Keçmiş polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Leyla Əkbərova barəsində verilən Cinayət Məcəlləsinin 320-ci maddəyə xitam verilib, lakin dələduzluğa görə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dələduzluqda təqsirləndirilən Leyla Əkbərova Binəqədi Rayon Polis İdarəsində Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadıdır. L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib. Leyla Əkbərova ümumilikdə 150 min manat pulu dələduzluqla mənimsəməkdə təqsirləndirilir.
Onu da qeyd edək ki, sabiq polis rəisi həyat yoldaşı Leyla Əkbərova saxlanandan sonra onunla boşanıb.