Ataları ana edən aparat
25 fevral 2025 10:56 (UTC +04:00)

Ataları ana edən aparat

Yaponiyada kişinin öz körpəsini südlə qidalandırmasına imkan yaradan, qadın döşünü imitasiya edən aparat satışa buraxılıb. Bu məhsulun istehsalında əsas məqsəd ataların öz körpələri ilə daha yaxından təmasına, isti münasibət qurmasına kömək etməkdir.

Cihaz qadın sinəsi formasında düzəldilib. Süni sinə aparatı südü, yaxud digər maye qidanı saxlamaq üçün arxa tərəfində qab bölməsi olan, çiyinə geyindirilə bilən bir qurğudur.

Kişilərin geyindiyi bu robot-sinənin içərisinə körpə üçün nəzərdə tutulmuş süd, yaxud başqa maye qida doldurulur. Körpə, eynilə ana südünü əmdiyi kimi, süni sinənin üstünə taxılmış əmzik vasitəsilə qidalanır, bu da ataya öz körpəsini südlə qidalandırmaq təcrübəsini yaşamağa imkan yaradır.

Layihənin yaradıcıları, bu cihazın ataların öz körpəsi ilə daha çox vaxt keçirməsinə və anaların üzərinə düşən yükü azaltmasına kömək edəcəyinə inanırlar. Süni sinəni kəşf edənlərin fikrincə, ata ilə bu cür təmasdan körpələrdə pozitiv əhval-ruhiyyə yaranacaq və bu da onlarda əsəb səviyəsinin azalmasına kömək edəcək.

Yaponlar aparatın təkcə qidalandırma funksiyası ilə kifayətlənməyib, cihaza körpənin sağlamlığı haqda məlumat toplamaq üçün əlavə proqramlar da yükləyiblər. Belə ki, uşağın iştahı, qəbul eytdiyi qidaya münasibəti və davranışları haqqında məlumatlar smartfona köçürülür.

Bütün bunlarla yanaşı, hələ ki, məlum cihazın tibbi və ya fizioloji faydaları ilə bağlı ictimaiyətə elmi sübutlar təqdim etməyə tələsmirlər. Lakin körpənin qidalanması üçün ana südünün əvəzedilməz olduğu və bu cihazın, sadəcə olaraq, valideynlərin körpə ilə əlaqəsini gücləndirmək üçün bir vasitə olduğu qeyd edilir. Bir yapon uşaq psixoloqu isə süd aparatını şərh edərkən deyib ki, körpənin öz valideyinlərini başının üstündə növbəli şəkildə nəvazişli görməsi onu daha güvənli edəcək.

Bu cihaz, Yaponiyada və digər ölkələrdə maraqla qarşılanaraq geniş müzakirələrə səbəb olub. Bəziləri bu layihəni ataların körpə ilə daha yaxın münasibət qurmasına kömək edən müsbət bir addım kimi qiymətləndirir, digərləri isə bunun təbii əmizdirmə prosesini əvəz edə bilməyəcəyini və sadəcə olaraq, növbəti bir yenilik olduğunu düşünürlər.

Bütün hallarda Yaponiya kimi gender bərabərliyinə riayət edən bir ölkədə ataların öz övladına süd verməsi heç də qeyri-adi iş kimi qarşılanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar