Battal Bayraqdarov 2002-ci ildə Qubanın Ağbil kəndində Ahıska türkü ailəsində dünyaya göz açıb. Uşaqlıqdan idmana marağı ilə seçilən Battal cüdo üzrə bir sıra turnirlərin qalibi olub.
APA TV-nin şimal bürosunun xəbərinə görə, məktəbi bitirdikdən sonra Türkiyə universitetlərindən birinə qəbul olunsa da, atasının səhhətinə görə ali təhsil ala bilməyib.
Bacısı Nazlı Bayraqdarovanın dediyinə görə, hərbi xidmətə yollanan Battal xidmət müddətində seçilən əsgərlərdən olub: “Qardaşımı orada fəal əsgər olaraq seçmişdilər və şəkilini şərəf lövhəsinə vurmuşdular. Əsgərlikdən evə zəng edəndə atama bunu fəxrlə söyləmişdi. Daha bir dəfə zəng edib baş atıcı olduğunu bildirmişdi. Müharibəyə gedəndə bizə bildirməyib. Sonradan bundan xəbər tutanda bizə dedi ki, “narahat olmayın, heç nədən qorxmuram, torpaqlarımızı alıb gələcəyik”. Şəhid olmamışdan bir müddət əvvəl zəng eləmişdi. Hamımızla söhbət edəndən sonra dedi ki, telefonu atama verin, onunla sonuncu dəfə danışmaq istəyirəm. Həmin danışığımızdan bir həftə sonra şəhid olması xəbərini aldıq”.
Əmisi Paşa Bayraqdarov deyir ki, 18 yaşlı Battal Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl və Füzulinin azad olunması uğrunda savaşlarda fəal iştirak edib. Oktyabrın 10-da Füzuli şəhəri istiqamətində gedən şiddətli döyüşdə qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb: “Battal uşaqlıqdan seçilirdi. Çox mərd və möhkəm uşaq idi. Hətta bir dəfə uşaqlarla oynayanda şəhid olacağını bildirmişdi. Döyüşlər zamanı Cəbrayıl artıq azad olunmuşdu. Füzuli istiqamətində yaşayış məntəqələrinin biri uğrunda gedən döyüşdə düşmən mərmisi yaxınlığında partlayıb. Battal aldığı qəlpə yarasından sonra şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”
Digər əmisi Kamil Bayraqdarov da Battalın qəhrəmanlığı ilə qürur duyur: “İndi onun əsgər yoldaşlarından, komandirlərindən xəbər gəlib çatır. Mərd uşaq olub, həmişə qabaqda gedib. Mərdliyi və qorxmazlığı ilə həmişə seçilib”.
Qeyd edək ki, Battal Bayraqdarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Vəli Turan
Mais Allahverdiyev