Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bayraq Meydanında avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Qurumdan Lent.az-a verilən xəbərə görə, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
***
10:19
Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəzaya düşüb.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonunda, Bayraq Meydanının yaxınlığında baş verib.
Avtobus əsas yolla bulvar arasında olan arakəsməyə çırpılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirlinin sözlərinə görə, qəza zamanı avtobusda sürücü olmayıb:
"Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.
Park vəziyyətində olan "Daewoo" markalı 10-TG-753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır".