414
15:34
26 Aprel 2019

Vladimir Putin: “Rusiya həmsədr ölkə kimi münaqişənin həllində səylərini əsirgəməyəcək” - YENİLƏNİB

Aprelin 26-da Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.
ONA -nın xəbərinə görə, dövlət başçıları görüşdə çıxış ediblər. Rusiya Prezidenti azərbaycanlı həmkarını görməkdən şad olduğunu vurğulayıb: “Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir.
Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq”.
Azərbaycan Prezidenti də bu görüşə şad olduğunu bildirib: “Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik”.
Vladimir Putin diqqətə çatdırıb ki, keçən il əmtəə dövriyyəsi 14 faiz artıb və 2,5 milyard dollara çatıb: “Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq”.
Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirilib və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Prezident Vladimir Putin bəyan edib ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirib. Ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
13:04
Çinin paytaxtı Pekin şəhərində Rusiya və Azərbaycan prezidentlərinin geniş tərkibdə görüşü olub.
ONA -nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Vladimir Putin görüşdə azərbaycanlı həmkarını görməkdən məmnun olduğunu söyləyib: "Biz kluarlarda bir-birimizlə qısa danışıqlardan çox məmnunuq. Sizinlə artıq daha geniş tərkibdə söhbətləşmək imkanına malik olmaqdan şadam. Sizinlə müntəzəm görüşürük və təkcə fikir mübadiləsi aparmırıq, həm də birgə işimizi korrektə edirik. Fikrimcə, ümumilikdə birgə işimiz çox yaxşıdır. Ticarət-iqtisadi əlaqələr inkişaf edir. Sizin təşəbbüsünüzlə ticarət-iqtisadi sahədə xüsusi əməkdaşlıq mexanizmi yaratdıq. Fikrimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Bəlkə, Rusiya və Azərbaycandan olan həmkarlarımızdan bu barədə danışmağı xahiş edək. Ümumilikdə, münasibətlərimizin inkişafından məmnunuq. Əminəm ki, bu gün əməkdaşlığımızın bütün aspektləri barədə danışacağıq"-deyə Rusiya prezidenti qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışında Vladimir Putinlə yenidən görüşməkdən məmnunluğunu ifadə edib: "Görüşlər münasibətlərimizin inkişafına çox ciddi impuls verir. Biz müntəzəm olaraq görüşür, bütün sahələrdə əməkdaşlığımıza dair vacib məsələləri həll edirik. Münasibətlərimizin necə inkişaf etməsindən çox məmnunuq. Bu münasibətlər bütün sahələri əhatə edir. İki ölkə arasında aktiv siyasi dialoq aparılır. Ticarət dövriyyəsinin artımını müşahidə edirik. Sizin də qeyd etdiyiniz kimi konkret layihələrin irəli aparılması üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələrinin birlikdə iş görməsinə çox böyük marağı var. Əlbəttə ki, əməkdaşlığımızın vacib istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Burada da yaxşı nəticələrimiz var. Enerji, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığımızın yaxşı nəticələri var. Hesab edirəm ki, əməkdaşlığımızın bugünki səviyyəsi çox məsələləri, ikitərəfli gündəmdə olan və regional məsələləri həll etməyə icazə verir. Ona görə də əminəm ki, bizim bugünki görüşümüz gələcəkdə dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək və hörmətə əsaslanan münasibətlərin inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri qiymətləndiririk və onların irəliyə doğru gedəcəyinə ümid edirik".
12:23
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vldimir Putin Çinin paytaxtı Pekində görüşüblər.
ONA -nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Rossiya 24” kanalı məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub. Vladimir Putin deyib ki, ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 14 faiz artaraq 2,5 milyard dollar olub.