Sovet İttifaqının 1979-cu ilin dekabrında Əfqanıstana hərbi müdaxiləsi 10 ilə yaxın davam edəcək müharibənin başlanğıcını qoydu.
Lent.az həmin müharibənin unudulmuş səhifəsi - əsir düşən sovet və əfqan hərbi əsirlərinin birgə üsyanına işıq salacaq.
Badaber düşərgəsi Pakistan-Əfqanıstan sərhədinin təxminən 24 kilometrliyində yerləşirdi. Həmin düşərgə iki hissədən - hərbi əsirlər üçün həbsxanadan və əfqan mücahidləri üçün təlim mərkəzindən ibarət idi. Üsyan zamanı orada 40 əfqan və 14 sovet hərbi əsiri var idi.
Üsyan 1985-ci il aprelin 25-də saat 21:00-da, demək olar ki, bütün mühafizəçilər axşam namazına getdiyi vaxt başladı: iki sovet hərbi əsiri mühafizəçiləri zərərsizləşdirdi və qalan məhbusları azad etdi, həmçinin silah anbarını ələ keçirdi. Məhbuslar dərhal qaçmağa çalışdılar, lakin onlar bunu bacarmadılar. Çünki düşərgə tez bir zamanda zirehli texnika və artilleriya ilə üçlü qoşun halqası ilə mühasirəyə alındı. Mücahidlərin lideri Bürhanəddin Rəbbani bir neçə dəfə üsyançılara təslim olmağı təklif etsə də, bütün təkliflər rədd edilib.
Üsyançılar onların tələbləri yerinə yetirilməsə düşərgənin sursat anbarını partladacaqlarını dedi. Hərbi əsirlərin tələbi isə Sovet və ya Əfqanıstanın Pakistandakı səfirliyinin nümayəndələrinin düşərgəyə gəlmələrini təmin etmək idi. Buna cavab olaraq Rəbbani düşərgəni ağır artilleriyadan atəşə tutmağa başlamağı əmr etdi. Atışmaya başlayandan bir müddət sonra düşərgədəki sursat anbarı partladıldı. Badaberdəki bütün keçmiş hərbi əsirlər və daha 20 əfqan döyüşçü həlak oldu. Bu üsyan zamanı Badaber düşərgəsi tam dağıdıldı.
Lazımsız siyasi qalmaqaldan qaçmağa çalışan Pakistan hərbi əsirlərin üsyanı ilə bağlı məlumatlara senzura qoymağa çalışdı, lakin bu heç bir nəticə vermədi. 1985-ci ilin mayında SSRİ-nin Pakistandakı səfirliyinin nümayəndələri düşərgənin yerləşdiyi yerə baş çəkdilər. Lakin SSRİ tərəfindən Pakistana qarşı heç bir cavab tədbiri görülmədi.
Hadisələrin mənzərəsini və üsyan iştirakçılarının adlarını bərpa etmək cəhdləri yalnız SSRİ-nin dağılmasından sonra başladıldı. Şahidlərin dindirilməsi və sənədlərin öyrənilməsi nəticəsində hətta iştirakçıların əksəriyyətinin adlarını da müəyyən etmək mümkün olub. Lakin onlar hökumət mükafatlarına namizəd göstərilməyib.
Badaber düşərgəsindəki üsyan Sovet İttifaqından olan hərbi əsirlərin əfqan mücahidlərinə qarşı və genişmiqyaslı üsyanı idi.