656
11:50
18 Fevral 2013

Heydər Əliyevin 90 illiyi ilə bağlı gənc ifaçıların II respublika müsabiqəsi keçiriləcək

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsinin keçirilməsi barədə təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Bu barədə Lent.az -a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əmrə əsasən, Zona və Respublika mərhələsində qaliblərin seçilməsi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi tərəfindən həyata keçiriləcək. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yerli və zona mərhələsini yüksək səviyyədə keçirilməsini təmin etməlidirlər.

Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin vəsaiti hesabına müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Müsabiqənin zona və Respublika mərhələlərinin seçim turunda və yekun konsertində iştirak edəcək iştirakçılar və onları müşayiət edəcək şəxslərin ezamiyyə xərclərinin əsas iş yerləri hesabına ödənilməsi də əmrdə öz əksini tapıb.