140
writer1

Mintac Elsevər

Məqalə sayı

1
15:16 07 Aprel 2016

Bir də görürsən ki... 

Yox, qətiyyən yox. Yox, mən o məşhur şairin məşhur “bir də görürsən ki, açılan solur” misrasını yazmayacam, əziz dost. Yazmıram və yazmayacam da. Çünki mən artıq görmürəm. Ya da mənim gördüklərim deyiləcək deyil.

 

Fəqət gördüklərim nədi deyib nigarançılıq duyarsansa, deyim. Hər şey yarımçıqdı. Bu çox hüznlüdü, bilirsənmi? Sanki hər şeyin himi elə əzəldən yarımçıq atılıbmış kimi ağrıdacaq və yoracaq qədər yarımçıqdı. Çoxmu uzun oldu insanlığın, ədalətin, düzlüyün, dürüstlüyün, mübarizliyin, cəsarətin, gözüqaralığın, qüdrətin, qürurun, əzəmətin, dözümün, anlayışın, doğmalığın, sevginin, barışın yolu? Bu qədərmi uzun oldu ki, hər şey belə yarımçıq görünür gözümə. Bəlkə mənim gözlərimin şavağı (işığı) azalmağa başlayıb, hər şeyi yarımçıq görürəm? Axı deyirlər açıq rəngli gözlər işığını daha tez itirməyə başlayır. Lənət olsun, yenəmi günahkar mən oldum? Axı mənim də gözlərimin rəngi yaşıldı...

 

Fəqət mən belə olmasını istəmirdim əslində. Hər şey daha mükəmməl olsun, olmalı olduğu kimi olsun istədim. Artıq yox. Zəndeyi-zəhləm gedib bu misaldan həmişə: guya insan nəfəsi kəsiləndə yox, ümidi kəsiləndə ölürmüş. Cəfəngiyyatdı, özü də lap kökündən. Gerçəkçi olmaq nə romantikanı azaltmaz, nə də həqiqəti axsatmaz. Ən böyük həqiqət elə gerçəyin özündədi, elə ən böyük romantika da.

 

Əziz həmkarım Bəxtiyar Əlirzayevlə bu yaxınlarda təxminən belə bir söhbətimiz olmuşdu. Bəzən ədəbiyyat və böyük söz adamlarının mərtəbəli, bədii dərinlikli cümlələr qurmaqla demək istədiyi bir fikri sadə kəndli, ya da sözdən-yazıdan uzaq birisi elə bəsit və net şəkildə deyir ki, qalırsan mat-məəttəl. Düşünürsən ki, mənim bayaqdan hıqqanıb demək istədiyim də əslində elə bu imiş sən demə. İndi mən özüm də təxminən belə bir haldayam. Hıqqanıram, əziyyət çəkirəm, amma demək istədiyimi deyə bilmirəm. Ancaq bunu deyə bilirəm ki, hər şey gözümə yarımçıq görünür. Ya da mən hər şeyi yarımçıq görürəm. Amma gözlərim nə qədər işığını itirmiş olsa da bu yarımçıqlıqda bircə şeyi dəqiq və aydın görürəm: böyük qəm karvanı kimi üstümüzə gələn şəhid yavruların cansız bədənləri...

 

Bilirəm, anlayıram ki, bilmədiyimiz, ya da bilməyimizin hələ ki məsləhət olmadığı qaranlıq mətləblər mövcuddu və biz də məcburən bu mövcudluğun əsiriyik. O mətləblərin üstündəki pərdələrisə yalnız nə zamansa tarix özü açacaq. O zamansa biz olmayacağıq. Artıq olmayan birinə isə sirri açılan həqiqət, ya da bərpa olunan ədalət nə qədər lazım olacaq, onu bilmirəm. Yəni mən də olmayacam və görməyəcəm olanları. Dahi Dostoyevski demiş məndən sonra istəyir dünyanı sel bassın...

 

Oysa adam gormək istəyir olanları. Bilirəm, bu bir tikə yazıyla heç nə dəyişəsi deyil. Gör bir nələr-nələr yazıb yazanlar. Ona görə deyirəm, hər şey gözümə yarımçıq görünür. Yəni yarımçıqdı ki, yarımçıq görürəm desəm, məni qınamayın. Ola bilsin, gözlərimin işığı azalıb. Axı mənim gözlərim yaşıldı...

 

Heç olmasa, fikrim çox da yarımçıq qalmasın deyə şairin şeirinə qayıdıram. Üçüncü bəndin ilk misrasında “bir də görürsən ki, açılan solur” yazan Səməd Vurğun bəndin son misrasında “sirrini verməyir sirdaşa dünya” yazırdı. Deyəsən, sirlər də elə dünyanın özü kimi səssizdi.

 

 

P.S. Hamısı bəndə işidi, dünyalıq bir şey yoxdu...