Yəmən kralına xidmət edən  azərbaycanlı həkim   kim idi?
28 fevral 2023 19:28 (UTC +04:00)

Yəmən kralına xidmət edən azərbaycanlı həkim kim idi?

Lent.az-ın  "Bizim adamlar" rubrikasında təqdim etdiyi şəxs əslən Ağdaşdan olan, səsi-sorağı kral saraylarından gələn həkim Salih Salihovdur.

SSRİ dövründə Yəmən kralının şəxsi həkiminin azərbaycanlı olduğunu bilirdiniz? Onun haqqında ərəb dünyasında hörmətlə danışlır, hətta Amerika qəzetləri yazırdılar.

Lent.az unudulmuş məşhur azərbaycanlı barədə məlumat verir.

1955-ci ildə Yəmən kralı İmam Əhməd dostluq münasibətlərində olduğu SSRİ rəhbəri Xruşşova müraciət edərək, ona şəxsi həkim verilməsini xahiş etmişdi. Kralın ikinci ricası həkimin hökmən müsəlman olması barədəydi. Bu iş Azərbaycan rəhbərliyinə tapşırılır və rəhbərlik geniş profilli, yüksək ixtisaslı həkim kimi tanınan Salih Salihovu məsləhət görür. Salih Salihov məhdud ixtisaslı həkimliyi qəbul etmirdi, o hərtərəfli peşəkar idi və bu bacarığı onu Yəmənin kral sarayına apardı. Ona qədər Salihov Azərbaycan Dövlət Tibb İnstitutunda klinik ordinator və müəllim vəzifələrində çalışmış, Naftalan kurortunun direktoru, Semaşko adına xəstəxananın baş həkimi işləmişdi. Yəməndə kralla yanaşı sadə xalqa da xidmət edən Salihovun hər gün 60 xəstə qəbul etdiyi deyilir. 

Onu “Krallığın ən populyar doktoru” adlandırırdılar. Amerikada çıxan bir populyar jurnaldakı yazıda qeyd edilib ki, “Təkcə bu həkimin missiyası ərəblərdə onlarca tankdan, topdan daha artıq rəğbət doğurur”.

Son 10 illiyə qədər Səna şəhərində doktor Salihovun Yəməndə işlədiyi illərə həsr edilmiş muzey fəaliyyət göstərirdi. Onun təşəbbüsü ilə Yəmən paytaxtında Anatomiya muzeyi, mamalıq-ginekologiya şöbəsi, stomatologiya kabineti yaradılmışdı. O, Yəməndə feldşer məktəbi açmış, bu məktəbdə dərs demişdi.

Tədqiqatçı kimi fəaliyyət göstərən doktor ölümcül bir sınağı öz üzərində təcrübədən keçirib, dünya tibb elminə vacib bir töhfə vermişdi.

O, ağ ciyərlərdə irinli proseslərin müalicəsində pensillinin venadaxili istifadəsini təklif etmiş, ilk klinik təcrübəni öz üzərində aparmışdı. Uğurla nəticələnmiş bu təcrübə ötən əsrin ortalarında minlərlə insanın həyatını xilas etmişdi. 

# 4374
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar