Qafqazda 400 il davam edən müharibə  - TARİX
06 yanvar 2022 22:00 (UTC +04:00)

Qafqazda 400 il davam edən müharibə - TARİX

Qərblə Şərqin sərhədində yerləşən Qafqaz regionu coğrafi mövqeyinə və tarixi proseslərin gedişində bir çox hərbi insidentlər və müharibələrə meydan olub.  

Onlar arasında Gürcüstan tarixşünaslığında “Lekianoba” adını almış müharibə diqqət çəkir. Bu ad altında XV əsrin ortalarından başlayaraq XIX əsrin ortalarına qədər Dağıstan xalqlarının (avarlar, ləzgilər, darginlər, rutullar, saxurlar, laklar, qumuqlar) Gürcüstana 400 il davam edən davamlı yürüşləri nəzərdə tutulur. Qarət xarakterli bu yürüşlər feodal dağınıqlığı yaşayan Gürcüstana ağır zərbələr vurub, dağıntılara, əhalinin öldürülməsinə və qul kimi aparılmasına yol açıb.

“Lekianoba” sözü gürcü dilində Dağıstanın cənubunda yaşayan dağ xalqlarını ifadə edən leki sözündən götürülüb və sonradan bütün bölgə xalqlarını əhatə edərək “Dağıstanlılıq” deyə tərcümə olunur.

Gürcüstana yürüşlər XVI əsrin əvvəllərində ölkə bir-biri ilə müharibə vəziyyətində olan 3 dövlətə bölündükdən sonra başlayıb. Ölkə Səfəvilər və Osmanlı dövlətlərinin mübarizə meydanına çevrilir və buna görə mərkəzi hakimiyyət çox zəifləyir. Dağıstanın müsəlman xalqları bundan istifadə edərək xristian Gürcüstanına qanuni hədəf kimi baxaraq onu müntəzəm qarət etməyə qərar verir.

Öncəliklə, bu yürüşlər varlı tacirlərin, zadəganların mülklərini hədəf seçsə də, sonradan bütöv yaşayış məntəqələrini əhatə edirdi. Yürüşlər iqtisadi xarakter daşımaqla yanaşı, Dağıstan xalqları arasında şəxsi cəsarət və şöhrət qazanmaq üçün də önəmli idi. Öz soydaşları arasında nüfuz qazanmaq istəyən dağıstanlı Gürcüstana yürüş etməli, şəxsi şücaət göstərməli idi.

Yürüşlər gürcü torpaqlarını işğal etmək məqsədi daşımasa da, bəzən bu aksiyalarda on minlərlə dağıstanlı iştirak edirdi. Onlar kişiləri öldürür, zadəganları girov götürür, gürcü qadınlarını oğurlayaraq özlərinə arvad edirdi. Bu zaman şəhər və kəndlər yandırılır, bütün qiymətli əşyalar qənimət kimi götürülürdü.

Bəzən ayrı-ayrı hökmdarlar xərac ödəmək qarşılığında yürüşlərdən xilas ola bilirdi. “Lekianoba”dan ən çox Gürcüstanın Kartli və Kaxetiya Çarlıqları əziyyət çəkirdi. Dağıstanla sərhəddə yerləşən hər iki dövlət dağıdıcı yürüşlərə məruz qalır, digər tərəfdən isə bir-biri ilə düşmənçilik edirdi.

Kartli çarı II VI Vaxtanq Rusiya ilə yaxınlaşmaq siyasəti yürütməyə başladı və Rusiya imperatoru I Pyotrun 1722-ci ildə Xəzərboyu və Azərbaycan yürüşlərində ona dəstək verir, ittifaqa daxil olaraq Dağıstana hücuma cəhd göstərir. Lakin rusların qısa zamanda bölgəni tərk etməsindən sonra Dağıstan xalqları bütün qəzəblərini Kartli çarlığının üzərinə yönəltdilər. Ümumiyyətlə, XVIII əsr “Lekianoba” hərəkatının pik nöqtəyə çatdığı dövrdür. Buna görə də bu dövr “Didi Lekianoba” (Böyük Dağıstanlılıq) kimi tanınır.

1744-cü ildə Kartli və Kaxetiya Çarlıqları birləşəndən sonra birləşmiş qüvvələr avar xanı Nursəl bəyin başçılıq etdiyi yürüşü dəf edir. Amma Avar Xanlığının yeni hökmdarı Ömər xan Avarlının 1774-cü ildə hakimiyyətə gəlməsindən sonra tək Gürcüstan deyil, Azərbaycan ərazisi də ciddi təhdid altına düşür. Belə ki, Quba, Dərbənd, Şirvan Xanlıqlarına dağıdıcı yürüşlər edən Ömər xan 1785 və 1787-ci illərdə Gürcüstana dağıdıcı miqyasına görə fərqlənən 2 yürüş edir. Yürüş zamanı Kartli Çarlığı dağıntılara məruz qalır, bu zaman Borçalı, Cavaxetiya bölgələri, İmeretiya Çarlığı da ciddi fəsadlarla üzləşir.

Ömər xanın başçılıq etdiyi qüvvələrin sayı 40 minə çatırdı. Kartli çarı II İrakli böyük məbləğdə xərac və girov vermək müqabilində yürüşün dayandırılmasına nail olur. Bu zaman o, hər il Avar xanına xərac ödəməyə razı olduğunu bildirir.

Gürcüstan Rusiyanın himayəsinə keçdikdən sonra bölgəyə Rusiya qoşunları yerləşdirilir. 1800-cü ildə Gürcüstana yeni yürüşə start verən Ömər xan 20 minlik qoşunu ilə Tiflisə doğru irəliləməyə başlayır. Lakin o, 1800-ci il noyabrın 19-da İori (Qabırrı) çayı sahilində birgə rus-gürcü qoşunları ilə döyüşdə ağır məğlubiyyətə uğrayır. Məğlubiyyətin siyasi tərəfi Gürcüstanın Rusiyanın tərkibinə daxil olması idi. Belə ki, 1801-ci il yanvarın 3-də Gürcüstanın Rusiyaya birləşməsi barədə manifest elan olunur. Yanvarın 9-da isə Gürcüstanın sonuncu çarı XII Georgi vəfat edir.  

Ömər xanın 1801-ci ildə xəstəlikdən ölümü və Rusiya qoşunlarının tədricən Şimali Qafqazı nəzarətə alması Gürcüstana yürüşlərin azalmasına səbəb olur. 1854-cü ildə Qafqaz Müharibəsi zamanı Kaxetiyaya yürüş edən İmam Şamil burada Osmanlı qoşunları ilə birləşməyi, Rusiya ilə birgə mübarizə aparacağını planlaşdırırdı. Lakin Gürcüstana daxil olduqdan sonra o, Osmanlı qüvvələrinin gəlməyəcəyinə əmin olduqdan sonra yenidən Dağıstana geri qayıdır.

Həmin tarix Gürcüstana Qafqaz xalqlarının sonuncu yürüşü və 400 il davam edən “Lekinoba”nın rəsmən başa çatdığı tarixdir. 

Yürüşlər Gürcüstan xalqına ağır insani, hərbi və iqtisadi itkilər yaşadıb, təsərrüfat və ticarəti zəiflətməklə yanaşı, çox saylı insan tələfatına da səbəb olub. Bu müsibətlər Gürcüstan folklorunda və incəsənət xadimlərinin əsərlərində öz əksini tapıb və ölkə tarixinin ən faciəvi dövrlərdin biri sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7122
avatar

Vüqar İsmayılov

Oxşar yazılar