882
12:35
19 İyun 2019

Maaşlar 50 faiz artacaq - DEPUTAT

“2018-ildə Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artıraraq, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaradıb və qeyri-neft sektorunun sürətli inkişafını təmin edib”.
Lent.az məlumat verir ki, bu sözləri deputat Tahir Mirkişili deyib. O bildirib ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasiyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərib:
“2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əmək haqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artmasına, problemli kreditlərinin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir. Dövlət başçısının dünənki sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladıldı”.
Deputat qeyd edib ki, yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur:
“Minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Xatırladım ki, minimum əmək haqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcəkdir. Digər tərəfdən dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların və digərlərinin əmək haqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaqdır. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması (2.3 faiz) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaqdır.
Bütövlükdə prezident sərəncamları ilə əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaqdır ki, bu da dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaqdır. Bundan başqa əmək haqlarının artımı həm də iqtisadi aktivliyi artıracaqdır”.