Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azərsu” ASC arasında ilk peşə-ixtisas müəssislərinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, memorandumun imzalanması Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sisteminin təkmilləşdirilməsini, işəgötürən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etmək məqsədlərinə xidmət edir.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi, ARDNŞ və “Azərsu” arasında imzalanan memorandumun əhəmiyyətindən bəhs edib. Nazirlik tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı müəyyənləşdirilərkən ARDNŞ və “Azərsu” ASC-nin ehtiyaclarının nəzərə alınacağını vurğulayan təhsil naziri əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə tələb olunan peşə təhsili standartlarının, fənn kurikumlarının birgə hazırlanmasının nəzərdə tutulduğunu bildirib. M. Cabbarov ilk peşə ixtisas təhsilinin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsinin zəruriliyini bildirib və bu istiqamətdə birgə proqramların hazırlanması, həyata keçirilməsi baxımından qarşıda duran vəzifələr barədə danışıb: “Bu gün ölkənin təhsil sistemində kadr hazırlığı heç də hər zaman bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Peşə məktəblərində tədris daha çox ənənəvi tədris proqramlarından, müəyyən mənada aktuallığını itirmiş mövzulara, praktiki biliklərə əsaslanmaqla həyata keçirilir. Lakin Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri təhsil alanların əmək bazarı üçün tam yetişdirilməsi, bütün sahələrdə tələbatın ödənilməsi üçün kompitensiyalara malik olan kadrların hazırlanmasıdır. Peşə təhsili əvvəl gündən mühüm prioritetlərdən biri kimi qiymətləndirilib. İş yerlərinə olan tələbat ilk növbədə hazırlıqlı mütəxəssis və kadrları tələb edir. Peşə məktəblərinin hazırladığı mütəxəssislər əmək bazarındakı tələbatlara uyğun deyillər. Bu da ölkədə əmək miqrasiyasının yaranmasına gətirib çıxarır. İnsan resurslarından lazımlı səviyyədə istifadə etmək vacib bir məsələdir. Biz də öz imkanlarımızı real dəyərləndirib və qiymətləndirməliyik. Peşə təhsilinin inkişafı sahəsində ehtiyatlı siyasətə üstünlük veririk. Ölkədə peşə təhsili sahəsində keyfiyyətli təhsilin qurulması və müəyyən nəticələrin əldə olunması üçün müəyyən müddət lazımdır. Müəyyən zaman ərzində lazımli işlər görərək peşə təhsilinin inkişafına, nəticələrin yüksəldilməsinə nail olmaq olar”.
ARDNŞ prezidenti Rövnəq Abdullayev ilk peşə təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkənin əksər yaşayış məntəqələrinin içməli su ilə təmin etmək üçün hazırlanmış layihələrin uğurla həyata keçirildiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın, peşəkar kompitensiyalara malik müvafiq mütəxəssislərin hazırlanması işinə sistemli yanaşmağa imkan verdiyi vurğulayan “Azərsu” sədri birgə səylərlə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Təhsil Nazirliyi, ARDNŞ və “Azərsu” arasında memorandum imzalandı - YENİLƏNİB
0
0
0
0