Qatil qadının ACI HEKAYƏTİ
31 mart 2013 12:30 (UTC +04:00)

Qatil qadının ACI HEKAYƏTİ

Ağrılı-acılı, məşəqqətli məhbəs illərinin üstündən uzun müddət keçməsinə baxmayaraq, fələyin ona qurmuş olduğu kələkdən bu gün də baş aça bilmir. Hələ də hər şey ona yuxu kimi gəlir...

 

Xoşbəxtlik - bir an

 

Elmira Cəfərova 1953-cü ildə Tbilisi şəhərində doğulub. Atası müxtəlif vəzifələrdə çalışdığı üçün çoxuşaqlı ailənin heç bir qayğısı olmayıb. Elmira evin sonbeşiyi olduğundan uşaq vaxtı onun nazını hamıdan çox çəkiblər. Buna görə də 1970-ci ildə orta məktəbi bitirən Elmiranın ali təhsil almaq üçün Bakıya üz tutmasına heç kim mane olmayıb. O, elə həmin il indiki Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.

 

Ali təhsil almaq üçün Azərbaycan paytaxtını seçməsi Elmiranın həyatında yeni dövrün başlamasına səbəb olub. Üçüncü kursda oxuyanda Namiq adlı gənclə tanış olan E. Cəfərova elə o vaxtdan da taleyini Azərbaycanla bağlayıb. Valideynləri bu izdivacın əleyhinə olsalar da, Elmiranı inadından döndərə bilməyiblər: “Atam Namiqlə evlənməyimə qarşı idi. Rəhmətlik məni Tbilisi şəhər Partiya Komitəsində çalışan dostunun oğluna ərə vermək istəyirdi. Amma mən ürəyimin səsini dinləyib, Namiqlə ailə həyatı qurdum. Namiqin valideynləri el qaydası ilə Tbilisiyə gəlib məni istəyəndən sonra atamın  razılaşmaqdan başqa çarəsi qalmadı”.

 

İflic günlər

 

Namiq Sumqayıtdakı zavodların birində işlədiyi üçün cütlük “gənclər şəhəri ”ndə yaşamalı olur. Gənc ailənin qayğılarını azaltmaq istəyən valideynləri onlara yeni mənzil alırlar. Namiqin köməkliyi ilə Elmira da onun işlədiyi zavodda kiçik mühasib vəzifəsinə işə düzəlir: “Namiq sex rəisi işlədiyi üçün onun məvacibi yüksək idi. Mən də işləməyə başlayandan sonra vəziyyətimiz daha da yaxşılaşdı. Üstəlik, anamın da bir əli üstümüzdə idi. Elə ay olmazdı ki, bizə pul göndərməsin. Qayınanam da bizə yaxşı baxırdı. Demək olar ki, ətə, yağa, südə pul vermirdik. Çox xoşbəxt idik. Amma içimdəki bir hiss mənə elə hey deyirdi ki, bu xoşbəxtliyin ömrü uzun olmayacaq. Toyumuz olan gün qapıdan çıxanda atam mənə xeyir-dua verməmişdi. Elə o vaxtdan da ürəyimdə bir qaraltı qalmışdı. Tezliklə həyatımızda nəyinsə qırılacağından qorxurdum...”

 

İntuisiyası Eimira xanımı aldatmır. Gözlədiyi fəlakət onu doğum evində yaxalayır: “Hamilə olduğum üçün həkim nəzarətində idim. Həkimlər hər şeyin qaydasında olduğunu, doğuşun normal keçəcəyini deyirdilər. Buna baxmayaraq, anam məzuniyyətə çıxıb, bizə qonaq gəlmişdi. Sancılarım baş qaldırdığı üçün günorta saat 2-də anamla Namiq məni xəstəxanaya apardılar. Oğlumun doğum günü olduğu üçün həmin tarixi yaxşı xatırlayıram. 1976-cı il mayı ayının 14-ü idi. Sancılarım bir neçə saat davam etdi. Həkimlərin biri gedib, o biri gəlirdi. Onların sifətində qəribə ifadə vardı. Həkimlərin əl-ayağa düşməsi məni daha da qorxudurdu. Sonra bir iynə vurdular. Bundan sonra heç nə yadıma gəlmir. Ayılanda tibb bacısı dedi ki, oğlun olub. Sevincdən az qalırdım,  uçam. Əyilib qızın üzündən öpmək istəsəm də, bədənimi tərpədə bilmədim. Amma ağlıma pis şey gəlmədi. Fikirləşdim ki, yəqin doğuşdan yeni çıxdığım üçün belə ağırlaşmışam. Nə isə, xahiş etdim, uşağı gətirdilər. Top kimi oğlan idi. Adını əvvəldən qoymuşduq. Zamiqi yedirəndən sonra tibb bacısına geri verdim. Bir az sonra mənə yenidən iynə vurdular və bir də gözlərimi səhər açdım”.

 

Elmira başına gələn fəlakətdən ertəsi gün xəbər tutub: “Hələ Namiq məni təbrik etməmişdi. Üstəlik, anamdan da bir xəbər yox idi. O qədər iynə vururdular ki, günün çoxunu yatırdım. Ancaq uşaq ağlayandan-ağlayana məni yuxudan qaldırırdılar. Bir dəfə gözümü açmaq istəyəndə palatadakı gəlinlərin birinin dilindən adımı eşitdim. Şəfəq palataya bir az əvvəl gəlmiş qadına deyirdi ki, Elmiranın bəxti yoxmuş, yazıq qız doğuş vaxtı iflic olub. Gözümü açıb Şəfəqə tərəf boylananda onun qızardığını gördüm. Həmin vaxt mənə elə gəldi ki, içimdə nəsə qırılıb yerə düşdü...”

 

 Yanmaq istəyi

 

Gənc ailənin xoşbəxtliyi cəmi 9 ay çəkir. Elmiranın yataq xəstəsi olması cütlüyün həyatını alt-üst edir: “Üç gün sonra anam yanıma gəldi. Onu güclə tanıdım. Yazıq arvad üç gündə ən azı 30 il qocalmışdı. Onun gücü ancaq göz yaşlarına çatırdı. Boynumu qucaqlayıb, xeyli ağladı. Anam gedəndən sonra Namiq gəldi. O, əlimi ovcunun içinə alıb, mənə təsəlli verməyə başladı. Qapıdan çıxanda ağlaya-ağlaya dedi ki, Elmira, narahat olma, ömrümün axırına kimi sənin qulluğunda dayanmağa hazıram. Namiqin bu sözləri məni xeyli yüngülləşdirdi. O gedəndən sonra tibb bacısından xahiş etdim ki, uşağı gətirsin. Zamiqi yedizdirib, təkrar tibb bacısına verdim. Bir andaca ovqatım dəyişdi. İndi ürəyim həyat eşqiylə döyünürdü. Oğlumun görə yaşamalıydım...”

 

Bir həftə sonra həkimlər Elmiranı xəstəxanadan evə yola salırlar. Anası 15 gün qızının yanında qalıb, ona qulluq edəndən sonra Tbilisiyə qayıdır. Xəstəyə baxmaq üçün bu dəfə Elmiranın özündən 9 yaş böyük olan bacısı Çimnaz onlara qonaq gəlir: “Çimnaz biz bacıların ən böyüyü idi. Onun 32 yaşı olsa da, hələ ailə həyatı qurmamışdı. Çimnaz özü də taleyilə barışmışdı. Şəxsi həyatını qura bilməməsi onu əsəbi etmişdi. Doğma bacım olsa da, mən həmişə onunla ehtiyatla davranır, qəlbinə dəyməməyə çalışırdım. Görünür, yataq xəstəsi olmağım Çimnazı xeyli yumşaltmışdı. O, mənə yaxşı baxır, uşağı təmiz saxlayır, tez-tez körpənin bələyini dəyişirdi. İlk vaxtlar Namiq də ona kömək edirdi. Həyat yoldaşım axşam işdən qayıdan kimi yastığımın dibini kəsdirir, ev işlərində Çimnaza kömək edirdi. Namiqin və Çimnazın bu münasibəti mənə qüvvət verir, dərdimi unutdururdu. Bir-iki ay sonra həyat yoldaşımın tədricən məndən soyuduğunu hiss etməyə başladım. Namiq daha əvvəlki kimi saatlarla yanımda oturmurdu. O, evə çox gec gəlir, yorğun olduğunu əsas gətirərək, dərhal yerinə girib yatırdı. Mən qonaq otağındakı divanda yatdığım üçün son vaxtlar Namiqin üzünü az-az görürdüm. Həyat yoldaşım hətta uşaqla da maraqlanmırdı. Başa düşürdüm ki, Namiq artıq məndən də, uşaqdan da soyuyub. Amma ətimi dişimə tutub birtəhər dözürdüm. Bir müddət sonra Çimnazın da mənimlə soyuq davrandığını hiss etməyə başladım. Bacım indi beş sözümdən birinə cavab verir, vaxtının çoxunu televizorun qabağında keçirirdi. O, hətta uşağa qarşı da etinasız idi. Zamiqin bələyini gec dəyişdiyi üçün uşaq tez-tez ağlayırdı. Həyat yoldaşımın və doğma bacımın bu münasibəti az qala məni dəli edirdi. Onların heç biri ilə danışmır, səhərdən axşama kimi ağlayırdım. Hiss edirdim ki, getdikcə daha da hövsələsiz oluram. Bir gün Çimnaz bazara gedəndə özümü yandırmağa qərar verdim. Fikirləşirdim ki, ölüm mənimçün ən yaxşı çıxış yoludur. Kibriti çəkib özümü yandırmaq istəyəndə Zamiq ağlamağa başladı. Uşağa yazığım gəldiyi üçün son anda fikrimdən daşındım. Kibriti söndürüb, qutusunu divara çırpdım...”

 

Həm bacı, həm günü

 

Namiqin və bacısı Çimnazın ondan soyumasının səbəbi Elmira xanıma bir müddət sonra aydın olur. Həyat yoldaşının öz baldızı ilə yaxınlıq etdiyini başa düşəndə ikinci dəfə özünə qəsd etmək istəyir: “Həm ərimin, həm də bacımın davranışlarında əməlli-başlı dəyişiklik müşahidə etsəm də, belə bir şeyi ağlıma sığışdıra bilmirdim. Amma bir dəfə qapının arasından baxanda onları eyni yataqda gördüm. Namiq Çimnazı mənim yatağıma salmışdı. Məni dəhşət bürüdü. Kibriti çəkib, özümə od vurdum. Ancaq Namiqlə Çimnaz özlərini çatdırıb, alovu dərhal söndürdülər. Bu hadisədən sonra onlar məni bir dəqiqə də tək qoymurdular. Bir gün Namiqlə açıq danışdım. Ondan xahiş etdim ki, Çimnazla evlənsin. Əvvəlcə bu sözlərimə əhəmiyyət vermədi. Elə bildi ki, onu sınayıram. Amma hər gün bu sözləri təkrarlayandan sonra Çimnazla evlənməyə razı oldu. Beləcə, doğma bacım üstümə günü gəldi. Namiqlə Çimnaz evlənəndən sonra onların mənə münasibəti xeyli dəyişdi. İndi mənə daha çox acıyır, qəlbimə dəyməməyə çalışırdılar. Mən isə çoxdan taleyimlə barışmışdım. Amma Namiqin valideynləri oğlanlarının Çimnazla evlənməsinin əleyhinə olduqları üçün bizdən ayaqlarını kəsdilər. Atam isə bu dərdə dözmədiyi üçün 3 ay sonra çərləyib öldü ”.

 

Çıxış yolu-zəhər...

 

Deyirlər ki, həyat möcüzələrlə doludur. Elmira da möcüzə nəticəsində sağalıb ayağa qalxa bilir: “Böyük qardaşım həmin vaxt Moskvada yaşayırdı. Bir gün o, Bakıya gəlib, məni özü ilə Moskvaya aparmaq istədiyini dedi. Əvvəlcə etiraz etsəm də, Namiqdən və Çimnazdan qisas almaq arzum mənə rahatlıq vermədiyi üçün müalicə olunmağa razılıq verdim. Həmin vaxt Zamiq artıq bir yaşına çatmışdı. Onu Tbilisiyə anamın yanına göndərib, qardaşımla Moskvaya getdim. Məni İvanov soyadlı məşhur bir professor müayinə etdi. Dedi ki, tamamilə sağalıb ayağa qalxa bilərsən, amma müalicə prosesi bir il çəkəcək. Dedim ki, hər şeyə razıyam, təki sağalım. Bu minvalla İvanovun işlədiyi xəstəxanada bir il müalicə olundum. Bu bir ildə nə Namiq, nə də Çimnaz mənə baş çəkdi. Bir il sonra əvvəlki Elmira oldum. Oğlumdan ötrü darıxdığım üçün qardaşım məni təyyarə ilə Tbilisiyə yola saldı. Bir ay anamın yanında qaldım. Həmin vaxt Zamiqin 2 yaşı tamam olmuşdu. Doğma oğlum məni tanımadı. O, mənə gah xala, gah da bibi deyirdi. Bu isə mənə o qədər pis təsir edirdi ki, az qalırdı ürəyim partlasın. Tbilisidə olanda özümə söz verdim ki, bu qisası Namiqlə Çimnazda qoymayacağam. Bir ay sonra Zamiqi anama tapşırıb, Sumqayıta qayıtdım. Evə çatanda hava qaralmışdı. Qapını Namiq açdı. O, məni görəndə özünü itirdi. Sonra Çimnaz gəldi. Gülə-gülə dedim ki, qonağı qapıda saxlayacaqsınız? Yalnız bundan sonra Namiqlə Çimnaz məni içəri dəvət etdilər. Özümü şən göstərməyə çalışırdım. Dedim ki, siz mənim əziyyətimi çox çəkmisiniz. İndi gəlmişəm ki, bir müddət də mən sizə qulluq edim. Nə isə, gözəl bir süfrə açdılar. Yorğun olduğum üçün bir tikə çörək yeyib yatdım. Səhər hamıdan əvvəl qalxıb, ev işlərinə girişdim. Onları şübhəyə salmamaq üçün bir həftə hər ikisinin qulluğunda dayandım. Bir həftə sonra Tbilisidən özümlə gətirdiyim zəhəri yeməklərinə qatıb, hər ikisini öldürdüm. Onların necə əzabla öldüyü indiyə kimi gözümün qabağından getmir. Mən qəddar adam deyiləm. Amma məni zarıya-zarıya qoyub, doğma bacımı yatağıma saldığı gün Namiqi öldürməyə qərar vermişdim. Çimnaz isə mənə bacılıq yox, günülük etməyə başlayanda öz əliylə qəbrini qazmışdı...”

 

Yarı sağ, yarı ölü

 

Elmira Cəfərova həyat yoldaşının və bacısının öldüyünə əmin olandan sonra milis idarəsinə gedərək, könüllü təslim olur: “İşi Niyazova soyadlı gənc bir müstəntiq aparırdı. İlk görüşümüz zamanı dedi ki, sənin yerinə mən də olsaydım, bu cür hərəkət edərdim. Sağ olsun, istintaq altında olduğum vaxt mənə çox hörmət etdi. Mənimlə müstəntiq yox, bacı kimi davranırdı. Hər dəfə ifadəmi almağa gələndə özü ilə yemək, bahalı konfet gətirirdi. Üç ay sonra istintaq başa çatdı və işi məhkəməyə göndərdilər. Məhkəmənin gedişində başa düşdüm ki, Niyazova mənə çox kömək edib. Hökm oxunanda qulağıma inanmadım. Məhkəmə könüllü təslim olduğumu, istintaq zamanı səmimi davrandığımı, öhdəmdə azyaşlı uşaq olduğunu, ilk məhkumluğumu və digər yüngülləşdirici amilləri nəzərə alıb, məni 9 il azadlıqdan məhrum etdi. Cəzamı Moskva yaxınlığındakı islah-əmək müəssisələrindən birində çəkdim. Həbsxanadan çıxanda oğlumun 11 yaşı vardı. Ona mənim öldüyümü dedikləri üçün bir daha Tbilisiyə qayıdıb, uşağın dünyasını alt-üst etmək istəmədim. 1987-ci ildən Bakıda yaşayıram.  1993-cü ildə xanımını qəzada itirmiş yaxşı bir adamla ailə həyatı qurmuşam. Öz uşağım olmasa da, ərimin birinci arvadından olan 3 övladını doğma balam kimi böyütmüşəm. İnanıram ki, uşaq vaxtlarından yetim qalan 3 qıza analıq etdiyim üçün Allah -Təala o biri dünyada günahımdan keçəcək...”

 

Seymur VAQİFOĞLU

# 4432
avatar

Oxşar yazılar