Yuxuda gördüklərimizi xatırlamağa çətinlik çəkirik - SƏBƏBİ
24 iyul 2024 12:50 (UTC +04:00)

Yuxuda gördüklərimizi xatırlamağa çətinlik çəkirik - SƏBƏBİ

Hiss edirəm ki, müəllimlər də hardasa yaxındadırlar, amma mənim diqqətim iki böyük adamda fokuslanıb, kim olduqlarını heç cür xatırlaya bilmirəm.

Lent.az BBC-yə istinadən xəbər verir ki, birini heyrətamiz dərəcədə aydın görürəm - parlaq saçlarından tutmuş gün eynəyinin qızılı şüşələrinə qədər. Onun əlində nəsə bir qurğu var, o qurğudan qışqırığa oxşayan kəskin bir səs gəlir.

Mən dizi üstə düşüb əllərimlə qulaqlarımı qapayıram. Sinif yoldaşlarım da eyni cür hərəkət edirlər. Əlində qurğu olan adam dəlicəsinə gülür.

Bu mənim 40 il əvvəlki yuxumdur və hələ də bütün detallarını xatırlayıram - sanki dünən görmüşəmmiş kimi.

Amma siz bu həftə gördüyüm yuxulardan birini danışmağımızı istəsəniz, çətinlik çəkib susaram.

Əgər yuxu görmüşəmsə belə (Biologiya bunun belə olduğunu təxmin edir), ayılandan sonra heç biri yadımda qalmayıb.

Bir çoxumuz üçün yuxu həyatımızın hiss olunmayan hissəsidir. Bəxtimiz gətirsə, gecə yuxuda gördüyümüzü səhər ötəri bir hiss olaraq xatırlayarıq.

Yuxularını xırdalıqlarına qədər xatırlayanlarımız belə bəzi səhərlər boş yaddaşla ayılır.

Biz nə üçün yuxu görürük və nə üçün onları yadımızda saxlayırıq (və ya unuduruq) - bütün bunlar bizim yatan orqanizmimizin biologiyasında və təhtəlşüurumuzdadır.

Yuxu prosesi bizim əvvəllər düşündüyümüzdən dəfələrlə mürəkkəbdir. Bu, qırmızı bayraqcıqlarla sərhədlənmiş yuxuya getmə və yuxudan ayılma arasındakı qeyri-şüuri vəziyyət deyil. Gün ərzində baş verənlərdən dincələn beynimizdə maraqlı şeylər baş verir, mental vəziyyət fırlancaqdaymış kimi sürətlə dəyişir və beynin bəzi hissələri çox fəal şəkildə fəaliyyət göstərir.

Bizim gördüyümüz yuxuları, adətən, REM yuxu fazasıyla (Rapid Eye Movement- Sürətli Göz Hərəkəti) əlaqələndirirlər.

REM-i bəzən qeyri-sinxron yuxu fazası və ya paradoksal yuxu da adlandırırlar, çünki bu fazada beyin özünü sanki ayılmış kimi aparır.

Bu fazada gözlər sürətlə hərəkət edir, nəfəsin və ürək döyüntüsünün sürəti dəyişə bilir, bədən atoniya kimi tanınan iflicəbənzər hal alır.

Gecə boyu bu vəziyyət 90 dəqiqəlik dalğalarla təkrarlana bilir və biz məhz bu aralıqlarda yuxu görürük.

REM fazasında beynin əsas hissələri əlavə qanla təmin olunur - ilk növbədə yuxularımıza məzmun verən korteks və bizim emosional vəziyyətimizi "həzm edən" limbik sistem.

Nə qədər ki, biz bu fazadayıq, bu sahələrdə yüksək elktrik fəallığı müşahidə edilir, tənqidi qabiliyyətlərimizə cavabdeh olan alın bölgəsində isə sakitlik hökm sürür.

Bu o deməkdir ki, həmin zaman kəsiyində - yəni yuxudan ayılana qədər biz bütün absurd şeyləri qəbul edirik.

Problem ondadır ki, yuxulardakı obrazların qarışıq olması gördüklərimizi anlamaqda çətinlik yaradır. Aydın strukturu olan yuxular daha yaxşı yadda qalır - psixologiya professoru və yazıçı Didra Barred belə deyir.

Yuxulardakı obrazları ayılandan sonra xatırlamağımızda əsas rol noradrenalinə məxsusdur - insan hansısa bir təhlükəylə, təhdidlə qarşılaşanda aktivləşən və ondan fəaliyyətə keçməyi tələb edən hormona.

Yuxuda olanda noradrenalinin orqanizmdəki miqdarı oyaq vaxtdakından daha az olur.

Lausanne Universitetinin xəstəxanasında yuxularla bağlı araşdırmalar aparan həkim Francesca Siclari deyir ki, insanın yatmış və oyaq vaxtları arasında ciddi fərq var və bu, təsadüfi deyil:

"Yəqin ki, yuxu və oyaqlığın bir-birindən bu qədər fərqlənməsi yaxşı haldır. Düşünürəm ki, biz bütün yuxularımızı gündüz baş verənlər qədər detallı xatırlasaydıq, onları real həyatla qarışdırardıq".

O deyir ki, müxtəlif yuxu pozuntularından (məsələn, narkolepsiyadan) əziyyət çəkən şəxslər yuxunu reallıqdan ayırmağa çətinlik çəkirlər: "Elə adamlar var ki, yuxularını çox dəqiq xatırlayırlar və yuxuda gördüklərini gündüz həyatına aid edirlər".

Yuxuların konkret yuxu fazalarında yaranması təsadüfi deyil - bunun səbəbi gecələr orqanizmimizdə səyahət edən kimyəvi maddələrdir.

"Adətən, biz ən parlaq yuxuları REM fazasında görürük, beyində noradrenalinin səviyyəsi az olanda" - Françeska Siklari belə deyir.

Ola bilsin ki, biz oyanma ərəfəsində də yuxu görürük, amma oyanan kimi gördüyümüz işlər onları yadda saxlamağa mane olur.

Çox vaxt biz yuxudan zəng səsinə oyanırıq və bu, beyində noradrenalinin kəskin artmasına səbəb olur - yuxuları xatırlamağımızı çətinləşdirən səbəb həm də budur.

"İnsanlar gördükləri yuxuları niyə xatırlamadıqlarını soruşanda belə cavab verirəm: çünki siz çox tez yuxuya gedib çox möhkəm yatırsız və zəng səsinə oyanırsız. Onlar mənə, adətən, belə cavab verirlər: necə bildiz?" - Harvard Tibb məktəbinin yuxu tədqiqatçısı Robert Stickgold belə deyir.

Stickgoldun sözlərinə görə, çox adam dərin yuxuya getməzdən əvvəl gördüyü yuxuları xatrlayır. Bu hissə beynin gah yatıb, gah da oyandığı hazırlıq prosesi mərhələsidir, hipnaqogik yuxu (yuxuyla ayıqlıq arasındakı vəziyyət) adlanır.

Stickgold deyir ki, bir neçə il əvvəl apardığı bir araşdırma zamanı eksperimentə cəlb edilmiş könüllü tələbələri bu vəziyyətə girən kimi ayıldıblar: "Yuxuda nə gördüklərini hamısı bir nəfər kimi xatırlayırdı. Bu, yuxuya gedəndən sonrakı ilk 5 və ya 10 dəqiqəyə aiddir. Əgər siz dərhal və dərin yuxuya gedirsizsə (hər kəsin arzuladığı kimi), yuxu fazasının bu hissəsində baş verənləri xatırlamayacaqsız".

Yuxularınızı mütləq xatırlamaq istəyirsizsə, bunun üçün nə etməlisiz? Aydındır ki, hamımız fərqliyik, yatmağımız da fərqlidir, amma bir neçə ümumi məsləhət var ki, hər kəsə kömək edə bilər.

Stickgold qeyd edir ki, yuxular çox "uçub gedəndir": "Siz asan ayılan və tezcə qalxıb öz işlərinin dalınca gedən adamlardansızsa, yuxularınızı yadda saxlaya bilməyəcəksiz".

"Şənbə və bazar günləri - təcili işiniz olmayıb rahat yata bildiyiniz günlər yuxularınızı xatırlamaq üçün ən yaxşı fürsətdir".

"Mən öz tələbələrimə deyirəm: yuxudan ayılanda bir müddət sakit uzanmağa çalışın, hətta gözlərinizi də açmayın. "Üzməyə" və yuxunuzu xatırlamağa cəhd edin. Tədricən oyandığınız müddət ərzində gecə yuxuda gördüklərinizi yadınıza salırsız və bütün başqa hadisələr kimi, o da yaddaşınıza yazılır".

Stickgold deyir ki, bundan daha effektli üsullar da var.

"Mən insanlara məsləhət görürəm ki, yatmazdan əvvəl üç böyük stəkan su içsinlər. Pivə yox (Alkoqol REM fazasını dəf edir), məhz su. Belədə siz gecə boyu 3-4 dəfə ayılacaq və bu, hər dəfə təbii olaraq REM fazasının sonunda baş verəcək".

"Daha bir üsul var: yuxuya getməzdən əvvəl öz-özünüzə bir neçə dəfə belə deyin - səhər duranda yuxumu xatırlamaq istəyirəm".

"Bu, həqiqətən kömək edir, - Stickgold gülür, - belə etsəz, daha çox yuxu xatırlayacaqsız".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Oxşar yazılar

Yuxuda heyva görmək  hansı mənaya gəlir?

Yuxuda heyva görmək hansı mənaya gəlir?

22 noyabr 2024 , 10:01
Yuxuda oyuncaq görmək  nə deməkdir?

Yuxuda oyuncaq görmək nə deməkdir?

21 noyabr 2024 , 09:48
Yuxuda çılpaq adam  görmək nə deməkdir?

Yuxuda çılpaq adam görmək nə deməkdir?

19 noyabr 2024 , 11:58
Yuxuda  həbsə düşmək  nə deməkdir?

Yuxuda həbsə düşmək nə deməkdir?

11 noyabr 2024 , 13:16
Yuxuda eynək görmək  nə deməkdir?

Yuxuda eynək görmək nə deməkdir?

4 noyabr 2024 , 13:18
Yuxuda nar görmək  nə deməkdir?

Yuxuda nar görmək nə deməkdir?

1 noyabr 2024 , 15:39
Yuxuda sel görmək  nə deməkdir?

Yuxuda sel görmək nə deməkdir?

29 oktyabr 2024 , 10:01
Yuxuda əsgər getdiyini  görmək nə deməkdir?

Yuxuda əsgər getdiyini görmək nə deməkdir?

25 oktyabr 2024 , 09:48