TQDK: 2 saat yarım və 125 sual
01 mart 2013 15:18 (UTC +04:00)

TQDK: 2 saat yarım və 125 sual

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. İmtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılacaq.

Ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin qəbulu internet vasitəsilə aparılmış, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2013-cü il fevralın 11-dən 21-dək olan müddətdə doldurmuş və ərizələrini 2013-cü il fevralın 12-dən 22-dək olan müddətdə təsdiq etdirib.

İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə təqdim edib. Onlardan 19080 nəfəri Azərbaycan bölməsi, 2543 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 10154 nəfəri oğlan, 11469 nəfəri isə qızlardır. Bakalavrlardan 11963 nəfəri cari ilin məzunları, 9660 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1994-cü il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 5, Lənkəran şəhərində 1 binada keçiriləcəkdir. Bakıda 18092, Naxçıvanda 651, Gəncədə 2541, Lənkəranda isə 339 bakalavrın imtahan verəcəyi gözlənilir.

 İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

 Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur. 

# 2333

Oxşar yazılar