440
17:24
24 Aprel 2019

“Azərbaycan Diaspor Könüllüləri” layihəsinin təqdimatı olub

Diasporla İş üzrə Dövlət Komitəsi “Azərbaycan Diaspor Könüllüləri” adlı yeni layihəyə başlayıb.
Aprelin 24-də Nizami Kino Mərkəzində layihənin təqdimatı keçirilib.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və “Azərbaycan Diaspor Könüllüləri” layihəsi ilə bağlı təqdimat olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Azərbaycan Diaspor Könüllüləri” layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Komitə ilk dəfədir belə bir layihəyə start verib və bu proqram Azərbaycan dövlətinin diaspor siyasətinin tərkib hissəsidir. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev hər zaman Azərbaycanda könüllülər hərəkatının genişləndirilməsi məsələsinə xüsusi önəm verib. “Bu gün könüllülər Azərbaycanda həyata keçirilən əksər beynəlxalq layihələrdə yaxından iştirak edirlər. Müxtəlif dövlət qurumlarında könüllülərlə bağlı layihələr təşkil edilir. Bizim bu layihədə əsas məqsəd odur ki, gənclər beynəlxalq hüquq, beynəlxalq əlaqələr sahəsində biliklər əldə etsinlər, müxtəlif tədbirlərin həyata keçirilməsində töhfələrini versinlər”, - deyə F.Muradov bildirib.
“Azərbaycan Diaspor Könüllüləri” layihəsinə gənclər arasında böyük marağın olduğunu söyləyən Fuad Muradov qeyd edib ki, layihədə iştirak üçün ümumilikdə 600-dən çox gənc müraciət edib. Bizim gələcəyimiz gənclərin əlindədir. Dövlətimizin başçısı tərəfindən aparılan islahatların böyük qismi Azərbaycan gəncləri ilə bağlıdır. Bu gün Azərbaycan gəncinin asudə vaxtının səmərəli təşkili üçün ölkəmizdə hər cür şərait yaradılıb.
Tədbirdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bildirib ki, ölkəni təmsil və təbliğ etmək olduqca məsuliyyətlidir, ona görə də diaspora sahəsində çalışanlar daha peşəkar və təcrübəli olmalıdırlar. “Azərbaycan Diaspor Könüllüləri” layihəsinin həyata keçirilməsi gələcəkdə diaspora fəaliyyətinə öz müsbət təsirini göstərəcək.
“Prezident İlham Əliyev könüllük fəaliyyətinə xüsusi önəm verir. Bu gün könüllük fəaliyyəti ilə məşğul olan gənclər sabahın real kadrlarıdır. 2012-ci ildə könüllülük fəaliyyətinə başlayan gənclərin çoxu dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışırlar. Könüllük düzgün davranış qaydalarını, xeyirxahlığı, komanda şəklində fəaliyyəti aşılayır. Gənclərimizin qarşısında duran əsas məqsəd müstəqil Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsidir”,– deyə Ülvi Quliyev vurğulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından bəhs edib, Azərbaycan gənclərinin ölkə həyatının müxtəlif sahələrində qazandıqları nailiyyətlərdən danışıb. “Prezident İlham Əliyev hər zaman gənclərlə görüşlərində gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalarının vacibliyini vurğulayır. Azərbaycanda könüllük hərəkatının inkişaf etməsi həmin vətənpərvərliyin, vətəndaşlıq mövqeyinin, təəssübkeşliyinin nümunəsidir. Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən və fəal ölkələrindəndir. Ən mötəbər beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Gənclərimiz də ölkədə baş verən bu mühüm proseslərdə yaxından iştirak edirlər. Ümid edirəm ki, gənclərimiz dövlətimizi beynəlxalq arenada da yüksək səviyyədə təmsil edəcəklər”, - deyə İntiqam Babayev bildirib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, könüllülər 2012-ci ildən ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Könüllülük fəaliyyəti dövlət, cəmiyyət və ətraf mühit üçün təmənnasız fədakarlıqdır. Eyni zamanda, könüllük fəaliyyəti ilə məşğul olanlar bilik və bacarıqlarını, dünya görüşlərini daha da genişləndirmək imkanı qazanırlar. Prezident İlham Əliyevin dediyi kimi könüllük cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edir. Dövlətimizin tərəfindən bu fəaliyyətin yüksək qiymətləndirilməsi ölkəmizin gənclərini könüllülük fəaliyyətinə daha da ruhlandırır. Ölkəmizdə könüllük fəaliyyəti ilə bağlı hüquqi baza yaradılıb. “Könüllük haqqında” Qanun mövcuddur. Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edildi və artıq könüllük fəaliyyətinin təbliği dövlət gənclər siyasətinin vəzifəsinə çevrilib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təmsilçisi Cəmil Əliyev qurum haqqında məlumat verib. Bildirib ki, "Regional İnkişaf" İctimai Birliyi (RİİB) 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Qurumun əsas fəaliyyət istiqaməti regionlarda ictimai nəzarəti həyata keçirmək, Heydər Əliyev Fondunun regionlarda fəaliyyətini genişləndirmək, əhalinin qarşılaşdığı çətinliklərin dövlət qurumları və bələdiyyə orqanları ilə əməkdaşlıq və dialoq şəklində həllinə nail olmaqdır. RİİB-in Bakı şəhəri daxil olmaqla 9 regionda nümayəndəliyi fəaliyyət göstərir. Təşkilat dövlətimizin regionların inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərə dəstək verir. İctimai Birlik tərəfindən elm, təhsil, səhiyyə, ekologiya sahələrinə aid 50-dən çox layihə reallaşdırılıb. Bu layihələrin keçirilməsində könüllülərin xüsusi rolu var. RİİB-in ölkəmizin 9 regionunda 500-ə yaxın könüllüsü var ki, onlar müxtəlif layihələrdə ictimai nəzarətin həyata keçirilməsində və digər sahələrdə yaxından kömək edirlər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsi, könüllülərin praktiki bilik və bacarıqlarının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Qeyd edib ki, “ASAN xidmət” yarandığı ilk gündən könüllülük fəaliyyətinə xüsusi diqqət ayırır. “Könüllük artıq bizim ayrılmaz hissəmizdir. Demək olar ki, “ASAN xidmət” mərkəzlərinin hər birində 80-90 könüllü çalışır, mindən çox könüllü isə daimi işlə təmin olunub”, - deyə Azad Cəfərli qeyd edib.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev qurum haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstəyin verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi və dünyada daha geniş tanıdılması, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsi və bu sahəyə dövlət dəstəyinin ünvanlılığının təmini məqsədi ilə yaradılıb. Qeyd edilib ki, Diaspora Dəstək Fondu qurumlar, təşkilatlar tərəfindən layihələrin həyata keçirilməsi ilə məşğuldur. Hər bir gənc, diaspor fəalı öz layihələrini fonda təqdim edə bilər.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
(AZƏRTAC)