Özünü AXC-nin varisi elan edən, cəmi 1 ay yaşayan Azərbaycan-Şimali Qafqaz Komitəsi
15 iyun 2022 15:05 (UTC +04:00)

Özünü AXC-nin varisi elan edən, cəmi 1 ay yaşayan Azərbaycan-Şimali Qafqaz Komitəsi

Bolşeviklər vətəndaş müharibəsində qələbə qazandıqdan sonra 1917-ci ilin fevral inqilabından sonra Rusiya İmperiyasından müstəqillik əldə etmiş milli respublikalarını bir-bir bu dəfə kommunist bayrağı altında öz caynağı altına almağa başladı.

Bu konsepsiyanın məntiqi nəticəsi olaraq 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süquta uğradı.

Həmin ilin sonuna qədər Azərbaycanla yanaşı, Şimali Qafqaz da sovetləşdi. Bu zaman həmin ölkələrdəki milli hökumət üzvlərinin bir çoxu hələki müstəqilliyini qoruyan Gürcüstana köçdülər.  

Lent.az bu dəfə Tbilisidə özünü AXC varisi elan edən və cəmi 1 ay fəaliyyət göstərən Azərbaycan-Dağlı Qafqaz Komitəsinin fəaliyyətinə qısa nəzər salacaq:

1921-ci il fevralın 16-da Vladimir Lenin göstərişi ilə 11-ci Qırmızı Ordu Gürcüstana hücuma keçir.

Bu ağır şərtlər altında fevralın 17-də Tbilisidə Azərbaycan və Şimali Qafqaz xalqlarının nümayəndələrinin başçılığı altında Azərbaycan-Şimali Qafqaz Komitəsinin yaradıldığı elan olundu. Komitənin tərkibinə AXC və Dağlılar Respublikalarının antibolşevik mövqeli keçmiş siyasi rəhbərləri daxil idi.

Komitə Gürcüstanın meneşvik hökuməti tərəfindən dərhal Azərbaycanın və Şimali Qafqazın qanuni hökuməti kimi tanındı.

Azərbaycan-Dağlı Qafqaz Komitəsinin sədri postuna milliyətcə qumıq olan Heydər Bammatov təyin olunur.

Heydər Bammatov

O 1921-ci il fevralın 24-də Türkiyə, Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, Polşa, Finlandiya, Latviya və Estoniya xarici işlər nazirlərinə Komitənin yaradılması ilə bağlı müraciət edir.

“1921-ci il fevralın 17-də Tbilisidə Azərbaycan-Şimali Qafqaz Komitəsi yaradılıb. Komitə Azərbaycan və Şimali Qafqazın bolşevik-rus işğalından azad etmək, Azərbaycan və Şimali Qafqaz Demokratik Respublikalarının bərpasını və Qafqaz Konfederasiyasının yaradılmasını qarşısına əsas məqsəd qoyub. Şimali Qafqaz və Azərbaycan xalqlarının idarəsinin yeganə təmsilçisi kimi Gürcüstan hökuməti tərəfindən tanınan Komitə aktiv işə başlayır”, - deyə müraciətdə deyilirdi.

Komitənin tərkibində:

1. Heydər Bammatov – Dağlılar Respublikasının eks-daxili işlər naziri

2. Mustafa Vəkilov – Azərbaycan Respublikasının keçmiş daxili işlər naziri

3. Əlixan Kantemirov – Dağlılar Respublikasının Azərbaycandakı keçmiş diplomatik təmsilçisi və Şimali Qafqazın Müdafiə Şurasının keçmiş sədri

4. Əhməd Tsalikov – Şimali Qafqaz və Dağıstanın Birləşmiş Məclisinin keçmiş sədri

5. Bağır bəy Rzayev – Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin keçmiş üzvü

6. Fethi bəy – Türkiyə ordusunun keçmiş zabiti, bitərəf

Amma həm də AXC-nin xələfi kimi çıxış etmək istəyən Komitənin fəaliyyəti qısamüddətli olur.

Belə ki, fevralın 16-da Vladimir Lenin göstərişi ilə 11-ci Qırmızı Ordu Gürcüstana hücuma keçir. Heydər Bammatov rəhbərliyi altında Komitənin silahlı dəstələri Gürcüstana daxil olmuş bolşevik qüvvələrinə qarşı döyüşlərə qatılır.

Hərbi əməliyyatlar martın 19-a qədər davam edir və Gürcüstanın məğlubiyyəti, sovetləşməsi ilə nəticələnir.

Bu şəraitdə Sovet İttifaqının ideoloji düşməni olan Azərbaycan-Şimali Qafqaz Komitəsinin üzvləri fiziki ölüm və repressiya fonunda Gürcüstanı tərk etməyə məcbur olur. Onlar hər birini mühacirətdə fərqli talelər gözləyirdi.

Komitənin rəhbəri Heydər Bammatov 1921-ci ildən Fransaya mühacirət edir. 1921-1930-cu illərdə o, Şimali Qafqaz, Azərbaycan və Gürcüstanın diplomatik nümayəndələrindən ibarət emiqrant missiyasının işinə qatılır. Bundan başqa, 1924-cü ildə İstanbulda Qafqaz Konfederalistləri Komitəsinin yaradıcılarından biri olur.

Onun bioqrafiyasındakı maraqlı məqamlardan biri 1927-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan diplomatik missiyasının rəhbəri olmuş Əlimərdan bəy Topçubaşovla birlikdə Şimali Qafqaz və Azərbaycanın müvəqqəti siyasi birliyini yaradır.

Heydər Bammatov 1965-ci il martın 31-də Parisdə vəfat edir və Paris yaxınlığında dəfn olunur.

Mustafa bəy Vəkilov

AXC-nin ən gənc naziri kimi tarixə düşən Mustafa bəy Vəkilov Türkiyəyə mühacirət edir və 1965-ci ildə Amasya şəhərində vəfat edir.

Əlixan Kantemirov 1921-ci ildə Türkiyəyə, 1934-cü ildə isə Almaniyaya köçür. Siyasi fəaliyyətlə məşğul olur. Kantemirov 1963-cü ildə Münhendə vəfat edir.

Əhməd Tsalikov Çexiyaya, oradan isə Polşaya köçür. Orada “Qafqaz dağlısı” jurnalının nəşri və bədii ədəbiyyatla məşğul olur. Tsalikov 1928-ci ildə Varşavada vəfat edir.

Bağır bəy Rzayev və Fethi bəyin həyatları barədə geniş informasiya yoxdur. Bağır bəy Rzayevin müxtəlif mənbələrdə 1927-ci ildə vəfat etdiyi göstərilir.

Bağır bəy Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9753
avatar

Vüqar İsmayılov

Oxşar yazılar