Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsinə pul ayıracaq
08 aprel 2013 15:26 (UTC +04:00)

Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsinə pul ayıracaq

 

Bu gün İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası başlayır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Len.az-a verdiyi məlumata görə, üç həftə davam edəcək sessiya aprelin 25-ə sona çatacaq.

Azərbaycanı tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri təmsil edir. Tədbirdə müzakirə olunacaq məsələlər arasında Azərbaycan poçtu üçün də əhəmiyyətli olan məsələlər var. Sessiyanın birinci həftəsində Xidmət Keyfiyyəti Fondunun (Quality of Servise Fund – QSF) Qəyyumlar Şurasının  (Board of Trustees – BoT) iclaslarında poçt sahəsində müxtəlif ölkələrdə həyata keçirilməsi nəzərdə tutulmuş layihələrə baxılaraq müvafiq maliyyə vəsaitlərinin ayrılması üzrə qərarlar qəbul olunacaq. Bunlar arasında Azərbaycanın  ÜPİ-yə təqdim etdiyi layihə də yer alıb.

 

Sessiyada beynəlxalq poçt sahəsi üzrə bir sıra əhəmiyyət kəsb edən normativ, inzibati, qanunvericilik və hüquqi məsələlərin müzakirəsi və öyrənilməsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycanda poçt xidmətləri keyfiyyətinin idarə olunması üzrə işlərin qiymətləndirilməsi məqsədilə ÜPİ-nin təyin etdiyi müstəqil ekspert tərəfindən ötən ildə aparılan araşdırmaların yekunlarına görə Azərbaycan poçtu ÜPİ-nin A (Qızıl) səviyyəli Sertifikatına layiq görülüb. Bu sertifikat da sessiya çərçivəsində ÜPİ-nin baş direktoru Bişar Hüseyn tərəfindən Azərbaycan təmsilçilərinə təqdim ediləcək.

 

Sessiya çərçivəsində Azərbaycan nümayəndələrinə Sürətli Poçt Xidmətləri (Express Mail Servise – EMS) sahəsində uğurlara görə Qızıl səviyyəli Sertifikat təqdim olunacaq.  ÜPİ EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil məsləhətçi şirkətlər tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır. Bundan sonra ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. Azərbaycanın EMS operatoru “Azərekspresspoçt” rabitə müəssisəsi növbəti dəfə Qızıl sertifikatla mükafatlandırılıb.

# 523
avatar

Oxşar yazılar