"Ünvanlı yardım və özünüməşğulluq proqramları paralel fəaliyyət göstərəcək"
03 avqust 2016 15:24 (UTC +04:00)

"Ünvanlı yardım və özünüməşğulluq proqramları paralel fəaliyyət göstərəcək"

Fevralın 15-dən tətbiqinə başlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən 75268 nəfər ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin olunub. Bunu Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Onun sözlərinə görə, hazırda ölkədə ümumilikdə 573903 min nəfər ailə üzvünü əhatə edən 131726 min nəfər ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.

 

Hazırda nazirlik tərəfindən Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına yönəlik işlər aparılır: “Sərəncamla qeyd olunan məqsəd üçün ayrılmış 6 milyon manat vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluğu təmin ediləcək. Əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatları yaradılması ilə bağlı zəruri tədbirlər görüləcək. Bu istiqamətdə işlərin dolğun və məqsədyönlü şəkildə tənzimlənməsi üçün “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin  təşkili Tələbləri” hazırlanaraq nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlər də keçiriləcək, onlara biznes fəaliyyətinin inkişafı ilə bağlı  məsləhətlər veriləcək”.

 

Artıq yaxın vaxtlarda aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması istiqamətində praktik işlərə başlanacağını qeyd edən E.Babayev bununla da  aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarına keçiləcəyini də bildirib: “Özünüməşğullluq proqramına bunun üçün müvafiq potensialları, əmək qabiliyyətli üzvləri olan aztəminatlı ailələrin cəlb edilməsi nəzərdə tutulur və bu proqramın icrası ünvanlı dövlət sosial yardımı proqramının dayandırılmasını şərtləndirmir. Ona görə də özünüməşğullluq proqramı ilə paralel olaraq, özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan, məşğulluq tədbirlərinə cəlb olunmaq üçün potensialları olmayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi də davam etdiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar