Milli mətbuata qayğı
01 avqust 2013 14:48 (UTC +04:00)

Milli mətbuata qayğı

Daim ilkləri, yenilikləri ilə yadda qalan, dünya ictimaiyyətində tanınan dövlətimizin atdığı bütün addımlar insan rifahının yüksəldilməsinə, insan kapitalının səmərəli istifadəsinə yönəlir.   Bu siyasət “səmərəli idarəçilik - insan kapitalı”  prinsipinə dayanır. Praktiki reallaşan strategiya nəzəriyyəni doğruldur. Bu baxımdan keçən həftə Azərbaycan mətbuatının 138 illiyi münasibətilə jurnalistlərə hədiyyə olunan mənzillər dövlətin reallaşdırdığı “insan rifahı”  strategiyasının bir hissəsidir. Bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Azərbaycan bu sahədə də öz liderliyini sübut etdi. Bu bir daha göstərdi ki, mətbuat nümayəndələri daim dövlətin qayğısında, diqqət mərkəzindədir. 

 Mənzillə təmin olunan jurnalistlərin içərisində müxtəlif mətbu orqanların nümayəndələrinin, müxtəlif siyasi baxışlara malik olan insanların olması heç bir sahədə ayrı-seçkiliyə yol verilmədiyinin təsdiqi idi. Cəmiyyətdə azad mətbuat, sağlam mühit, şəffaf ictimai-siyasi ab-hava mövcuddur. Bu isə jurnalistlərə öz peşələrini irəlilətmək, yeni nailiyyətlərə imza atmaq imkanı verir. Jurnalistlər yalnız daxili sərhədlərlə kifayətlənməməli, xaricə çıxış imkanı əldə etməlidir. Azərbaycan reallıqlarının dolğun şəkildə xarici mətbuata çatdırılmasında əsas qüvvə olmalıdırlar. Dövlətin diqqətində, nəzarətində olmaları onları bu işi uğurla yerinə yetirməyə sövq edir və jurnalistlərin fəaliyyətləri üçün yeni imkanlar açır.

Bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə senzuranın ləğvi azad mətbuatın inkişafına, söz azadlığının tam şəkildə reallaşmasına təkan verdi. Dövlətimiz demokratik inkişaf yolunu hədəf götürmüş, bu sahədə bir sıra uğurlara imza atmışdır. Demokratik cəmiyyətin formalaşmasında isə jurnalistikanın çox böyük əhəmiyyəti vardır. Azad, şəffaf, sərbəst ictimai mühitin mövcudluğu jurnalistikanın inkişafını bir növ zərurətə çevirmişdir. 155 jurnalistin Prezident İlham Əliyev tərəfindən yeni mənzillərlə mükafatlandırılması isə milli mətbuatın dövlət diqqətindən kənarda qalmadığını göstərir. Prezident çıxışında bu hadisənin bir ənənə halını alacağını, “Jurnalistlər şəhərciyi”nin yaradılacağı mümkünlüyünü ifadə etməsiylə qayğının heç bir zaman əksilməyəcəyi həqiqiliyini isbat etdi.

Azərbaycanda Milli Mətbuat Günündə kütləvi informasiya vasitələri nümayəndələrinə mənzillər hədiyyə edilməsi ölkədə medianın inkişafına göstərilən böyük diqqəti bir daha sübut etdi. Dünyada heç bir bənzəri olmayan, ilk dəfə olaraq Azərbaycanda tətbiq olunan bu praktika bir çox inkişaf etmiş dövlətlər üçün nümunə mənbəyi ola bilər.  Dövlət başçısı ehtiyacı olan jurnalistlərə siyasi baxışlarını nəzərə almadan mənzillər hədiyyə etməklə söz və mətbuat azadlığını daim təmin edilməsinə xüsusi önəm verdiyini sübut etdi. Milli Mətbuat Günündə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni mənzillərin jurnalistlərə təntənəli şəraitdə təqdim olunması dövlətimizin başçısının ölkədə mətbuatın azad inkişafına diqqət və qayğısının təntənəsinə çevrilən mühüm bir hadisə kimi yaddaşlarda qalacaqdır.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

# 724
avatar

Oxşar yazılar