Rusiyanın Ukraynada ilk dəfə işə saldığı gizli silah - “Terminator”lar hansı işi görür?
17 iyun 2022 19:00 (UTC +04:00)

Rusiyanın Ukraynada ilk dəfə işə saldığı gizli silah - “Terminator”lar hansı işi görür?

Artıq 4 aydır ki, davam edən Rusiya-Ukrayna müharibəsi müasir döyüş üslubunun təkmilləşdirilməsi və yeni silahların sınaqdan çıxarılması üçün də poliqon rolunu oynayır. Məsələn, yaxınlarda Rusiya Luqansk vilayətinin Severodonetsk şəhəri uğrunda döyüşlərdə dünyada analoqu olmayan silah  - “Terminator” Tanka Dəstək üçün Döyüş Maşınını (TDDM) nümayiş etdirdi.

Tankın müharibədə əsas missiyası piyadalar üçün yolu təmizləməkdir. Pulemyot yuvalarını və düşmən mövqelərini, Piyada Döyüş Maşınlarını və tanklarını məhv etmək də onun öhdəlikləri sırasındadır. Amma tanklar kiçik hədəfləri məhv etməkdə çətinlik çəkirlər. Əsas təhlükə isə qumbaraatanlarla bağlıdır.  

Misal üçün “Javelin” tank əleyhinə raket sistemləri ilə Ukrayna ordusunun mobil qrupları rus tanklarına və digər zirehli texnikalarına qarşı uğurlu pusqular qurur, itkilərə məruz qoyurdu.

Hərb qanunlarına görə, qumbaraatanlarla bağlı problemi tankı müşayiət edən piyada qüvvələr həll etməli idi. Amma Rusiyanın Ukrayna müharibəsində ilk dəfə tətbiq etdiyi “Terminator” Tanka Dəstək üçün Döyüş Maşınını bu missiyanı daha effektiv şəkildə yerinə yetirə bilər.

“Terminator”lar T-90 tankının bazasında yaradılıb. O, tankla müqayisədə daha qalın zirehə malikdir və həm ön, həm də yan ekranlarda əlavə dinamik müdafiə sistemi var.

Amma “Terminator”larda mərmi və sursatların yerləşdiyi hissə döyüş maşının vurulması halında ekipaj üzvlərinin həyatını xilas etmək üçün zirehlənməyib.

Döyüş maşının heyəti 5 nəfərdən - komandir, tuşlayıcı-operator, sürücü-mexanik və iki qumbaraatan atıcılarından ibarətdir. 

“Terminator”ların ümumi kütləsi 47 ton, mühərriki min at gücündə olduğu üçün onun çevikliyi yüksək səviyyədədir.

Amma döyüş maşının əsas üstünlüyü atəş gücündə yaxud zirehində deyil, hədəfləri müəyyən edə bilmək qabiliyyətindədir. Belə ki, “Terminatior”ların Atəşin idarəetmə sistemi yenilənərək panoramalı termal, lazer və teplovizon kanallı nişangahla təmin olunub. Ekipajın komandiri və tuşlayıcı-operator bu nişangahla dumanlı, qarlı, qaranlıq və s. əlverişsiz hava şəraitində qumbaraatançıların mövqeyini 3 500 metrə qədər məsafədə dəqiqliklə müəyyən edə və məhv edə bilir.

Onun silah arsenalının əsasını hədəfin eyni anda sıx və dəqiq atəşlə məhv edilməsi təşkil edir. “Terminator” 2 ədəd 30 mm-lik 2A42 avtomatlaşdırılmış top sistemləri təşkil edir. Onlar avtomatik rejimdə dəqiqədə 300 atışdan tutmuş intensiv rejimdə dəqiqədə 800 atış icra edə bilir. Döyüş komplekti 900 patrondan ibarət olsa da, selektiv formada zireh dağıdan patronla qəlpə-fuqas əsaslı patron arasında asanlıqla keçid edə bilir. Qəlpə dolu mərmilərlə 4 min metrə qədər məsafədə dəqiq atəş açmaq olduğu halda, zireh dağıdan mərmi ilə dəqiq atəş məsafəsi 2 min metr təşkil edir. Silah bloku 45 dərəcə bucaq altında dəyişə bildiyi üçün bu aviasiya və şəhər döyüşləri şəraitində “Terminator” TDDM-in manevr və effektivlik dərəcəsini artırır. Silah blokunun ikinci önəmli hissəsi avtomatik nişangahla təmin olunmuş 7.62 çaplı pulemyotdur. Pulemyotun döyüş sursatı vahid lentdə birləşdirilmiş 2 min güllədən ibarətdir.

Zirehli texnika ilə mübarizə üçün “Terminator”lar “ATAKA-T” tipli əlavə döyüş vasitəsi ilə təmin olunub. “ATAKA-T”yə 800 mm-ə qədər zirehi deşən 4 ədəd kumulyativ tərkibli tank əleyhinə raket daxildir. Əlavə olaraq, “Terminator”a 300 dəfə atəş aça bilən 2 ədəd hərəkət xətti ilə atəş açan AQS tipli avtomatik qumbaraatan quraşdırılıb. AQS 1700 metr məsafəyə atəş aça bilir.

Bu günə qədər döyüş meydanında tətbiq edilməyən “Terminator” TDDM-in gələcək perspektivləri Rusiya-Ukrayna müharibəsində göstərəcəyi nəticədən asılı olacaq.

# 5094
avatar

Vüqar İsmayılov

Oxşar yazılar