316
10:51
08 İyun 2019

"İl ərzində 300-500 böyrək və 100-ə yaxın qaraciyər transplantasiyası olur" - Rəşad Mahmudov

“Transplantasiya haqqında” yeni qanun layihəsi üzərində müzakirələr son mərhələyə çatıb və qanun layihəsinin payız sessiyasında birinci oxunuşda müzakirəyə çıxarılması gözlənilir.
Bunu APA -ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib.
R. Mahmudov deyib ki, bu qanun layihəsini yubatmaq üçün heç bir səbəb yoxdur. Millət vəkili Azərbaycan səhiyyəsinin və həkiminin bu işə hazır olduğunu qeyd edib: "Gələn ildən ölkəni tam əhatə edəcək icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu qanunu nə qədər tez qəbul etsək, bir o qədər yaxşıdır. Bu qanun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iş planının qurulması, icbari tibbi sığorta mexanizminin daha sağlam şəkildə həyata keçirilməsi, eləcə də bu problemdən əziyyət çəkən insanların səhiyyənin bu sahəsinə əlçatanlığının artması üçün vacibdir".
Millət vəkili müzakirələr zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinin transplantasiyaya münasibətinin müsbət olduğunu söyləyib: "Agentlik ilk mərhələdən bu işə başlayacağını bəyan edib. Ancaq icbari tibbi sığorta hansı orqan köçürmələrini əhatə edəcək, bu, Dövlət Agentliyinin son qərarından asılı olacaq. Transplantasiya insanın yaşaması üçün son çarədir, qızıl standart metodudur. İcbari tibbi sığortanın bunu əhatə etməməsi qəbul oluna bilməz. Digər tərəfdən, transplantasiya bahalı əməliyyat kimi görünsə də, say baxımından kütləviliyi az olduğu üçün bu, çox böyük maliyyə xərci tələb etmir. Ölkə üzrə il ərzində 300-500 böyrək və 100-ə yaxın qaraciyər transplantasiyası olsa belə, icbari tibbi sığorta sistemində bu, ölkə üzrə adambaşına 2 manat tələb edir. Yəni Azərbaycanda illik transplantasiya xərci 20 milyon manatı keçmir. Bu xərc transplantasiya sahəsində hər şeyin ən yüksək səviyyədə təşkil olunduğu halda çəkiləcək ümumi xərcdən gedir. Halbuki bu gün 100 qaraciyər transplantasiyası tələbatına qarşı ölkədə il ərzində 20-30 nəfərə qaraciyər transplantasiyası, 100 nəfərə böyrək transplantasiyası həyata keçirilir. Amma orqan transplantasiyası icbari tibbi sığorta mexanizmi çərçivəsində həyata keçirilsə, bunun 3-4 misli qədər transplantasiya əməliyyatı etmək mümkün olacaq. Bunun maliyyə yükü belə Azərbaycan dövlətinin, səhiyyəsinin və icbari tibbi sığortanın qaldıra biləcəyi maddi yükdür. İcbari tibbi sığorta transplantasiyanı əhatə etdiyi halda tibbin bu sahəsində inkişafın daha sürətli olması və transplantasiyaya ehtiyacı olan insanların başqa ölkələrə getmədən öz ölkəsində şəfa tapması mümkün olacaq".