Xaçmazın Canaxır kəndindən olan 24 yaşlı Rahim Sərdarlı Vətən Müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Rahim iyulda baş verən Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət edərək, könüllü kimi qeydiyyatdan keçib.
Vətən Müharibəsinə sentyabrın 29-dan qoşulan Rahim Füzuli, Cəbrayıl və Qubadlı döyüşlərində fəal iştirak edib. Şuşa uğrunda savaşda isə qəhrəmancasına şəhid olub.
Şəhidin atası Rafiq Məmmədov bildirir ki, oğlu Rahimin kənddə, dost-tanışları arasında böyük hörməti var idi: “Rahim fikirləşirdi ki, Vətən Müharibəsində mütləq ön cəbhədə olmalıdır. Bu kənddən bir şəhid, bir qazi olacaqsa, onun adı həmin sırada səslənməlidir. Telefonla danışırdıq. Bizə ürək-dirək verirdi. Deyirdi ki, düşmənin belini qırmışıq. Tezliklə qələbə qazanacağıq. Sağ-salamat qayıdıb gələcəyəm, elimə qəhrəman kimi qayıdacağam”.
Anası Esmira Məmmədova bildirir ki, Rahim Sərdarlı bu il Mədəniyyət və İncəsənət Universitetinə qəbul olaraq çoxdan arzusunda olduğu tələbə adını qazanmışdı. Amma Rahim onları yox, Vətəni seçdi: “O, bizim yox, Vətənin övladı oldu. Elə uşaqlıqdan təşəbbüskar, öndə olmağı istəyən idi. Onun haqqında ancaq xoş sözlər danışmaq olar. Mənim qəhrəman balam...”
Bacısı Mələk Məmmədovanın sözlərinə görə, Rahim nişanlı olub və toyuna hazırlıq gedirmiş: “Mənə söz vermişdi ki, qayıdacaq. Deyirdi, heç narahat olmayın, getdiyim kimi də gələcəyəm. Nişanlısına da söz vermişdi ki, məni qəhrəman kimi qarşılayacaqsınız. Elə də oldu. Qəhrəman qardaşımla fəxr edirəm”.
Şəhidin əmisi oğlu Rəşad Məmmədov Rahimin Aprel döyüşlərinin də fəal iştirakçısı olduğunu bildirib: “Döyüşə getməzdən əvvəl mən onunla çox söhbət edirdim. Mənə qardaş kimi idi. Deyirdim, niyə yazdırmısan, deyirdi, belə yaxşıdır. Deyirdim, çağıranda mən də gedəcəm. O deyirdi ki, bu kişilik məktəbidir, kişilik yoludur, mən dayana bilmərəm”.
Rahim evə son zəngində şiddətli döyüşlərin getdiyini, ordumuzun hər gün irəlilədiyini deyib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib.
Noyabrın 8-də Şuşa azad olunan gün Rahimin ailəsinə şəhid olması barədə məlumat verilib. Vətən Müharibəsinin qəhrəman şəhidi doğulub boya-başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Rahim Sərdarlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vəli Turan
Mais Allahverdiyev