Şəhid Cavidan Nizami oğlu İbrahimli
28 dekabr 2020 12:44 (UTC +04:00)

Şəhid Cavidan Nizami oğlu İbrahimli

Komandirinin həyatı üçün özünü ölümə atan QƏHRƏMAN -VİDEO

Vətən Müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Cavidan Nizami oğlu İbrahimlidir.

APA TV-nin məlumatına görə, valideynləri əslən Ağdam rayonundan olan qəhrəmanımız 2000-ci il martın 24-də Bakı şəhərinin Badamdar qəsəbəsində doğulub.

İbrahimovlar ailəsinin 3 övladından ən kiçiyi olan Cavidan Vətən Müharibəsinə könüllü yollanıb. Sanitar-feldşer kimi döyüşlərə qatılan əsgər Cavidan İbrahimli cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə neçə-neçə əsgər və zabitlərimizin həyatını xilas edib. Döyüşlərdə göstərdiyi xüsusi fəallığa görə dəfələrlə komandir heyəti tərəfindən təşəkkürnamə ilə təltif olunub. Onun sonuncu döyüşü oktyabrın 24-də Cəbrayılın kəndlərinin azadlığı uğrunda olub. Həmin gün 20 yaşlı Cavidan ağır yaralanmış komandirini döyüş meydanından çıxarıb onun həyatını xilas etsə də, özünü xain düşmənin snayper gülləsindən xilas edə bilməyib.

Cavidan İbrahimli bir gün sonra Badamdar qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. 40 mərasimindən sonra şəhidin atası Nizami İbrahimov oğul itkisinə dözməyərək vəfat edib. Cavidanın anası Gülnaz xanım deyir ki, oğlu müharibəyə yollananda sanki Vətənin qoxusunu almışdı. O, müharibəyə yollandığı həmin gün “Whatsapp” statusunda “Vətən – torpaq uğrunda ölən varsa, Vətəndir. Allahu Əkbər” sözlərini yazıb: “Həmişə deyirdi ki, ana, pul qazanıb səni yaxşı yaşadacağam. O sözü həmişə deyirdi oğlum. Onu yola salmağa özüm də getmişdim. Həmin gün Cavidanın baş ağrısı var idi. Yolda dedim ki, Cavidan, soruşsalar, denən başım ağrıyır. Dedi ki, axı bizi anamız çağırır. Mən soruşdum ki, anan kimdir? Dedi, Vətən bizi çağırır”.

Şəhid anası deyir ki, oğlunun ən böyük arzusu Ağdam şəhərini işğaldan azad etmək idi. Gülnaz xanım deyir ki, oğlu Ağdam şəhərinin alınmasını görməsə də, Ağdamın işğaldan azad olunması ilə ruhu rahatlığına qovuşub. Ana yalnız bununla təskinlik tapır: “Ondan soruşurdum ki, Cavidan, vəziyyət necədir. Mənə demirdi ki, irəlidə döyüşürəm. Həmişə deyirdi ki, biz arxadayıq, nigaran qalmayın. Amma ən döyüşən elə onlar olublar. Həmişə deyirdi qələbə bizimdir. Deyirdi ki, məndən narahat olmayın. Axırıncı zəngində dedi ki, ana, səni Ağdama aparacağam”.

Nənəsi Səmərxanım Baxışovanın sözlərinə görə, nəvəsi məktəbi əla qiymətlərlə bitirib, amma hərbçi olmaq üçün ali məktəbə sənəd verməyib: “Cavidan dilsiz-ağızsız, sakit bir uşaq idi. Deyirdim ki, qayıdıb gələndən sonra səni hərbi akademiyaya düzəldəcəyəm. Orada oxuyarsan. Soruşdu məndən ki, orada adam nə olur. Dedim ki, general. Maması ölsün, mənə mama deyirdi”.

Qardaşları Kənan və Şamxal deyir ki, Cavidanı tanıyanlar, ailə üzvləri onu gülərüz, mehriban, xeyirxah və bir o qədər də vətənpərvər bir gənc kimi xatırlayırlar:

- Qardaşım özünü ailədə, məhəllədə necə aparmaq lazımdır, çox yaxşı bilirdi. Allah ona bu şəhidlik zirvəsini qismət elədi. Bir böyük qardaşı kimi fəxr edirəm ki, qardaşım şəhidlik zirvəsinə yüksəlib. Şəhidlər heç vaxt ölmür. Onlar Allah yanında ən uca zirvədədirlər. Qardaşım qəlbimdə hər zaman yaşayacaq.

- Mübariz İbrahimovu həmişə özünə örnək bilirdi. Digər şəhidlərimizin həyatı ilə də maraqlanırdı. Elə gedəndə də dedi ki, anamız bizi çağırır. Anama deyib ki, Vətən bizi gözləyir. Elə o formada da getdi. Orda da şəhidlik zirvəsinə ucaldı.

Cüdo idman növü ilə də məşğul olan Cavidan paytaxtdakı supermarketlərin birində satıcı işləyirdi. Xalaları Fəxriyyə və Mehriban deyir ki, müharibə başlayanda hərbi xidmətdən qayıtdığı bir il idi:

- Ona zarafatca dedim ki, inşallah, Ağdamı azad edib gələndən sonra iki qardaşından öncə səni evləndirərik. Özü də toyunu Ağdamda edərik. Gülə-gülə dedi ki, inşallah, xala. Çox qeyri-adi bir uşaq idi. Uşaqlıqdan bir xüsusiyyəti var idi. Həmişə uşaq kimi gəlib anasını iyləyirdi. Hətta 20 yaşı olanda da o xüsusiyyət onda qalmışdı. Bu xasiyyətinə görə ona lağ da edirdik. Deyirdi ki, ana, sən ətir vurma, öz qoxun gəlsin. Çox anasına bağlı uşaq idi.

- Cavidan heç vaxt kimsəni incitməyib. İlyarım əsgərlikdə oldu, bir dəfə olsun, heç nədən şikayət etmədi. Ancaq zəfər qazanacağımızı deyirdi. Tək sözü qələbə qazanmaq idi.

44 günlük müharibənin ilk günlərindən döyüşlərə qatılan gənc Cavidan vətənpərvər olmaqla bərabər, həm də poeziya həvəskarı olub. Ailə üzvləri deyir ki, sonuncu şeirin müharibəyə yollanmamışdan bir gün əvvəl yazıb. İndi Cavidanın xalası oğlu və ən yaxın dostlarından olan Gündüz həmin şeiri səsləndirəndə onunla qürur duyduğunu deyir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Cavidan Nizami oğlu İbrahimli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308
avatar

Oxşar yazılar