Şəhid Ağacavad Mütəllimzadə
18 dekabr 2020 11:26 (UTC +04:00)

Şəhid Ağacavad Mütəllimzadə

Ürəyindən vurulan cəsarətli kəşfiyyatçımız - REPORTAJ

Ağacavad Mütəllimzadə ailənin sonbeşik oğul övladıdır. 23 yaşlı qəhrəmanımız ailəsinin, qohumlarının, dost-tanışlarının göz bəbəyi olub. Orta məktəbi doğulduğu Maştağa kəndinin orta məktəbində yaxşı qiymətlərlə bitirib. Hərbi xidmətini Murovdağda keçirib. Kəşfiyyatçı imiş gənc döyüşçümüz.

Vətən Müharibəsi başlamazdan əvvəl, bu ilin iyulun 14-də Tovuz döyüşləri zamanı Ağacavad anasına “mən cəbhəyə gedəcəyəm” deyib. Anası Nailə xanım deyir ki, Ağacavad olduqca qətiyyətli və inadkar idi. Elə uşaq yaşlarından birinci olmaq arzusu ilə yaşayırdı. “Ana, mən zaman sizin başınızı uca edəcəm” deyirmiş qorxmaz, cəsarətli kəşfiyyatçımız: “Ucalığının belə olacağını heç bilməzdim. Sən demə, ucalıq şəhidlikdən keçir. Öz soyadı ilə öyünərdi. Deyirdi, Mütəllimzadə soyadını hər kəsə tanıdacam. Şirkət quracam. Ancaq qurmaq, yaratmaq üçün yaşayardı. Hələ uşaq yaşlarında, inanın, düz yerdə gəzməzdi. Deyirdi, ucalıq olsun, qayalıq olsun”.

Ailədə atasını hər kəsdən çox sevərdi. Ailənin kiçik övladı olmasına baxmayaraq, böyüklərin də qayğısını Ağacavad çəkərmiş: “Atası ilə nəfəs alırdı. Döyüşə getməzdən əvvəl yola salırdıq onu. Tezdən oyandıq. Quranın altından keçirdim balamı sonuncu dəfə. Atası dedi ki, “Ağacavad, erməniyə sinən olan yerdə kürəyini çevirmə”. “Baş üstə” dedi. Ürəyindən snayperlə vurmuşdular balamı. Atası necə demişdi, elə də elədi. İndi atasına deyirəm ki, sən deyəni elədi”.

Sentyabrın 27-də evə gəlib anasından hərbi biletini istəyib Ağacavad. Könüllü yollanıb döyüşlərə: “Oktyabrın 22-də sonuncu dəfə danışdım. Oktyabrın 22-də də şəhid olub. Ondan sonra tarixləri belə səhv salıram. Ayın 25-nə kimi nəşini götürə bilməyiblər. Xocavənd rayonun Ziyarətgah yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Birinci kəşfiyyatçı qrup gedib geri dönməyəndə ikinci qrupu göndəriblər. Onlar da geri dönməyib. Nəhayət, Ağacavadgil gedib onları mühasirədən çıxarıb. Həmin döyüşlərdə ürəyindən vurulub”.

Arzuları da, xəyalları da Vətən sevgisindən uca olmayıb gənc döyüşçümüzün. Murovdağda hərbi xidmət keçdiyindən, elə hey ailəsinə deyirmiş ki, kaş müharibə başlaya, biz torpaqlarımızı azad edə bilək.

Anası deyir ki, Ağacavad vətənin tozunu, torpağını, suyunu belə dəli kimi sevərmiş: “Bilirsiz indi nə düşünürəm? Şəhidlərimizin demək olar ki, çoxu gəncdir. Qarabağ müharibəsindən sonra doğulan uşaqlardır. Yəqin Allah onları hər evə bir mələk qismində göndərib ki, illər sonra onlar torpaqlarımızı azad etsin” .

Döyüşlərə könüllü qatılan Ağacavad tez-tez ailəsi ilə əlaqə saxlayar, təlimdə olduğunu deyərmiş. Anası deyir ki, son günə qədər onlardan harada döyüşdüyünü gizlədib.

Arzuları yarıda qalan qəhrəmanımız, rahat uyu! Torpağın nurla dolsun!

Sevinc Vaqifqızı

Faiq Həsənov

# 5298
avatar

Oxşar yazılar