554
14:01
24 Aprel 2019

"Dekabrın 5-i Qərbi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunsun" - DEPUTAT

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı tədbir keçirilib.
ONA -nın məlumatına görə, YAP icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycan və Türkiyə qondarma "erməni soyqırımı" ilə bağlı vahid iradə ortaya qoymalıdır.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Türkiyənin qondarma "erməni soyqırımı" ilə bağlı həqiqətlərin üzə çıxarılması üçün arxivlərin açılmasına dair Ermənistana təklifi bu gün də qüvvədədir. E. Özoral ermənilərin Azərbaycanda törətdiyi soyqırımlarına diqqət çəkib və erməni yalanlarının üzə çıxarılması istiqamətində Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərdiyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ermənilərə qarşı soyqırımı törədilməsi ilə bağlı dünyada heç bir sübut olmadığını vurğulayıb: "Ancaq bu gün Şərqi Anadoluda, Azərbaycanın müxtəlif ərazilərində kütləvi məzarlıqlar var. Özbəkistanda belə daşnaklar türklərə qarşı soyqırımı törədiblər. Ermənilər sonuncu dəfə Balkan yarımadasında yaşayıb, Bizans imperiyasına keçiblər. Bizansa xəyanət etdikdən sonra İrana gəlib, Armeniya adlı ərazidə yaşayıb, adlarını da buradan götürüblər. Ermənilər Kiçik Asiyanın qədim etnosu deyillər. Ermənilər Urmiya ətrafında 500 minə qədər azərbaycanlını qətlə yetiriblər. Yəni Şərqi Anadoluda etdikləri əməlləri Cənubi Azərbaycanda da ediblər. Naxçıvanda da qanlı əməllər törədiblər. Amma Naxçıvanda əhali birləşib, müqavimət göstərib, öz dövlətlərini yaradıblar. Bu gün də dünyada erməni terror təşkilatları var".
Y. Mahmudov 26 Bakı komissarlarının Bakıdakı məzarı açılan zaman məhkəmə-tibbi ekspertiza nəticəsində həmin məzarda orada Şaumyanın olmadığının üzə çıxdığını xatırladıb: "Azərbaycan Kommunist Partiyası da daşnak özəkləri əsasında yaradılmışdı. Şaumyan partiyaya müsəlmanların qəbul edilməsinə imkan vermirdi, Nəriman Nərimanov bunun üzərini açdı. Bakıda qətliam törədilən zaman Şaumyan Leninə teleqramında yazıb ki, daşnakların qüvvələrindən istifadə edilib, əks halda Bakı azərbaycanlıların paytaxtı olacaqdı. Bir məqamı da xatırladım. Osmanlı imperiyası xəyanət edən erməniləri ona görə Şərqi Anadoludan köçürülüb ki, Rusiya ilə müharibədə maneələr olmasın. Şərqi Anadoludan 500-600 min erməni köçürülüb, 2-2,5 milyon erməninin öldürüldüyü haradan çıxdı? Serj Sərkisyan və Robert Köçəryan tək Xocalıda deyil, Dağlıq Qarabağın digər bölgələrində soyqırımlarda iştirak etdiklərini etiraf edirlər".
Millət vəkili Fəzail Ağamalı Deportasiya və Soqyrım Araşdırma Mərkəzinin yaradılmasını təklif edib. O, 1989-cu il dekabrın 5-nin Qərbi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasını təklif edib. F. Ağamalı həmin tarixdə artıq Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində 1 azərbaycanlının belə qalmadığını xatırladıb.
Demokrat İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycana qarşı aparılan müharibənin məqsədinin etnik təmizləmə olduğunu vurğulayıb: "Çar Rusiyasının kəşfiyyatı tərəfindən ilk erməni terror təşkilatları 19-cu əsrin ortalarında Tbilisidə yaradılıb. Bu gün Qarabağı Azərbaycandan ayırmaq üçün bizim vəhşi obrazımızı yaratmağa, ermənilərlə bir yerdə yaşamağın mümkün olmadığını təlqin etməyə çalışırlar. Məsələn, Kosovanın müstəqilliyini məhz serblərlə birgə yaşayışın mümkün olmadığını əsas gətirərək tanıyıblar. Bir neçə gün əvvəl Fransa prezidenti Makron qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul etdi. Bunun arxasında "sarı jiletlilər" hərəkatının rəhbərliyində əslən erməni olan müavinin olması durur. Almaniyada 40-50 min erməni, ancaq 2 milyona qədər türk yaşayır. Ancaq Bundestaqa qondarma "erməni soyqırımı" ilə bağlı saysız əsərlər təqdim edilib, biz türklər isə komanda kimi hərəkət etmirik".
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hakim partiyanın təşəbbüsü ilə qondarma erməni soyqırımı ilə bağlı siyasi partiyaların iştirakı ilə tədbir keçirilməsini yüksək qiymətləndirib: "1918-ci il və sonrakı hadisələrdə niyə daşnaklar silahlı olur, 6-7 diviziyası olub, bizim olmayıb? Biz bunun üzərində düşünməliyik. Əhməd Ağaoğlunun rəhbərliyi ilə yaradılan Difai hərəkatı ermənilərin törətdiyi soyqırımların qarşısını almaq üçün yaradılıb. Diaspor təşkilatlarımız hər şeyi dövlətdən gözləyir, erməni diaspor təşkilatları isə Ermənistan dövlətinə kömək edir. Bu gün Türkiyədə qondarma "erməni soyqırımı" ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməsinə, bu yöndə işlərin daha aktiv aparılmasına ehtiyac var. Nuru Paşanın adına təqaüdlər təsis etməliyik ki, bu millətin müqavimət ruhu daim olsun".
Baş nazirin Əli Əhmədov qeyd edib ki, istər Türkiyədə, istər Azərbaycanda "qondarma erməni" soyqırımının ifşa edilməsi istiqamətində işlər görülür: "Təbii ki, erməniləri dəstəkləyənlər və onlardan istifadə edənlər var. Ermənilər də bu məkrli oyuna görə kompensasiya alırlar. Bunlar reallıqlar, həqiqətlərdir. Biz buna qarşı birləşməli, daxildəki fərqli baxışları milli məsələlərlə bağlı kənara qoymalıyıq. Daxili siyasətdən fərqli olaraq vahid milli siyasətlə bağlı Prezident ətrafında birləşməliyik".