418
11:18
24 Aprel 2019

İsrail səfiri: “Bu ölkə ilə yaxşı münasibətlər qurmaq istəyirik” - MÜSAHİBƏ

İsrailin Azərbaycandakı səfiri Dan Stavın ONA -ya müsahibəsi
- Baş nazir Binyamin Netanyahu son seçkilər zamanı bəyan edib ki, yenidən seçiləcəyi təqdirdə İsrailin İordan çayının Qərb sahili üzərində suverenliyini genişləndirəcək. Sizcə, bu Fələstinlə İsrail arasında münaqişənin həlli ilə bağlı “iki dövlət prinsipi”nə zidd deyil?
- Hesab edirəm ki, biz gözləməli və yeni formalaşdırılacaq hökumətin siyasətinin nədən ibarət olacağını görməliyik. Bildiyiniz kimi, bir müddət öncə İsraildə seçkilər keçirilib. İndi isə demokratik sistemimizin əsas məqsədi koalisiya hökuməti formalaşdırmaqdır. Məlum olduğu kimi, böyük partiyalar öz gücləri hesabına mütləq əksəriyyətə nail olub. Hökumət formalaşdırılmayınca mən onun yürüdəcəyi siyasət haqda fikir bildirə bilmərəm. Bununla yanaşı, İsrail tək baş nazir Binyamin Netanyahunun rəhbərliyi zamanı deyil, gələcəkdə də münaqişənin sülh yolu ilə həllinə sadiq qalacaq. Bununla əlaqədar biz öz qonşularımızla bu istiqamətdə səylərimizi davam etdiririk. İndiyə kimi iki qonşumuzla sülh sazişi bağlamağa nail olmuşuq. Bu isə o deməkdir ki, digər tərəfin də istəyi olduğu halda, İsrail hər yerdə sülh üçün imkan axtarır.
- ABŞ prezidenti Donald Trampın son açıqlamaları bir daha dünyanın diqqətini Yaxın Şərqə yönəltdi. Bir çox ekspert hesab edir ki, Trampın Qolan yüksəkliklərini İsrailin ərazisi kimi tanıması Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq. 6 günlük müharibə zamanı İsrail Qolan yüksəkliklərini özünü müdafiə məqsədilə zəbt etmişdi. İndi isə İsrail çox güclü bir dövlətə çevrilib. İsralin zəbt olunmuş o əraziləri hələ də əlində saxlamasına ehtiyac varmı?
- 1967-ci ildə İsrail Qolan yüksəkliklərini özünü müdafiə müharibəsində zəbt edib, çünki o zaman İsrailin bir ölkə kimi mövcudluğu ciddi təhlükə altında idi. Qeyd etdiyim kimi, İsrail öz qonşuları ilə münaqişələri sülh yolu ilə həll etməyə çalışır. Ancaq Suriya tərəfindən həyata keçirilən siyasət bunu mümkünsüz etmişdi. Biz son dövrlərdə Suriyada baş verənləri nəzərə almalıyıq. Bu ölkədə 2011-ci ildən şahidi olduğumuz dəhşətli müharibə, Bəşər Əsədin qəddar rejimi, günahsız suriyalıların qətliamı, İran rejiminin, Hizbullahın və digər terror təşkilatlarının və beynəlxalq qüvvələrin Suriyadakı müharibəyə müdaxiləsi, İŞİD-ə qarşı mübarizə hökm sürür. Düşünürəm ki, Suriyada vəziyyət stabilləşənə və sülh bərqərar oluna kimi Qolan yüksəklikləri məsələsinin həlli gözləyə bilər.
- Bu o deməkdir ki, əgər Suriyadakı münaqişə həll olunsa, Qolan yüksəklikləri Suriyaya qaytarıla bilər?
- Mən tarixdə “əgər” sözü ilə tanış deyiləm. İsrail və Suriya arasında danışıqlar gələcəkdə bərpa oluna bilər. Tariximiz göstərir ki, İsrail münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Təəssüf ki, Yaxın Şərqin kədərli reallığı ondan ibarətdir ki, sənin güclü ordun olmalıdır və bu ordunu saxlamaq üçün güclü iqtisadiyyata malik olmalısan. Bu, bizim seçimimiz deyil, bölgənin tələbidir. Ancaq bu o demək deyil ki, münaqişənin hərbi yolla həlli qəbul ediləndir. Tam əksinə, biz tək İsrailin daxil olduğu münaqişələrin deyil, həmçinin Yaxın Şərqdə mövcud olan bütün münaqişələrin sülh yolu ilə həllinə inanırıq.
- Düşünürsünüzmü ki, Qolan yüksəkliklərinin İsrailin ərazisi kimi tanınması münaqişənin həllinə mane olacaq?
- İsrail və Suriya arasında gərginlik İsrail 1948-ci ildə müstəqillik elan edəndən və Suriyanın İsraili məhv etmək səylərinə qoşulmasından sonra yaranıb. İsraili ölkə kimi tanımayan və İsrail xalqının öz müqəddəratını həlletmə hüququnu qəbul etməyən ərəb qonşularımızın İsraili tanıyacağı halda vəziyyət həll oluna bilər. İndi sülh mümkün deyil. Bu hüquq tanınacağı halda, sərhədlərə dair məsələlər də həllini tapa bilər.
- Həm İsrail, həm də Fələstin Yerusəlimi öz paytaxtı hesab edir. ABŞ Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıb. İki ölkənin də kompromisə getmək istəməməsini nəzərə alaraq, növbəti addım nə olacaq? Yaxın Şərqdə sülhün bərqərar olması üçün nə tələb olunur?
- Uzun müddət yanlış düşüncə tərzi mövcud idi. Düşünürdülər ki, İsrail-Fələstin münaqişəsinin həlli Yaxın Şərqdə sülh yaradacaq, amma bu düşüncə tərzi sübuta yetirilmədi. Gördüyünüz kimi, Yaxın Şərqdə mövcud olan bir çox münaqişənin Israil-Fələstin münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Misal olaraq Yəməndəki müharibə, Suriyada baş verənlər, İran, İraq, Bəhreyn və digər ölkələrin müdaxiləsini göstərə bilərəm. İranın siyasətinin İsrail-Fələstin münaqişəsi ilə heç bir bağlılığı yoxdur. Hesab edirəm ki, münaqişənin yeganə həll yolu İsrail dövlətinin mövcud olduğunu və İsrail xalqının özünümüdafiə hüququnu tanımaqdır. İsrail yəhudi dövlətidir. İsrail-Fələstin münaqişəsinə gəldikdə isə, biz həmişə birbaşa, nəticəyə yönümlü danışıqlara inanmışıq. Baş nazir Netanyahunun artıq 10 ildən çoxdur hakimiyyətdə olmasına baxmayaraq, Fələstin hökuməti tərəfindən onunla danışıqlara sadəcə bir neçə saat ayrılıb. Onlar həmişə İsrailə təzyiq üçün beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət ediblər. İsrailə qarşı qərəzli mövqeyi ilə seçilən İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında mövcud olan çoxluqdan istifadə edərək İsrailə təzyiq göstərməyə çalışıblar. Onlar bilməlidir ki, bu təşkilatların qəbul etdiyi bəyannamələr sülh gətirməyəcək. Əksinə, tərəfləri danışıqlardan bir az da uzaqlaşdıracaq. Cənab Tramp İsrailin Yerusəlim üzərində hüququnu tanıyıb. Bildiyim qədərilə, o, sərhədlərdən danışmayıb. Yeri gəlmişkən, bir çox ölkənin qəbul etdiyi bəyannamələr Şərqi Yerusəlimi Fələstin hökumətinin paytaxtı kimi tanıyır. O zaman, fərq haradadır? İsrail və Fələstin arasında Yerusəlimlə bağlı mübahisə var. Bu, əsas məsələlərdən biridir. Düşünürəm ki, tərəflər özləri sülh yolu tapa bilərlər. İnanıram ki, bu, hər iki tərəf məsələyə vicdanlı yaxınlaşacağı təqdirdə mümkün olacaq.
Münaqişənin yeganə həll yolu sülh yolu ilə həldir. Sülh yolu ilə həllin isə yeganə yolu tərəflər arasında birbaşa danışıqlardır. Bunun alternativ variantı mövcud deyil. Ola bilər ki, belə danışıqlar zamanı tərəflər kompromisə gedəcək, məsələnin daha yaradıcı həllini tapacaqlar, çünki söhbət sülhdən və illərdir mövcud olan gərginliyə son qoymaqdan gedir. Aydındır ki, prosesin həlli üçün münbit atmosfer var, beynəlxalq ictimaiyyət və ərəb ölkələri fələstinliləri İsrail əleyhinə siyasət yürütməyə təşviq etmək əvəzinə, onları danışıqlara sövq edə bilər. Danışıqlar masasında hər kəs bərabərdir. Hər bir tərəf zəruri hesab etdiyi məsələni qaldıra bilər. Bu, hər şeyi müzakirə etmək üçün ən düzgün forumdur. Bu, uzun proses ola bilər, amma sülhə nail olmaq üçün yeganə imkandır. Mən bunun alternativini görmürəm.
- Mavi Marmara hadisəsindən sonra Türkiyə və İsrail arasında münasibətlər pisləşdi. Son illərdə isə iki ölkə arasında münasibətlərin müəyyən qədər istiləşməsinin şahidi olurduq. Lakin tərəflər bir-birilərinə qarşı kəskin fikirlər səsləndirməyə davam edirlər. Biz gələcəkdə iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın şahidi ola biləcəyikmi?
- İsrail Türkiyə daxil olmaqla, bütün qonşu ölkələrlə əməkdaşlıq etməkdə çox maraqlıdır. Keçmişdə İsrail və Türkiyə arasında iqtisadi sahədə yaxın əlaqələr mövcud idi. Bu əməkdaşlıq davam edir. Mən hər iki tərəfin səsləndirdiyi xüsusi fikirləri şərh etmək istəmirəm, ancaq əminəm ki, İsrail tərəfi Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqda maraqlıdır və bu artıq Türkiyə tərəfindən asılıdır. İki ölkənin ortaq maraqları var və yüksək səviyyəli əməkdaşlıq mövcud idi. Hesab edirəm ki, Türkiyə hökumətinin səsləndirdiyi fikirlər və yürütdüyü siyasət ikitərəfli münasibətlərə mane olur. Mavi Marmara hadisəsinə qədər, münasibətlər yaxşı səviyyədə idi. Bu məsələnin həlli onu nümayiş etdirdi ki, Türkiyə və İsrail bəzi ağrılı məsələlərə dair ortaq məxrəcə gələ bilər. Ancaq bu məsələ öz həllini tapandan sonra iki ölkə fərqli mövqelərdə olduqlarını gördülər. Qeyd etdiyim kimi, əsas məsələ regiondakı vacib ölkələrlə yaxşı əlaqələr qurmaq istəyidir. Biz Türkiyənin əhəmiyyətini tamamilə dərk edirik və bu ölkə ilə yaxşı münasibətlər qurmaq istəyirik.
- Azərbaycanla İsrail arasında əlaqələrin hazırkı səviyyəsi barədə nə deyə bilərsiniz?
- Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədədir. Bu əlaqələr ikitərəfli münasibətlər qurulandan çox qısa müddət sonra inkişaf etməyə başlayıb. Bu əlaqələr tək güclü maraq üzərində deyil, həmçinin Yaxın Şərqdə gərginliyin təhlükəsini anlamaq üzərində qurulub.
- Qeyd etdiyiniz kimi, Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Ölkələr arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. İsrailin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji kəmərlərinə qoşulmaq fikirləri səsləndirilir. Bununla bağlı konkret addımlar atılırmı?
- Bu, İsrail üçün çox maraqlı variantdır. Bildiyim qədərilə, artıq bir neçə ildir bununla əlaqədar müzakirələr aparılır. Biz Avropaya enerji diversifikasiyası layihələrinin əhəmiyyətini anlayırıq. Avropa İttifaqını sərfəli bazar hesab edirik və qazımızın bir hissəsini Avropa İttifaqına ixrac etməkdən məmnun olarıq. Bunu necə etmək olar? Bunu Yunanıstan və ya TANAP üzərindən edə bilərik. İsraildə ən sərfəli yolun tapılması ilə bağlı müzakirələr artıq başa çatmaq üzrədir. Bu, asan qərar deyil, çünki strateji qərardır. Biz TANAP-a qoşulmağın üstünlüklərini anlayırıq. Əlbəttə ki, bunun səbəblərindən biri də Azərbaycanla əməkdaşlığın gücləndirilməsidir.
- Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş baş tutdu. Fikrinizcə, bu danışıqlar münaqişənin sülh yolu ilə həllinə necə töhfə verə bilər?
- Düşünürəm ki, prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında müzakirələr çox vacibdir. Hər iki tərəf nümayiş etdirdi ki, sülh prosesinə sadiqdirlər. İsrailin bu məsələyə dair mövqeyi aydındır. Biz Yaxın Şərqdəki təcrübəmizə əsaslanaraq inanırıq ki, münaqişənin yeganə mümkün həlli nəticələrə yönəlmiş sülh danışıqlarından keçir. Həm Azərbaycan, həm Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqlarla məşğul olan yeganə beynəlxalq təşkilat olması ilə razılaşıb. Biz məmnunuq ki, həmsədrlərin səyləri prezident və baş nazir, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlərlə nəticələnib. Ümid edirik ki, bu görüş münaqişənin sülh yolu ilə həlli üçün nəticəyönümlü danışıqlara təkan verəcək. İsrail öz qonşuları ilə sülh münasibətləri olan güclü və çiçəklənən Azərbaycan görmək istəyir. Ancaq münaqişəni həll etmək Azərbaycan və Ermənistandan asılıdır.
- Azərbaycan və yəhudi xalqları həmişə Azərbaycan ərazisində harmoniya və sülh içində yaşayıblar. Bu digər xalqlar və ölkələr üçün nümunə ola bilərmi?
- Azərbaycanda multikulturalizm və dinlərarası harmoniya dünyanın əməl etməli olduğu möhtəşəm nümunədir. Belə strateji ərazidə yerləşən, bu qədər müharibələrə və işğallara məruz qalan, problemlərlə üzləşən bir ölkənin dinlərarası harmoniyanı qoruyub saxlaması çox nadir görünən bir şeydir. Yəhudilər Azərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin yaratdığı şəbəkənin bir hissəsidir. Bizim üçün Azərbaycan müsbət nümunədir. Azərbaycanın yaratdığı bu model Yaxın Şərqdə şahidi olduğumuz nifrət, gərginlik, başqalarına qarşı hörmətsizlik, hətta İslam daxilində - sünni və şiə, xristianların sıxışdırılması, azlıqların təqib edilməsinə tam ziddir. Biz görürük ki, Azərbaycanda belə hallar baş vermir. Azərbaycanda həmişə azlıqlar - malakanlar, İkinci Dünya Müharibəsində Rusiyadan qaçan yəhudilər xoş qarşılanıblar. Onlar həmişə burada qəbul ediliblər və hörmət görüblər. Onların borcu bu qədər xoş qəbul edildikləri cəmiyyətə töhfə vermək idi, onlar da bacardıqları töhfəni verirlər. Bu əlaqələr doğrudan da təqdirəlayiqdir və bütün dünya üçün nümunədir.
- Bu il Bakıda ilk kaşer restoranı açılacaq. Əksəriyyəti müsəlman olan Azərbaycan xalqını yəhudi mədəniyyəti ilə tanış etmək üçün daha hansı tədbirlər və ya proqramlar həyata keçirilir?
- Azərbaycanlı həmkarlarımın kaşer yeməkləri və iudaizmlə bağlı bu qədər məlumatlı olması məni müsbət şəkildə təəccübləndirdi. Yəhudilər bu cəmiyyətin bir hissəsidir. Restoranın rəsmi açılışı Pesax bayramından sonra baş tutacaq. Bu, İsraildən Azərbaycana gələn turistlərin qida ehtiyacını ödəyəcək, çünki bir çoxları kaşer qidalarla bağlı məhdudiyyətlərə əməl edir. Fürsətdən istifadə edib restoran sahiblərinə uğurlar arzu etmək istəyirəm.
- Cənab səfir, yayda diplomatik missiyanız başa çatır. Azərbaycanda keçirdiyiniz bu 4 ili necə qiymətləndirərdiniz? Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin inkişafına nə kimi töhfələr verdiyinizi düşünürsünüz? Azərbaycanda ən çox sevdiyiniz nədir? Missiyanız başa çatdıqdan sonra Azərbaycana geri dönməyi planlaşdırırsınızmı?
- Azərbaycana bir daha qayıtmaqdan məmnun olaram. Azərbaycanın demək olar ki, bütün bölgələrini ziyarət eləmişəm, bir çoxunda isə dəfələrlə olmuşam, çünki oraları çox sevirəm. Mən həyatımı Azərbaycandan çox ayrı görmürəm. Buraya yenidən gəlmək istərdim. İndi artıq Azərbaycan və İsrail arasında birbaşa uçuşlar mövcuddur - cəmi üç saat yarım. Töhfələrimə gəldikdə, bu haqda mənim yox, digərlərinin danışması daha doğru olar. Vəzifəmin başa çatmasına daha bir neçə ay qalıb, ona görə nəticələr haqda bir müddət sonra düşünməyə başlayacağam, amma indi bir neçə əsas məqamı vurğulamaq istərdim. Onlardan biri 2016-ci ilin dekabrında baş nazir Binyamin Netanyahunun, digəri isə müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfəridir. Digər məsələ isə birgə hökumətlərarası komissiyanın yaradılmasına dair anlaşma memorandumunun imzalanmasıdır. Bu komissiyanın ilk görüşü 2018-ci ilin mayında İsraildə baş tutub. O görüşdə Azərbaycan nümayəndə heyətinə vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edirdi. Bu komissiya ortaq maraq kəsb edən məsələləri müzakirə etmək, maneələri üzə çıxarmaq, onların aradan qaldırılması üçün həll yollarının tapmaq, iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün çox gözəl imkandır.