Yeni dərs ilində bir neçə özəl ali məktəbin akkreditasiyası keçiriləcək
24 iyun 2013 17:14 (UTC +04:00)

Yeni dərs ilində bir neçə özəl ali məktəbin akkreditasiyası keçiriləcək

Təhsil Nazirliyi tərəfindən özəl və dövlət ali təhsil müəssisələrinə nəzarət mexanizmi eynidir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.  Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinə əsas nəzarət mexanizmi isə akkreditasiyadır. Növbəti tədris ilində də dövlət ali təhsil müəssisələri ilə yanaşı, bir neçə özəl ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsi nəzərdə tutulub.

 

Nazirlikdən bildirilib ki, ali təhsil müəssisələrində və ümumiyyətlə, təhsil sistemində tədris prosesinin yaxşılaşdırılması, neqativ halların aradan qaldırılması ilə bağlı «Qaynar xətt» xidməti yaradılıb. Bu xidmət tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə müraciətlər qəbul olunur. Hər hansı bir zərurət yaranarsa, müvafiq ali təhsil müəssisələrində monitorinqlər aparılır.

 

Gələcəkdə hər hansı ali təhsil müəssisəsində müasir tələblərə cavab verən maddi-texniki baza, kadr potensialı, tədris-metodiki təminat və s. yaradılarsa, ən əsası məzunların işlə təmin olunması yüksək səviyyədə olarsa, həmin ali məktəbin əsaslandırılmış təklifi əsasında müəyyən ixtisaslar üzrə qəbul planının artırılması məsələsinə baxıla bilər.

 

Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, özəl ali təhsil müəssisələrinin inkişafı üçün Təhsil Nazirliyi onların beynəlxalq əlaqələrinin genişləndirilməsinə şərait yaradır, müvafiq tövsiyələr verir: “Özəl ali təhsil müəssisələrində tədrisin keyfiyyəti müvafiq ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrindən aşağı olmamalıdır. Əks təqdirdə, belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur. Artıq bir çox özəl ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə təhsilin keyfiyyəti dövlət ali təhsil müəssisələrindən yüksəkdir. Özəl ali təhsil müəssisələrindən bir neçəsi dövlət sifarişi ilə tələbə qəbulunda iştirak edir, hətta bəzi ixtisaslar üzrə özəl ali təhsil müəssisələrinə dövlət sifarişi ilə qəbul olunanların sayı dövlət təhsil müəssisələrinə qəbul olunanlardan çoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar