448
16:40
13 İyun 2019

Şuşa və Xocalı uşaqların gözündə Xocalının çaylarından qan axır

Qaçqın və məcburi köçkünlərin iştirakı ilə keçirilən tədbirlərdən birində bir masanın ətrafına toplaşan bir neçə yeniyetmə var idi. Öz sinif yoldaşları ilə deyir-gülür, arada rəqs edir, əylənirdilər.

10-13 yaşlarında olan uşaqlar maraqla böyüklərin danışığına qulaq assalar da, arada bir onların fikirlərini öz aralarında müzakirə edirdilər. Bir neçə gündən sonra məktəbin daha bir ilini geridə qoyub bir pillə yuxarı qalxacaq olan uşaqlardan hansı arzularla yaşadıqlarını soruşuram. Sən demə, ürəkləri dolu imiş. Hamısını da bir azru birləşdirir-tezliklə doğulduqları torpaqların azad olunmasını istəyirlər.
Qeyd edim ki, onların hamısının ailəsində ən azı bir-iki şəhid və ya itgin var. Bütün yaşananlara, valideynlərinin keçdiyi çətin ömür yoluna baxmayaraq, bu yeniyetmələr nikbindirlər və məxsus olduqları torpaqların geri alınacağına əmindirlər.
Lent.az Şuşadan və Xocalıdan olan həmin uşaqların hansı arzularla yaşadığını oxuculara təqdim edir.

Bu gözəl xanım 9 yaşlı Zəhra Məmmədovadır.

Şuşa şəhər 9 saylı tam orta məktəbin 3-cü sinfində təhsil alır. Yəni, Zəhra şuşalıdır. Bakıda doğulsa da, qeyri-ixtiyarı “Şuşada doğulmuşam”-deyir. Zəhra şəhid nəvəsidir, babası Məmmədov İlqar Ağdərədə-Fərrux dağında şəhid olub.

“Şuşa çox gözəl yer idi. Oranı hamı sevirdi. Ermənilər oranı işğal edəndə bizim çoxlu şəhidlərimiz oldu. Şuşanın təbiəti çox gözəl olub. Bəzən burada rayonlara gedirəm. Onlardan eləsi var ki, təsəvvürümdə olan Şuşaya bənzədirəm. Xəyalımdakı Şuşanı canlandırmağa çalışıram”.

Zəhra böyüyəndə həkim olacaq. Çünki bütün uşaqların sağlam olmasını istəyir: “Bəzən olur ki, uşaqlar pis xəstəliyə tutulur. İstəyirəm ki, onları müalicə edim. Heç bir uşağın xəstələnməsini istəmirəm”.

Zəhra deyir ki, Şuşa dağlarında bitən Xarıbülbül gülünü şəkildə görüb. O, çox istəyir ki, Şuşada bu gülü öz gözləri ilə görsün.

Söhbətə Zəhranın qardaşı İlhami Məmmədov də qoşulur. Şuşada yetişən dahi şəxsiyyətlərin-Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül, Xurşidbanu Natəvan və başqlarının adını çəkir, bacısına dəstək olur.

Şuşalı Məmmədov Əkbərin isə 13 yaşı var.

Şuşa şəhər 9 nömrəli məktəbin 6-cı sinfində təhsil alır. İlhaminin mövzusunu davam etdirir: “Dahi bəstəkar Üzeyir Hacıbəylinin, Azərbaycanın birinci şairəsi, Qarabağın son varisi Xurşidbanu Natəvanın vətənidir Şuşa. Əsrarəngiz bir gözəlliyə malik yer olub. Şuşada doğulan insanların hər birinin musiqi duyumu olub. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Bülbül, Süleyman Ələsgərov kimi insanlar yaşayıb-yaradıb”.

Əkbər tarda ifa etməyi bacarır. Ramiz Quliyev şəxsən mənə tar hədiyyə edib, deyir.

Onların xəyalındakı Xocalı

Ələkbərzadə Zəhra 7-ci sinif şagirdidir.

Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun nəvəsidir. Zəhra deyir ki, Xocalı deyəndə təsəvvürünə qanlı şəhər gəlir: “Nənə-babalarımın dediklərinə görə, Xocalı yaşıllıq bir yer olub. Kənd sakinləri sevinc, təbəssüm dolu insanlar olub. İnsanları deyib-gülən, əylənən insanlar olub. Düşünürəm ki, Xocalı ermənilər tərəfindən alınmasaydı, orada həyatımız fərqli olardı”.

Zəhra deyir ki, nənəm nə qədər xəyalımda gözəllikləri canladırmağa çalışsa da, alınmır: “Xocalını güllü-çiçəkli, yaşıllıq dolu canladıra bilmirəm. Xocalı ilə bağlı o qədər qanlı videolar görmüşəm ki, qanlı şəhər kimi təsəvvür edirəm. Mənim babam Xocalıda döyüşəkrən şəhid olub. Batalyon komandiri olub. Xocalıda qızlara, oğlanlara, bir sözlə hamıya silah tutmağı öyrədib. Xocalıda ermənilərlə vuruşanda 25-dən 26-na keçən gecə ermənilər tərəfindən mühasirəyə alınanda onların əlinə düşməmək üçün qumbara ilə özünü partladaraq ölüdürb. Özü ilə bərabər çox sayda erməni də öldürüb. Nənəm də Xocalıda şəhid olub. Bizim nəsildən Xocalıda 49 nəfər şəhid olub. Babam “Mixaylo” ləqəbi daşıyıb. Hətta ermənilər onun başına pul da qoyublarmış. Babam 1990-cı ildə 20 Yanvar şəhidləri qarşısında söz verib ki, mən Xocalını heç vaxt qoyub getməyəcəyəm. Babam verdiyi sözə əməl etdi. Babama Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Xocalıda doğulub böyüdüyü üçün Xocalını qoyub heç hara getmərəm-deyib. Ona görə də çox insanları xilas etsə də, özü elə orada vəfat edib”.

Zəhra deyir ki, Abşeronun Pirşağı qəsəbəsində məskunlaşıblar və orada çoxlu Xocalısız yaşayan xocalılar var. Xocalını görməyi çox arzu edir.

Zəhra hərbçi olmaq, babasının işini davam etdirmək istəyir.

Zəhranın anası Xocalıda hər iki valideynini itirmiş 25 uşaqdan biridir. Ona görə də Zəhranın ən böyük arzusu bütün uşaqların öz valideynləri ilə birlikdə böyüməsidir.

Bu isə Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Hüseynova Aydandır. Şəhid Bakir Hüseynovun nəvəsidir. “Mənim babam Xocalıda döyüşərkən itkin düşüb və biz hələ də ondan xəbər ala bilmirik. Amma biz elə bilirik ki, babam ermənilərin əlinə əsir düşməyib. Buna görə də hər zaman ona şəhid kimi baxırırq”-deyə, Aydan söhbət edir.

Nənəsinin babası ilə bağlı xatirələrindən danışır: “Nənəm deyirdi ki, babam həmişə cibində patron gəzdirirdi. Deyirmiş ki, ermənilərin əlinə düşsəm, özümü öldürəcəyəm. Babam qardaşı olan Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun batalyonunda leytinat kimi fəaliyyət göstərib. Biz Hüseynovlar ailəsi olaraq çox itgi vermişik. Babamın atası, anası, qardaşı və o özü, qardaşının həyat yoldaşı hamısı birlikdə Xocalıda vəfat edib. Xocalıda tamamilə məhv olan 8 ailədən biri də bizim ailəmizdir. Xocalı mənim təsəvvrümdə qanlı şəhər olaraq canlanır. Mən Xocalını dağların qoynunda yaşıllşıqlar içində bir şəhər kimi təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, Xocalı bizdən küsüb. Çünki biz onu axtarmırıq, aramırıq. Amma əminəm ki, prezidentimizin başçılığı ilə bizim güclü ordumuz Xocalını da, Qarabağı da geri alacaq. Biz uşaqlar da Xocalıda festival keçirəcəyik. Mən əla qiymətlərlə oxuyuram və həkim olmaq istəyirəm. Cəbhə bölgəsində əsgərlərə kömək etmək arzusundayam. Babamı xilas edə bilməsəm də, digər əsgərləri xilas edəcəyəm”.

Əliməmmədov Kənan Xocalıda şəhid olan Bakir Hüseynovun nəvəsidir.

13 yaşı var. Xocalını görməsə də, xəyalında gözəl bir yer kimi təsəvvür edir: “Ana-atamın dediyinə görə, Xocalı dağlıq ərazidə yerləşib. Babam Bakir Hüseynov özünümüdafiə batalyonunda döyüşüb. Xocalını qoruyanlardan biri olub. Milli Qəhrəman adını almasa da, bizim könlümüzün qəhrəmanıdır”.

Və Mustafayeva Zəhra...

O, Xocalı şəhər 2 saylı orta məktəbin 7-ci sinif şagirdidir. Zəhranın dayısı Xudiyev Zahid şəhid olub: “Dayım Xocalıda döyüşüb daha sonra 1994-cü ildə Füzulidə şəhid olub. Xalam Çiçəyin balaca uşağı meşədə həlak olub. Onun həyat yoldaşının taleyi isə hələ də məlum olmayanlardandır. Valideynlərim mənə Xocalıdan çox danışır. Dağından, çayından. Amma mənə elə gəlir ki, Xocalının çaylarından qan axır. Orda açan çiçəklərin üzərində su damlaları yerinə qan damlaları durur”.

Zəhra böyüyəndə poils olmaq, insanları pis niyyətlilərdən qorumaq istəyir.