticələri ağır oldu. Şimali Amerikada ingilis qoşunlarının böyük bir hissəsi məhv olandan sonra, Böyük Britaniyanın müharibəyə marağı itdi. 1782-ci il mart ayının 20-də İngiltərə parlamentinin hökumətə etimadsızlıq göstərməsilə əlaqədar, baş nazir Frederik Nort istefa verdi və 1782-ci ilin aprelində Nümayəndələr Palatası müharibənin dayandırılması barədə qərar çıxardı.

 

1783-cü ilin noyabrında yeni Amerika hökuməti Britaniya Kanadasına iddialarından vaz keçdi. Həmin il noyabrın 25-də sonuncu Britaniya əsgərləri Nyu-Yorku tərk etdi və 40 min loyalist qoşunla bir yerdə Kanadaya köçdü. Amerika separatçılarına göstərdiyi kömək Fransaya da baha başa gəldi. Ölkədə maliyyə böhranı nəticəsində inqilab baş verdi və bu inqilabda amerikalılar çox yaxından iştirak etdilər.

 

O ki, qaldı general Arnoldun sonrakı taleyinə, o, məğlub Britaniya qoşunlarının qalıqları ilə birlikdə Londona gəldi və 1801-ci ildə qürbətdə tək-tənha öldü...

# 2389
avatar

İlqar Əlfi

Oxşar yazılar

Tarixdə  ilk imperiya   necə yaranıb? - Maraqlı faktlar

Tarixdə ilk imperiya necə yaranıb? - Maraqlı faktlar

26 aprel 2024 , 20:15
Kral və kraliçanı başsız qoyan, 3 min nəfəri edam edən məşhur cəllad

Kral və kraliçanı başsız qoyan, 3 min nəfəri edam edən məşhur cəllad

2 aprel 2024 , 20:15