Rüstəm Behrudi
12 sentyabr 2025 10:45 (UTC +04:00)

Rüstəm Behrudi

“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi

0

12 sentyabr görkəmli şair Rüstəm Behrudinin doğum günüdür.

Lent.az Kulis.az-a istinadən bu münasibətlə şairə xoş arzular diləyir və Sevinc Mürvətqızının Rüstəm Behrudi ilə müsahibəsini təqdim edir.

Doğum günü ərəfəsində “din üstünə din sevən”, Xalq şairi Məmməd Arazın “Vətən adam” adlandırdığı, Xalq yazıçısı Elçinin təbirincə desək, “dərinə endikcə şeirləri dəliliyin müdrikliyini xatırladan”, ömrü boyu Allahla cəng-cidala girən şair Rüstəm Behrudi ilə söhbətləşdik.

Bu müsahibə daha çox unudulmuş çağların qədim ayininə, şaman qavalına vurulan zərbəylə əks-səda doğuran əski bir mərasimə oxşayacaqdı…
Haradasa bir boz qurd ulayacaqdı və o ulartı dağların sinəsindən qopan, torpağın dərin qatlarından gələn bir səsə qarışıb göyün damarlarını titrədəcəkdi, insanın ruhunun dərinliklərindəki unudulmuş qapıları döyəcəkdi.

Rüstəm Behrudi müsahibədə elə o qavalın özü kimi səslənirdi, hər kəlməsi zərbəyə çevrilir, qədim şamanların Tanrıya göndərdiyi bir dua kimi, haray kimi göylərə qalxırdı.

Rüstəm Behrudinin minillik tanış və qədim ruhunda şair, şaman, dərviş yanaşı qərar tutub, biri kiriyəndə, digəri dilə gəlirdi: Dağ silkələnir, torpaq nəfəs alır, dəli külək əsir, göyün damarında işıq axırdı…

Və kənardan anlamsız görünən, amma əslində anlamın lap elə özü olan minillik səbirsizliyi, tələskənliyi, göyü sevib amma məhkum olduğu yerdə vurnuxa-vurnuxa əbədiliyin işarəsini cızan boz qurd kimi qərartutmazlığı, sevdaları və ayrılıqları ilə Rüstəm Behrudi bütün müsahibə boyunca şamanın duasından da, dərvişin zikrindən də , şairin kəlməsindən də ötəyə - paralel bir reallığa keçmişdi… O reallıqda isə hamı sözün bütün mənalarında BİRdir - göylə yerin arasında asılı qalan qərib-didərgin, təkbaşına, həm yaralayan, həm sağaldan qədim şəfaçı ruhdur…

 Tanınmış türk professor Əhməd Bican Ərcilasun sizinlə tanışlığını bəxtiyarlıq sanırdı və sizi “ağzı dualı şaman nəvəsi” adlandırırdı. Yazırdı ki, Rüstəm Behrudi danışanda qurd ağzından danışır, ulayırmı desəm?! “O Kərəmin ağzından çıxan alovdur, özünü də yandırar, məni də. Ağırbaşlı bir yazı ilə Rüstəm Behrudi anladılmaz” – qənaətinə gəlmişdi. Elə o qənaətdən yola çıxıb soruşmaq istəyirəm - Turana, türkçülüyə, şamanlığa, başınızın üzərindən rəsmini asdığınız ulayan Börüyə olan bu sevda hansı zamandandır?

- Özümü dərk edəndən bu sevda qanımda, canımda, ruhumdadır. Turan və turançılıq düşüncəsi türk etnosunu ayaqda tutan, onu yox olmağa qoymayan düşüncə formasıdır! Ən ağrılısı odur ki, Tanrı dağlarının harada yerləşdiyindən xəbəri olmayan, “qızıl alma”nı meyvə kimi düşünən, boz qurdun nə anlam daşıdığını bilməyən “Turançı” bir nəsil yetişir. Bu adamlar işimizə, getdiyimiz yola kölgə salmaqdan başqa bir işə yaramaz!

Hira ilə Tanrı dağları arasında seçim edə bilməyən adam nə tanrıçı, nə turançı, nə də bozqurdçu ola bilməz… Ya göydən gəldiyinə inanacaqsan, ya da Adəm-Həvva nağılına! Bu ikiliyin arasında seçim edə bilməyən adam türk deyil. Tanrı türkə kitab göndərmədi, biz Tanrının kitabıyıq, türklük özü bir dindir! Bəlkə də bu cür düşündüyümə və daim bunu yazdığıma görə professor Mirəli Seyidov qeyd edirdi ki, türk mifik düşüncə tərzi, Turan ideyası və türk millətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazanıb...

Mən şamanlarla bir yerdə bir müddət Altayda qalmışam. Orada da çoxlu şeylər öyrənmişəm. Amma sonra baxdım ki, öyrəndiyim, bildiyim şeylərə görə əziyyət çəkirəm. Mən dünyanın heç bir sirrini açmadım, çünki o sirləri açsaydım, aləm bir-birinə qarışacaqdı… İnsanın içində qırxıncı otaq var, ondan kimsənin xəbəri olmamalıdır… Hətta o qırxıncı otağın qapısını özün üçün də açmamalısan. Açsan, hər şey uçub-dağılır. Konfutsinin məşhur bir kəlamı var: gizlən ki, səni görüm. Ömrüm boyu gizlənib yaşadım, ancaq sonra gizlənə bilmədim…

Heç bir kəs tanımaz məni dünyada,
Dərd deyil, qoy olsun, sən tanı barı.
Bil ki, mən qəribi Tanrı göndərib,
Göndərib ovudum ayrılıqları...

Əslində heç kim də məni olduğum kimi tanımır, heç istəmirəm də tanısınlar…

- Niyə?

- Danışdığımız elə bu qırxıncı otaq məsələsinə görə... Özüm də girib ora baxmağa qorxuram. Çünki orada nə olduğunu mən də bilmirəm. Elə bir sürpriz, gözlənilməzlik ola bilər ki, hər şey gözümdən düşə bilər. Ya da elə bir şey ola bilər ki, məni daha qeyri-adi işlər görməyə məcbur edə bilər. O yükü çəkmək ağrılı və ağır olar...

Atam deyirdi ki, gedəcəksən Bakıya, orada heç kimi tanımırsan. Heç kimin yoxdur, bilirəm, sən hər şeydən baş çıxaracaqsan. Ancaq səndən bir xahişim var, ləyaqətini qoru. Ləyaqətini qorusan, o ləyaqətin səni ömrün boyu qoruyacaq, səni xoşbəxt edəcək. Onun dediyini elədim…

- Peşmansınız?

- Heç peşman deyiləm...

- Bu yaxınlarda çox böyük bir itki yaşadınız – ananız dünyasını dəyişdi. Onun fiziki yoxluğu, xatirəsi yaradıcılığınıza hansısa mənada təsir edəcək?

- Bu mövzudan danışsaq, ağlaya bilərəm. Anamın ölümü təkcə fiziki itki olsaydı, nə vardı ki… İnsan doğulduğu adama elə ruhani bağlarla bağlı olur ki, fiziki ayrılıqdan sonra bu, çox böyük əziyyət verir. İndiyə qədər yer üzündə elə bir adam tanımıram ki, ölümün əsl mahiyyətini dərk eləsin. Mən də bütün ömrüm boyu onun nə olduğunu dərk etməyə can atmışam. Günlərin bir günü yazdım ki…

Daha bezib doymuşam mən,
Tövbə eylə deyən dindən.
Ruhum, çıx get bədənimdən,
Ölüm, ölüm görüm səndə nə var…

Ölümü dərk eləmək üçün ölmək lazımdır, bunun başqa yolu yoxdur…

- Ölümdən qorxursunuz?

- Bütün mahiyyətini anlamağa çalışdığım üçün ölümdən qorxmuram… Ölüm qorxusu fəlsəfənin başlanğıcı, dinin son səbəbidir. Ruhun ölümsüzlüyünə olan inam ölüm qarşısındakı dəhşətli qorxunun bir işarəsi, rəmzidir. İsa da, Musa da, Məhəmməd də bunu bilirdi. Ancaq anlatmaq istəmədilər. Bunu anlamaq olar ki, bu yer üzündə insan tək doğulur, tək yaşayır, tək ölüb gedir.

Musa əsası ilə, İsa çarmıxı ilə, Məhəmməd Quranı ilə tənhadır, təkdir. Gəldiyi yerə can atan Adəm də Həvvanın yanında tənha idi, tək idi…

Alçaq da sən, uca da sən,
Cavan da sən, qoca da sən.
Sən hər şeydən ucadasan,
Ölüm xoş gəldin, xoş gəldin.

Ölümə “xoş gəldin” deyə bilən adam ölümdən qorxmaz. Qorxmaq deyil, amma onun ağrısı, acısı var axı… Doğmalarını, sevdiklərini qoyub getmək… Bunun ağrısı ola bilər, yoxsa ölümün nə qorxusu olacaq ki?

O qorxu adamlara olan sevgilərin qorxusudur, əslində. Hamı ölür gec-tez, beş gün o tərəfə, beş gün bu tərəfə…Hamı üçün yeganə ədalətli olan şey ölümdür...

- Yaradıcılığınızın mahiyyətində bir dua ab-havası var. Və aydındır ki, bu ta uşaqlıqdan formalaşır, sizin uşaqlığınızın ən unudulmaz duası hansı olub?

- Bizim tərəflərdə gəvən deyilən bir bitki var. Onun dibini deşirdik, oradan yağ çıxırdı, kilosu 10 manata idi. Elə olurdu ki, bütün yayı işləyirdim, onda dəyədə qalırdım. Bəlkə də məndə dəyəyə, alaçığa, çadıra olan sevgi də oradan başlayıb. Bütün yayı dəyədə qalıb məktəb üçün dəftər-kitabımızı özümüz alırdıq. Atam müəllim idi, maddi vəziyyətimiz də yaxşı deyildi, 9 uşaq idik. İşləyib evə kömək edirdik.

O tikanlı gəvəni deşmək çox əzablı, əziyyətli iş idi, əsl qul əməyi idi... Həm də Naxçıvanın 40 dərəcə istisində... 12 yaşım vardı onda, evin böyük övladı idim. Böyük bir daş vardı, hər dəfə yorulanda o daşın üstündə oturub dua edirdim ki, “Tanrım, sən mənə güc ver ki, bütün ailəmi bu sıxıntıdan qurtara bilim...” Çox şükür Tanrıya ki, duam qəbul oldu...

- Şeir yazmağa da həmin vaxtdan başlamısınız?

- Ədəbiyyatı uşaqlıqdan sevmişəm, atam da ədəbiyyat müəllimi olub. Nizamini oxuyurdum, dərk edə bilmirdim, başladım Füzulini oxumağa, gördüm o, ömrü boyu Allaha dua edib, bütün şeirləri duadan ibarətdir. Bu dualar məni ovutmadı. Nəsimini oxudum, gördüm onda da duadan daha çox etiraz, üsyan var. Bu üsyan da könlümü ovutmadı.

Xətaini oxuyanda ruhumda nələrsə oyatdı. Ancaq bu da məndə keçici oldu. Uzun müddətdən sonra Cavidi oxudum. Baxdım ki, Caviddə olan fəlsəfi dünyagörüş mənə doğma olsa da, yenə məni ifadə etmir. Hadini oxudum, dili ağır olsa da onu sevdim. Sonra müasir Azərbaycan ədəbiyyatından mənə doğma olan Məmməd Arazı, Bəxtiyar Vahabzadəni oxudum. Və gördüm ki, bunlar da məni tam ovutmur. Yaşım olardı 17-18. Özüm yazmağa başladım. Belə başladı mənim şairliyim...

- O yaşda şairlik düşüncəsi sizdən ötrü nə idi?

- Sözləri ilahi şəkildə ifadə edib adamları təəccübləndirmək kimi gəlirdi mənə. Sən demə, o deyilmiş.

Şairlik insanın zamanla, ölümlə, əbədiyyətlə, Tanrı ilə qarşılaşmaq heyrətinin məhsulu olmalıdır. Şeir həm də qan süzülən bir yaradan qurğuşunu çəkib çıxarmaqdır. Ancaq elə çıxarmaqdı ki, yaralı ölməsin. Şeir sükutu sözə daşımaqdır. Elə sözlərlə daşımaqdır ki, sükut pozulmamış olsun. Füzulidə şeir duadır, Nəsimidə üsyandır, Caviddə sevdadır və dünyada nə varsa, hamısının sintetik analizi, yəni fəlsəfədir.

Mənə deyirlər ki, ölümdən çox yazırsan. Adamlar anlamırlar ki, ədəbiyyatın ən böyük mövzusu elə ölümdür, ölümün sirrini açmaqdır.

Rafiq Əliyev bir dəfə televiziyada çıxış edəndə dedi ki, Rüstəm Behrudi çoxluğun, kütlənin şairi deyil, onun yazdıqları böyük düşünən, zamansız yaşayan, əbədiyyəti dərk edən adamlar üçündür. Mən sözlərimi əbədiyyətə hesablayıb yazıram. Şeir həm də insana insandan danışmaq cəhdidir.

- "Şaman duasından dar ağacına” – bu ikisinin arasındakı 68 illik yola nələri sığışdıra bilmisiniz?

- Bir insan ömrünə nə sığışa bilərsə, hamısı orada var. Özü də sıradan insan ömrü yox, dolu-dolu yaşanan insan ömrü...

- İlahi duaların gücü üstün gəlib o yolda, yoxsa dar ağacı qorxusu?

- Əvvəllər dua etməyi xoşlayırdım, sonralar dua məni ovutmadı. Sonra üsyan, qiyam başlandı ruhumda...

Mənə yaddı üsyan, qiyam,
Düşmənə də çətin qıyam.
Mən ayrılıq adamıyam,
Qoşul mənə, çıxaq gedək...

Sonra hər şeyi – elə dar ağacından qorxum olmadığını da anladım:

Əvvəlin axırı, sonun əvvəli,
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun, boyun göy dəlir?!
Salam, Dar ağacı! Əleykümsalam.

Ramiz Rövşən məhz bu şeirimə görə deyirdi ki, hər kəs dar ağacına salam verə bilər, ancaq dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir.
Onu da anladım ki, mən dəli yolların adamı imişəm...

Yol gedirəm mən dəli,
Bu yol dəli, mən dəli.
Bu nə yoldu, əvvəli
Və sonrası içində…

Hər dəfə yol gəlirəm, sonra o yolu qoyub başqa bir yolu başdan başlayıram. Çətindir əslində, amma o yollar hamısı mənim getdiyim yolun ayrı-ayrı parçalarıdır. Bütün ömrüm boyu bir yolu gedirəm, əslində mən yolam, özümü gedirəm...

Getdiyin yolda bir gün özün yola çevrilməsən, o insanın həyatı heç nəyə dəyməz. Özün yola çevrildinsə, kənarda nəyisə, kimisə axtarmağa ehtiyac qalmır. Bu yöndən yanaşanda da mənim hörmət etdiyim, oturub-durduğum adamlar var, amma dostlarım yoxdur. Dostluğun ümumiyyətlə yükü ağırdır, mən də yükü çəkiləcək adam deyiləm, çox ağırdır mənim yükümü çəkmək…

- Bəs özünüz kiminsə yükünü çəkmisiniz o yolda?

- Mən həmişə yük çəkməyə hazıram. Amma illərlə çəkəndən sonra da baxdım ki, o yükü çəkməyə dəyməzmiş. Mənim üçün tənhalığım, yalqızlığım rahatdır. Ruhumun sındığı bir yer var orada. Mənimki əslində təklik və yalnızlıq deyil, təkbaşınalıqdır. Tənhalıq odur ki, insanlar səni buraxıb gedir, ya da sən insanları buraxıb gedirsən. Məni heç kim buraxmayıb, nə də mən heç kimi buraxmamışam. Bu mənada mənimki tənhalıq deyil, təkbaşınalıqdır.

Yalnızlıq və tənhalıqda onun gətirdiyi əzab və iztirabdan qurtarmaq çabası və istəyi var. Təkbaşına olan adamın isə artıq can atması yoxdur. Təkbaşınalıqda ümid adına heç nə yoxdur və o, yalnızlığın fövqündədir.

- Bu təkbaşınalıqda özünüz özünüzə yetə bilirsiniz?

- Özümlə rahat baş-başa qala bilirəm. Bu, bir az ağır sözdür ki, özüm-özümə yetərəm, amma yetirəm. Böyük ədəbiyyat mənasında orada başqasına ehtiyac yoxdur. Azərbaycanın yarısı şeir yazır – boş vaxtı olanlar, atıb gedənlər, atılıb qalanlar – hamı şeir yazır. Bunlar cəfəngiyyatdır, sadəcə vaxtlarını keçirirlər. Bir də var böyük ədəbiyyat...

- Necə düşünürsünüz, siz böyük ədəbiyyat yaratmısınız?

- Demirəm mən böyük ədəbiyyat yaratmışam. Sadəcə ədəbiyyatla məşğul oluram. Nəsimini, Cavidi, Hadini oxuyanda hiss edirəm ki, onlar böyük ədəbiyyat yaradıb...

- Onların faciəli taleləri də sizdə bu fikrin formalaşmasına təsir edib?

- Taleyin birbaşa ədəbiyyata, şairə dəxli var. Taleyi olmayan adam şair ola bilməz. İnsanlar hansısa yaşdan sonra təzədən talelərindən doğulurlar və şair olurlar. Şair həm də özü özünü doğur. Şairlik bütün sənət növlərindən ona görə fərqlidir ki, onlar sözlə yaradırlar. “Poet” sözü qədim yunan dilində “yaradan” deməkdir. Bircə şairlərə “yaradan” deyirlər, başqa heç bir sənətdə bu yoxdur…

- Ona görə bəzən şeirlərinizdə Yaradanın özü ilə rəqabət ruhu var?

- Bir dəfə yazmışdım ki, şairlər Tanrının casuslarıdır. Mərhum Kamil Vəli Nərimanoğlu deyirdi ki, Rüstəm Behrudinin Tanrının özünə müxalif olan şeirləri Tanrıya bakirə sevginin özü kimi qalacaq. Bir şeirim var: “Sən kimin tərəfindəsən?”

Görəsən nə deyir o namərd adam,
Görən niyə susub adamlar, Allah?
Hamı təslim oldu şərə, sənin də,
Nədəndir canında qorxu var, Allah!

Bəzən Allah ya şərin tərəfində olur, ya da şərin yanında duranlara göz yumur... Onda bilmirəm ki, iblisin, ya mələyin yanındadır?! Mənə elə gəlir ki, ağır günündə bəndəsinin yanında dayana bilməyən Allah Allah deyil...

- Düşünmürsünüz ki, bu dualizm əslində mükəmməl ilahi düzənə xidmət edə bilər?

- Mükəmməl yalan deyərdim mən buna... Yeri gəlmişkən, elə bu yaxınlarda Avstriyada, İsveçrədə və Almaniyada üç dildə “Mükəmməl yalan” kitabım nəşr olunub.

Əzəli-əbədi, dayanmadan dönən bu yaradılışın sonu qiyamətdir. Qiyaməti Allah təkbaşına etmir, onu da İblislə birlikdə hazırlayır. Mənə elə gəlir ki, cəhənnəmi də İblisin xətrinə yaradıb Allah. Görün, nə mükəmməl bir yalan var bunda?! O qədər mükəmməl yalandır ki, bəşəriyyət də min illərdir buna inanır.

Mən bütün dini kitabları oxuyandan sonra anladım ki, onlardan iblisi çıxarsan, Allah da yoxdur… Onlar ikisi bir yerdə var.

Uzun illər bundan əvvəl Qüdsdə “Ağlama divarı”nın önündə bir haham mənə dedi ki, sən milyarderlə bir dilənçinin, axmaq bir adamla bir dahinin eyni Allah tərəfindən yaradıldığına nə cür inanırsan? Susub heyrətlənmişdim. Onda Tövratı yenicə oxuyub bitirmişdim və o, Tövratda yazılanların tam əksini söyləyirdi! Və sonradan alnamışdım ki, o, Musanın, İsanın, Məhəmmədin anlatdığı Allahdan fərqli bir Allahı anladırmış… Buna görə də mənim Allahla işim yoxdur, Tanrı bizə yetər!

Çox şeylər bilirəm,
Ancaq sirrini açmadan Allahın,
Yaşayıram bildiklərimi unuda-unuda.
Bilirəm İblisin
Gizlində Allahın dostu olduğunu da…

- Əgər şaman və dərviş obrazlarını birləşdirib bir gün dünyanı gəzsəydiniz, ilk və son dayanacağınız hara olardı və niyə?

- Kəndimiz Behrudda qəbiristanlığa gedən yolun üstündə əkilmiş bir dağdağan ağacı var. Dərviş kimi gözümü yumub açıb özümü o ağacın altında görmək istəyərdim. Oradan evimizə də yol gedir. Bütün yollar oradan keçir... Elə indiki yaşımda olardım, nə bundan cavan, nə bundan yaşlı... Atam ədəbiyyat müəllimi olsa da, məni heç vaxt şair kimi tanımırdı, ta ki şeirlərimi dərsliklərdə görənə qədər...

Onun üçün şair Nizami, Füzuli, Nəsimi idi. Şeirlərimi orta məktəb dərsliklərindən şagirdlərə tədris etməyə başlayandan sonra məni şair kimi qəbul etməyə başladı. Sonra bir dəfə eşitdim ki, mənim bir şeirimi oxuyurmuş tez-tez:

Yaman kövrəlmişəm yenə bu axşam,
Gözlərim dolubdur bir himə bənddir,
Bağışla yurd yeri, indi bilmişəm,
Bütün yollarımın sonu o kənddir...

Dünyada çox gözəl yerləri gəzib görmüşəm... Amma o kənddən gözəl yer görməmişəm…

Bu mənada həm də biz hələ bilmirik ki, keçmişdən gələcəyə doğru gedirik, ya gələcəkdən keçmişə doğru gəlirik? Zaman anlayışı həm nisbidir, həm də sonrası yoxdur. Bir ifadəm var: “Zamanda sonrasızlıq.” Keçmiş yaxud gələcək deyilən bir şey yoxdur, gələcək əslində bizim içində olmayacağımız indiki zamandır.

Əbədiyyət andan keçir,
Zaman sığan o an mənəm…

- Bütün sözlər yox olsaydı, bircə kəlmə qalsaydı, hansı kəlmə olardı sizə görə?

- “Sevda” kəlməsi. Sevgi yox, məhz sevda... Sevda ağrı, acı, nisgil, həsrət – hər şeyi ifadə edir. Amma bəndənin bəndəyə olan sevgisində təmənna, alver var. Bu, bir tərəfin qarşı tərəfdən nəyisə əldə etmək naminə aldatmaq cəhdidir. Kimisə ələ keçirmək, kimisə ram etmək, özününkü etmək və yaxud əksinə, kiməsə tabe olmaq, kiminsə qarşısında təslim olmaq... Sevgini layiq olmadığı bir şeyi ələ keçirmək istəyən eybəcərlər, yarımçıqlar uydurublar. Sevgi şəhvətlə həyanın arasındakı həmin şeydir. Sevda isə tamam başqa məsələdir.

Sevda nədir soran adam,
Deyim, bədən bil can olur...
Zaman, zəmanə dayanır,
Min il dönüb bir an olur...
Ona gedən yolun adı,
Ruhum üstə od qaladı,
Bu nə cür eşq, nə sevdadı?
Dərd qayıdıb dərman olur...

Sevda dərdin qayıdıb dərman olmasıdır. Ən dəyərli kəlmədir sevda…

- Böyük mənada ruhani-metafizik axtarışla xalqa xidmət arasında qalanda şair hansını seçməlidir?

- İnsanı seçmək lazımdır həmişə. İnsanı xoşbəxt eləmək lazımdır, çünki insandan böyük dəyər yoxdur.

- İnsanı seçib peşman olmamısınız bəs?

- O qədər olmuşam... Amma mən yenə də insanı seçərdim. Tanrı deyir ki, kim bəndəmi xoşbəxt eləyərsə, məni xoşbəxt eləyir. Olanların və olacaqların mahiyyətini daşda, ağacda, göy üzündə, ulduzlarda, hətta sonda Allahda axtarmağın tərəfində deyiləm.

Çünki onların hamısından daha dəyərli, daha möhtəşəm bir mövzu var – insan ruhu, insan mənəviyyatı və sonda insanın özü. İnsanın özündə baş verənlərin mahiyyətini göy üzündə, ətrafda axtarmaq başadüşülən deyil. Mənim əslində insanlara çox yazığım gəlir...

- Yazığı gəlmək bir az təkəbbürlü səslənmirmi?

- Sevdiyim adamlara olan mərhəmətdən gedir söhbət…Əslində başıma da nə müsibət gəlibsə, mərhəmətimdən gəlib. İnsanın ancaq sevdiyi adamlara yazığı gələr. Mən adamları dəli kimi sevirəm sevəndə, amma məni heç dəli kimi sevən olmayıb. Bəlkə də mənim dostlarımın olmamağı da bundan qaynaqlanır elə...

- Sizcə, şairin faciəsi nədir ?

- Şairin ən böyük faciəsi öz sözünə xəyanət etməsidir. Azərbaycanda uzun illər ərzində çoxunun qələmi qırıldı – bəzilərininkini qırdılar, çoxu da özü qırdı öz qələmini. Qələmini özü qıranların çoxu öz içindəki baryeri aşa bilməyənlərdir. Səbəbi isə sosiallaşmaq, maddi olaraq çox şey istəmək...

Şairin başqa bir faciəsi də özünə qoyduğu senzuradır. Bir var cəmiyyətin qoyduğu senzura, bir də insanın özünün özünə qoyduğu senzura. Ən böyük faciə budur... Mən ömrüm boyu içimdəki sözə senzura qoymamışam. O senzuranı aşmışam, düşdüyüm hala da, özümə də həmişə səmimi olmuşam. Amma…

Ömrü sovurub-sovurub,
Bəxti qapıdan qovub,
Çətindir göyü sevib,
Qayıdıb yerin olmaq...

Göyü sevib qayıdıb yerin olmağımı isə heç vaxt özümə bağışlaya bilmirəm. Bu, mənim faciəmdir, belə olmamalıydı. Göyü sevib yerin adamı olmaq axmaqlıqdır, məncə. İnsanın içi göy üzündən də böyükdür. Bir də ən gözəli budur ki, içindəki yıxılıb-qalxmalarını, içində düşdüyün uçurumları bircə sən bilirsən, bir də Tanrı bilir.

Mən həmişə fikirləşmişəm ki, göy üzü nə vaxtsa itmiş yer üzüdür və bizim göy üzünün qaranlığında bütün olmuş və olacaqlara, cavabsız suallara cavab axtarmağımızın nə qədər gülməli olduğunu anlamırıq. Biz nə vaxtsa göy üzünü “darmadağın etsək” o, işıqlanacaq. Və onda biz onun elə nə vaxtsa günaha batmış, itmiş yer üzü olduğunu görəcəyik. İnsana aid olan nə varsa, onu insandan kənarda axtarmaq yanlışdır!

Adamlar bilmirlər ki, ömür illüziyadan başqa bir şey deyil. İnsan yer üzündə deyil, ancaq sevdiklərinin qəlbində, sevdiyi şeylərin mahiyyətində yaşayır. Yaşamağın başqa bir anlamı yoxdu və həyat ona bağlanılacaq qədər uzun deyil…

- Ruhun ölümsüzlüyü fikri bu məqamda təsəlli ola bilərmi bəs?

- Ruhun ölümsüzlüyünə inanmaq istəyirəm. Əgər elə olmasa, onda deməli yaşadığımız hər şey boşdur?.. Atamı, anamı, qardaşımı, qardaşımın balasını itirmişəm, ruhun ölümsüzlüyünə inananda ümidim yaranır ki, onları görəcəm nə vaxtsa. O ölümlərdən sonra özümü inandırdım ki, ruh ölümsüzdür, ruhumuz görüşəcək nə vaxtsa…

- Sizdən bir bənd qalacaq olsa, hansının olmasını istəyərdiniz?

- Mən qərib, kimsəsiz, didərgin ruham,
Göylərdə bilinməz qəbrim var mənim.
Ölsəm, tabutumu mələklər tutar,
Yasımı Allahlar saxlayar mənim.

- Əgər gənc Rüstəm Behrudi ilə üz-üzə oturub söhbətləşmək imkanı olsaydı, onlar bir-birinə nə deyərdilər?

-Ondan soruşardım ki, sən xoşbəxtsənmi? O gənc də indiki məni görərdi axı... Mənə maraqlı olardı ki, o neçə illərdən sonra axtardığını tapıb, ya yox? Təbii ki, mən özüm bilirəm, amma o bilərmi?! O gənclə bərabər doyunca, hönkürə-hönkürə ağlayardım... O gənc Rüstəmə bu şəhərdə illər ərzində nələr çəkdiyimi, bu yerə necə və nələrin bahasına gəlib çıxdığımı danışardım. O da yəqin məndən soruşardı ki, bütün bunlara dəyərdimi?!.

- Cavabınız nə olardı?

- Heç dəyməzdi...

- Sosial şəbəkədə aktiv çıxış edirsiniz və əksər paylaşımlarınız adətən bu misranızla yekunlaşır: “Bu da belə bir ömürdü, yaşadım…” Doğum gününüz ərəfəsində etdiyimiz bu söhbətimizi də həmin ənənənizə uyğun, elə o ab-havada yekunlaşdırmağınızı istəyirəm. Necə bir ömürdü yaşadığınız?..

- Bir sonbahar sabahı qurd ulayanda doğulmuşdum, qurdlar ulaşanda da bitəcək hər şey! Tanrı mənə bir missiya vermişdi - türk yurdlarından Tanrı dağına gedən yola çıraq tutmaq, o yolun adlı-adsız qəhrəmanlarının şərqilərini oxumaq, “qızıl alma”nın nurunu anlatmaq! Bacardımmı, bilmirəm…

Ancaq onu bilirəm ki,
Sözüm – bir həsrəti,
Yaşım – bir ölümü,
Ömrüm – bir tabutu
Süsləyəcək qədər
Gözəl keçdi…

Fotolar: Rüfət Mustafayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar