Şəhid Mirbala Rəsulovun ailəsi
22 dekabr 2020 16:18 (UTC +04:00)

Şəhid Mirbala Rəsulovun ailəsi

“4 yaşlı Mədinə hələ də atasının işdə olduğunu bilir” – Şəhid ailəsindən REPORTAJ

Mirbala Rəsulov 1989-cu ildə Şabranın Rəhimli kəndində doğulub.

APA TV-nin şimal bürosunun xəbərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb. On ilə yaxındır xidmətdə olan kiçik gizir Vətən müharibəsinin ilk günündən qızğın döyüşlərə atılıb.

Şəhidin atası Əmirağa Rəsulov bildirir ki, Mirbala evin tək oğlu olsa da, tərəddüd etmədən hərbçi olmağa qərar verib: “Beş il idi ailə qurmuşdu. Ailə qurmasının beşinci ildönümü günü – sentyabrın 27-də döyüşlərə başlayıb. Bir neçə gün ona zəng çatmadı. Elbrus adlı iş yoldaşı ilə danışdım. Məni arxayın elədi ki, hər şey yaxşıdır. Amma sən demə, mənimlə danışanda Elbrus özü ağır yaralı halda hospitaldan danışırmış. Sonra Mirbalanın özü ilə də danışdıq. Dedi ki, hər şey yaxşıdır, sakitlikdir. Amma müharibənin şiddətləndiyini mən hər gün televizorda görürdüm. Axırıncı dəfə oktyabrın 4-də telefonla əlaqə saxladıq. Anası, həyat yoldaşı və uşaqları ilə xeyli danışdı. Bir gün sonra da şəhid oldu. Mən oğlumla fəxr edirəm, o, Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb”.

Mirbala Rəsulov Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərində üçrəngli bayrağımızı dalğalandıran qəhrəmanlardan biridir. Oktyabrın 5-də yaralı yoldaşlarını döyüş meydanından çıxararkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Anası Xədicə Rəsulovaya oğlunun döyüşlərdə olması barədə xəbər verməyiblər: “Mənə deməyiblər müharibədə olmasını. Qonşular soruşanda da demişəm ki, Mirbala döyüşlərdə deyil. Bir də onda xəbər tutdum ki, evdən gəlib şəklini istədilər. Səbəbini soruşanda, dedilər, şəhid olub. Mənim qəhrəman balam. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Mirbala Rəsulov Aprel döyüşlərinin də iştirakçısı olub. Xidmətdə fərqləndiyinə görə medallarla təltif edilib. Həyatının ən böyük mükafatı isə körpə qızları idi. Şəhidin həyat yoldaşı Fərqanə Rəsulova deyir ki, dörd yaşlı Mədinə və iki yaşlı Zəhra hələ də atalarının işdən qayıdacağını gözləyirlər: “Yoldaşımı son dəfə sentyabrın 26-da evdən yola saldıq. Döyüşə getdiyini demədi bizə. Həmişəki kimi, təlimə getdiyini söylədi. Mənə zəng edəndə “hər şey yaxşıdır” deyirdi. Özümə, uşaqlara yaxşı baxmağımı tapşırırdı. Yoldaşım fəxr ediləsi, çox qayğıkeş insan idi. İşini çox sevirdi. Ailəsinə, uşaqlarına, valideynlərinə, bacısına həddindən artıq diqqət göstərirdi. Bir çox arzuları yarımçıq qaldı. Vətən yolunda şəhid oldu. Onunla fəxr edirik”.

Mirbala Rəsulov oktyabrın 6-da doğulduğu Rəhimli kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə qəhrəman gizir ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vəli Turan

Mais Allahverdiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3642
avatar

Oxşar yazılar